Bakı metrosunda daha bir yenilik
Xeberman.com xəbər verir ki, bunu "Bakı
Metropoliteni" QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin
rəisiNəsimi Paşayevbildirib.
Onun sözlərinə görə, Metropolitendə qatarların zahiri görkəminin, simasının
yenilənməsi sərnişinlərin də diqqətindən yayınmır. "Bakı
Metropoliteni" QSC-nin rəhbərliyi əsaslı təmir və modernləşdirmə məqsədilə
metro qatarlarının ölkə xaricinə göndərilməsi təcrübəsinə son qoyaraq, onun
yerli şəraitdə təşkilinə nail olmaq üçün tədbirləri davam etdirir: "Bu
prosesin növbəti mərhələsinin məhsulu olan daha bir qatar artıq xəttə verilib.
Yanvar ayında xəttə çıxmış belə qatarlardan birinin oturacaqlarının üzərinə Bakı
Metropoliteninin loqotipi yerləşdirilmişdi. Lakin təmir olunaraq xəttə verilmiş
qatarlarda bu yeganə dəyişiklik deyil".
Şöbə rəisi qeyd edib ki, Metropolitendə
qatarların əsaslı təmirinə nail olmaq üçün mərhələli addımlar davam etdirilir:
"Vaqonların sərnişin salonunun tam yenilənməsi, eləcə də görünüşündə
dizayn yeniliklərinin tətbiqi genişləndirilir. Növbəti mərhələ maşinist
kabinəsinin ön hissəsi dəyişdirilərək texnoloji yeniliklərin tətbiqinə
başlanılmasıdır. Bu isəMoskva Elektrik Qatarlarının Təmiri Zavodunun
Tiflis filialında əsaslı təmir edilərək modernləşdirilən qatarların ən əsas
elementinin yerli şəraitdə tətbiqini reallığa çevirir.
Yeniliklərin tətbiqi zamanı diqqət fərqli, daha etibarlı texnoloji və dizayn həllinə yönəldilib. Kabinənin ön hissəsi kompozit materialdan hazırlanır. Bu material dəmir qədər möhkəm, lakin daha yüngüldür, həm də korroziyadan daha etibarlı mühafizə olunur. Onun digər üstünlüyü təhlükəsizlik tələblərinin daha da gücləndirilməsidir. Bundan savayı, vaqonun ön şüşəsi artıq müxtəlif hissələrdən ibarət deyil və bütöv tökmə üsulu ilə hazırlanıb. Onun yuxarı hissəsində yerləşən informasiya panelində təkcə elektron "Bakı metrosu" ifadəsi olmayacaq. Orada istənilən "qaçan" sətrə informasiyanı yerləşdirmək mümkündür. Xəttə verilən yeni qatarda daha bir element Bakı Metropoliteninin loqotipinin də burada yerləşdirilməsidir. Hazırda onun da tam elektronlaşdırılmış üsulla tətbiqi üzərində iş aparılır. O, sərnişinin diqqətini cəlb etməklə yanaşı, həm də burada yerləşdiriləcək informasiyanın çeşidini zənginləşdirməyə imkan verəcək".
N.Paşayev bildirib ki, ön hissənin işıqlanma sistemində də böyütmə effektli materialdan istifadə olunub. Bundan başqa, sərnişin salonunda istehsalçı müəssisə, vaqon-inventar və s. ilə bağlı lövhələr artıq "Bakı Metropoliteni" QSC-nin müvafiq sahəsinin bazasında hazırlanır: "Gələcəkdə innovativ yeniliklərin genişləndirilməsi, o cümlədən maşinist pultunun tam müasirləşdirilməsi planlaşdırılır. Bu yeniləşmə "Nərimanov" elektrik deposunun bazasında istismara veriləcək qatarların əsaslı təmiri sahəsində yerinə yetiriləcək. Onun inşası da sürətlə aparılır. Tikinti işləri ilə yanaşı, sahənin material-texniki təchizatı ilə bağlı məsələlər də planlı şəkildə həllini tapır. Əsaslı təmir sahəsinin inşası və təchizatı başa çatdığı vaxtdan tam gücü ilə istismara veriləcək. Qeyd etdiyimiz yeniliklərin indidən tətbiqi kadr hazırlığının da uğurla aparıldığını əyani nümayiş etdirir".