Ölkə

33 saylı TSEK də özbaşnalıq

18-03-2016, 02:27
Artıq dəfələrlə qeyd olunduğu kimi bölgələrdə fəaliyyət göstərən bir çox Tibbi-Sosial Ekspert Komissiyalarının yarıtmaz fəaliyyəti bu qurumların xidmətlərindən istifadə edən əlil və xəstə vətəndaşların çoxsaylı narazılıqları ilə müşayiət olunmaqdadır. Bu mövzuda vətəndaşların aidiyyatı olan qurumlara ünvanladıqları çoxsaylı şikayət ərizələrində TSEK rəhbərlərinin törətdikləri müxtəlif özbaşınalıqlara və ciddi qanun pozuntularına, yol verilən çeşidli korrupsiya hallarına dair ətraflı məlumatlar təqdim olunur. Redaksiyamıza daxil olan şikayət məktublarında, fəaliyyətində daha çox neqativ halların müşahidə olunduğu bu tip müəssisələrdən biri kimi də məhz 33 saylı Sabirabad, Hacıqabul, Şirvan şəhər Regional Tibbi Sosial Ekspertiza Komissiyasının adı çəkilr. Buna baxmayaraq nə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, nə də digər aidiyyalı qurumlar tərəfindən bu saxtakarlıqlar ustasının əməllərinə son qoyulması istiqamətində hələ də heç bir tədbir görülməmişdir. Hətta Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov ötən ilin noyabr ayının 29-da TSEK sədrlərinin iştirakı ilə keçirdiyi iclasın gedişində bir çox komissiya sədrlərinin işdən azad olunması da 33 saylı TSEK-in sədri Rasim Gözəlov üçün tamamilə təsirsiz ötüşdü. Bu xüsusda aldığımız məlumatlarda da vurğulanır ki, həmin iclasda Rasim Gözəlovun nə zaldan qovulanlar, nə də heç olmasa vəzifəsindən çıxarılaraq daha aşağı vəzifələrə təyin olunanlar arasında yer almaması ən azından Sabirabad və Hacıqabul rayon sakinləri tərəfindən anlaşılmazlıqla qarşılanmışdır. Məhz bu səbəbdən də Sabirabad səhiyyəsinin ağır durumu ilə bağlı rayon ictimaiyyəti tərəfindən redaksiyamıza ünvanlanan şikayət məktublarının sayı getdikcə artır. Mövzuya dair ötən yazılarımızda da biz artıq qeyd etmişdik ki, bu gün Sabirabad rayon xəstəxanasına faktiki rəhbərlik də bilavasitə Rasim Gözəlov tərəfindən həyata keçirilir. Mənbələr iddia edirlər ki, hətta aşkar əlilliyi olan, məsələn, bir qolunu itirmiş vətəndaşlar belə bu vəziyyətin sənədləşdirilməsi üçün 200-300 manat rüşvət verməli olurlar. Artıq ətraf rayonlarda hamı bilir ki, əlillik dərəcəsi və pensiya almaq üçün hökmən rüşvət verməlisən. Belə ki, I qrup əlillik dərəcəsi almaq üçün minimum 1000 manat, II qrup üçün 600-700 manat, III qrup üçün isə 400 manat rüşvət tələb olunur. Pulu olmayan şəxslər isə fiziki qüsurlu olmalarına rəğmən bu dərəcələri ala bilmirlər. Bütün bunları nəzərə alaraq ehtimal edilirdi ki, yeni nazirin bu sahədə həyata keçirəcəyi islahatlar, strukturun məhz Rasim Gözəlov kimi kadrlardan "təmizlənməsi” prosesi ilə başlaya bilər. Lakin göründüyü kimi 33 saylı TSEK-in sədri özünü bütün gözlənilməz "həmlələrdən” uğurla müdafiə etməyə nail ola bilmişdir. Əbəs yerə deyil ki, Rasim Gözəlov ondan şikayət edəcəklərini deyən sakinlərə hər dəfə belə bir "tövsiyyə” ilə cavab verir: "Nazirlər gəldi-gedərdi, mən isə hələ uzun illər bu vəzifədə oturacağam. Odur ki, yüz yerə yazmaqdansa, tək bir mənimlə dil tapsanız, hamımız üçün daha yaxşı olar... ” Bununla belə mənbələr TSEK sədrinin konkret olaraq güvəndiyi nüfuzlu himayədarın kimliyinə dair hər hansı bir açıqlama verməkdə çətinlik çəkirlər. Məlum olan yalnız budur ki, hətta 29 noyabr tarixində keçirilmiş müşavirədə iştirak etmək üçün Bakıya yola düşərkən, Rasim Gözəlov öz yaxınlarına narahatlıq üçün heç bir əsas olmadığını da bildirmişdi... 
 

Administratorla əlaqə

077 611-55-22

[email protected]