Ölkə

Nardarana bir həftədir ki, su verilmir - Təfərrüatlar

28-03-2016, 17:16

«Nardarandakı Abşeron küçəsinin təmiri tam başa çatıb. Bu yol Nardaranı Bilgəhə birləşdirir. Amma bu yol üstündə evi, obyekti, hasarı, istixanaları sökülən insanlara kompensasiya verilməyib».

Bunu «Azadlıq Radiosu»na Nardaran ağsaqqallarından Hacıağa Nuri bildirib: «Həmin yol üstündə 95 ev, obyekt, hasar, istixana sökülüb. Bu 95 obyektdən ən çoxu 25-30 şəxsə kompensasiya verilib. Hökumət bu məsələ ilə bağlı pul da ayırıb. Amma indiyə kimi bu pulların verilməməsi təəccüb doğurur?»deyə o qeyd edib. H.Nurinin deməsinə görə, suyun olmaması kəndin ən böyük problemidir:«Ən böyük problem susuzluqdur, bir həftədən çoxdur ki, kəndə su verilmir. Hətta, təmir getməyən küçələrin sakinlərinin də evlərinə su gəlmir. Bu gün, yenə kənd sakinləri icra nümayəndəliyinin önünə yığılaraq problemin həll olunmasını istəyirlər». O, keçən il noyabrın 26-da Nardaranda baş verən hadisələrlə bağı həbs edilən insanların da taleyinə toxunub:«Bizə dedilər ki, əfv sərəncamı Nardaran hadisələrində həbsə alınanlardan 34 nəfərinə şamil ediləcək. Amma nədənsə, bizə deyilən söz təsdiqini tapmadı». H. Nuri deyir ki, aprel ayının ortalarından etibarən Nardaran hadisələri ilə bağlı həbs edilənlərin məhkəmə proseslərinin başlanması gözlənilir. Kompensasiyaların tam ödənilməməsinə geldikdə isə, bununla bağlı qəsəbə sakinlərinin əvvəllər də şikayəti olmuşdu. Ancaq «Azeryolservis» ASC yolun genişlənməsi ilə bağlı sökülən obyektlərə kompensasiyaların tədricən verildiyini bildirirdi. 2015-ci il noyabrın 26-da Nardaranda xüsusi əməliyyat keçirilib. Həmin əməliyyat zamanı 2-si polis, 5-i mülki şəxs olmaqla 7 nəfər həlak olub. Həmin gün, «Müsəlman Birliyi» Hərəkatının sədri Taleh Bağırzadə və daha 14 nəfər həbs edilib. Sonrakı günlərdə də həbslər davam edib. Baş prokurorluğun açıqlamasına görə, «Müsəlman Birliyi» Hərəkatı ilə bağlı ümumilikdə 68 nəfər həbs edilib. Bu hərəkat dövlət qeydiyyatından keçməyib. 2015-ci ilin dekabrında isə prezident İlham Əliyev Nardaranda yol tikintisinə və başqa abadlıq işlərinə 12 milyon vəsait ayrılması ilə bağlı sərəncam verib. Daha sonra, prezident qəsəbədə görülən işlərin tamamlanması üçün əlavə olaraq 19 milyon manat vəsait ayırıb. «Azərsu» ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı Azadlıq Radiosuna bildirib ki, Nardaranda əhaliyə su verilməməsi haqda deyilənlərin əsası yoxdur:«Hazırda 1829 abonentə su verilir. Yalnız «Nardaran» şadlıq evinin arxasındakı kiçik bir məhəlləyə su verilmir ki, o da köhnə xəttin yenilənməsi və yeni qovşağa birləşdirilməsi ilə bağlıdır»- deyə A. Cəbrayıllı qeyd edib.

Nardarana bir həftədir ki, su verilmir - Təfərrüatlar
Nardarana bir həftədir ki, su verilmir - Təfərrüatlar

 

 


Administratorla əlaqə

077 611-55-22

[email protected]