“Bakı Metropoliteni” QSC-nin əməkdaşları Fransada ezamiyyətdə - FOTO
"Bakı
Metropoliteni" QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin
rəisi Nəsimi Paşayev Xeberman.com -a bildirib ki, səfərin məqsədi istifadəyə verilən Bənövşəyi xətdə tətbiq
olunan yeni nəsil sistem və avadanlıqların, müasir texnologiyaların təchizatı
ilə bağlı "Thales” şirkətinin rəhbərliyinin təklifləri və buna qədərki dövrdə
yaranmış sualların müzakirəsi olub.
Məlum
olduğu kimi, hələ 2014-cü ildə Fransa prezidenti Fransua Ollandın Bakıya rəsmi
səfəri zamanı Azərbaycan-Fransa biznes forumunun gedişində imzalanmış müqaviləyə
əsasən, "Thales” şirkəti yeni xətlərimizin idarəetmə sistemlərinin qurulmasında
fəal iştirak edərək, burada CBTC və SCADA şəbəkəsini qurmalı və həmin sistemlərin
tələblərinə uyğun yeniliklərə cavab verən yerli kadrların hazırlanmasında da
iştirak etməlidir.
Əməkdaşlığın
genişləndirilməsində yüksək səviyyəli qarşılıqlı səfərlərin və keçirilən görüşlərin
mühüm əhəmiyyəti var. Metropolitenin nümayəndə heyəti ilk olaraq Fransada
"Thales” şirkətində, daha sonra şirkətin Almaniyanın Arnştadt şəhərində yerləşən
zavodunda görüşlər keçiriblər.
Görüşlər əsnasında
hərəkətin təşkilində əsas rol oynayan dispetçer mərkəzi barədə fikir mübadiləsi,
yeni Bənövşəyi xəttin "Xocəsən” elektrik deposu, şərti adı "B-3” və "B-4” olan
stansiyalarda quraşdırılacaq sistemlərin layihəsi, yeni xətdə qatarların tam
dövrəsi və avtomatik idarə olunması, istismarda olan xətlərdə yeni radiorabitə
sisteminin quraşdırılması, hazırda yeganə depomuz "Nəriman Nərimanov” elektrik
deposunda işarəvermə və rabitə sistemlərinin yenilənməsi, yeni nəsil
işıqforların, yolayırıcı qurğuların quraşdırılması, bununla da deponun müasir tələblər
səviyyəsinə çatdırılması və digər bu kimi maraqlı məsələlər ətrafında geniş
müzakirələr aparılıb.
Mövcud xətlərlə
bağlı layihələr də var. Belə ki, mövcud stansiya tunellərində istismarda olan
işarəvermə və rabitə avadanlıqlarının müasirləri ilə əvəzlənməsi, yəni, yeni
sistemlərin tətbiqi ilə mövcud sistemlərin bununla uzlaşdırılması gündəliyin
mövzusu olub.
Qeyd edək
ki, belə bir təcrübə, hələ ki, Sovet məkanında istismarda olan metropoliten xətlərində
tətbiq olunmayıb. Əgər layihə gerçəkləşərsə, Bakı metropoliteni mövcud xətlərini
ən müasir texniki standartlar səviyyəsinə çatdıran ilk postsovet ölkəsi olacaq.
Səfər çərçivəsində
nümayəndə heyəti şirkətin Almaniyada yerləşən mövcud tələblərə cavab verən
zavodu və orada istehsal olunan avadanlıqların istifadə qaydaları ilə yaxından
tanış olublar.