Gündəm
Sabiq nazirin qudasının bankında yoxlamalar başladı
19-10-2015, 17:56
Çingiz Əsədullayev şoka düşüb, “Azərqaz” Bankda şübhəli hesablar üzə çıxıb, deputatı yaxşı perspektiv gözləmir
90 saylı Ağdaş seçki dairəsindən deputat seçilmiş, hazırda yenidən seçkilərə qatılmış Çingiz Əsədullayev şok vəziyyətlə üzləşib. JAM.AZ-ın əldə etdiyi məlumata görə, Əsədullayevi şoka salan iki hadisə olub.
Həmin hadisələrdən biri sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun işdən çıxarılmasıdır. Belə ki, sabiq nazirlə quda olan Əsədullayev mandat almaq imkanlarının artıq xəyal olduğunu düşünməyə başlayıb.
JAM.AZ-a verilən məlumatda deyilir ki, Çingiz Əsədullayevi şoka salan ikinci hadisə isə Müşahidə Şurasının sədri olduğu “Azərqaz” Bankda qəfil yoxlamalara başlanılmasıdır. Mənbənin iddiasına görə, bu yoxlamalar Eldar Mahmudovun məsələsi ilə bilavasitə bağlıdır. Belə ki, bankda şübhəli hesabların olması barədə rəsmi qurumlarda məlumatlar olub. Güman edilir ki, həmin şübhəli hesablar sabiq nazirə və ya onun yaxınlarına məxsusdur. Və araşdırma qrupu da bunu dəqiqləşdirməyə çalışır.
Məlumatda o da iddia olunur ki, əgər araşdırmaçılar hər hansı bir neqativ hal aşkar edərsə, “Azərqaz” Bankın Müşahidə Şurasının sədri olan Çingiz Əsədullayevi heç də yaxşı perspektiv gözləməyəcək. Onun mandatını itirəcəyi ilə yanaşı, bankdan uzaqlaşdırılacağı, hətta istintaqa cəlb olunacağı qaçılmaza çevriləcək. Mümkündür ki, onu digər məsələlərdə də ittiham etsinlər.