Gündəm

Pul ver, əlil ol – Azərbaycanda növbəti biabırçılıq

2-07-2016, 22:44
Pul ver, əlil ol – Azərbaycanda növbəti biabırçılıq

Azərbaycan ictimaiyyətində mövcud olan haqsızlıqlar, rüşvətxorluq, dövlət və özəl şirkətlərdə yer alan pul yeyintiləri, işçilərin hüquqlarının pozulması haqda artıq hər kəs bilir.

AzToday.az-a daxil olan son məlumatda isə belə haqsızlığın lap iyrənc forması üzə çıxıb. Söhbət Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeçiliyində olan tibbi sosial ekspert komissiyalarında (TSEK) baş verən iyrəncliklərdən gedir.

Özü də maraqlıdır ki, belə bir qanunsuzluğu adı çəkilən qurumun adi işçisi deyil, Tərtər və Bərdə rayonları üzrə 21 saylı Tibbi-Sosial Ekspert Komissiyasının (TSEK) sədri Rəfail Quliyev pozub.

Portala göndərilən şikayət məktubunda deyilir ki, Rəfail Quliyevin rəhbəri olduğu komissiyada asanlıqla əlillik dərəcəsi almaq mümkündür: "Belə ki, 1-ci, 2-ci və 3-cü qrup əlillik dərəcəsinin əldə olunması üçün sədrlə birbaşa ünsiyyətdə olmaq lazımdır. O, nəyi necə etməyi vətəndaşlara başa salır və nəticədə saxta əlillik dərəcəsi almaq istəyənlərin tələbləri bir sıra yollara baş vurmaqla həll olunur. Yəni daha dəqiq desək, 1-ci qrup əlil dərəcəsi almaq üçün 2500 manat verilir. Əsil əlillər isə 1-ci qrup əlillik dərəcəsi əldə etmək üçün sədrə 2500 dəfə «minnətçi» düşməlidirlər. İşini qeyri-şəffaf quran TSEK sədri məhz beıə qanunsuz yollarla külli miqdarda gəlir əldə edir”.

Mənbənin sözlərinə görə, bu haqda Tərtər və Bərdə rayonlarında hər kəs yaxşı bilir.

Rəfail Quliyev, ekspertizadan keçən, xəstəliyi məlum olan və xəstəliyə görə pensiya müəyyənləşən insanları incidir.

O, bu hərəkətlərilə rəhbərlik etdiyi qurumda bazar açıb.

Əldə edilən məlumatda deyilir ki, onun Bərdə rayonunda bir neçə mağazası, qoyunçuluq ferması, eləcə də Bakıda dəbdəbəli villası var.

Bundan başqa Bərdənin çıxışında bu yaxınlarda tikintisinə başlanılan restoranın da TSEK sədrinə məxsus olduğu bildirilir.

Görəsən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, xüsusən də nazir Səlim Müslümovun bundan xəbər varmı?

Varsa, niyə ölçü götürmür? Yoxdursa, belə çıxır ki, Səlim Müslümov bu nazirliyi idarə edə bilmir.

Mənbə iddia edir ki, 21 saylı Tibbi-Sosial Ekspert Komissiyasında yığılan pulların bir qismi yuxarı nazirliyə göndərilir.

Belə olmasaydı, Rəfail Quliyev heç kəsdən qorxmadan rayonda ağalıq etməzdi və  əsil əlillə yalançı əlili ayırd edərdi.

Administratorla əlaqə

077 611-55-22

[email protected]