Əsas Səhifə / Gündəm

Göygöldə qumarxanalar tüğyan edir - ÖZƏL

23-01-2016, 08:26
Bütün çayxanalarda loto oyunu gedir, obyekt sahibləri isə hər şeyi icra başçısına bağlayır 

Göygöl rayonunda hələ xeyli əvvəldən qanunla qadağan olunmuş qumar oyunları keçirilir. Hətta bir neçə il əvvəl bu məsələ ilə bağlı qalmaqal yaşanmış və cinayət hadisəsi törədilmişdi. Məlum olmuşdu ki, loto oyununda uduzan şəxslərlə bir neçə nəfər arasında dava düşüb və biri digərinə xəsarət yetirib. 
Həmin vaxtdan sonra çoxları elə zənn edirdi ki, bu hadisədən sonra rayonda lotoxanaların hamısı yığışdırılacaq. Lakin olayın ardından məlum olub ki, nəinki belə yerlərin sayı azalıb, əksinə daha da artmağa başlayıb. 

Demokratiya.info-ya verilən məlumatlara görə, Göygöl rayonunda hazırda əksər çayxana və restoranlarda qumar oyunları keçirilir. Həmin qumarxanalar isə heç bir maneə olmadan fəaliyyət göstərir. Əraziyə baxan polis işçiləri də belə obyektlərə yaxınlaşmırlar. Səbəbini də belə izah edirlər ki, onlara həmin obyektlərə müdaxilə etməklə bğağlı tapşırıq verilməyib. 

Lakin obyekt sahibləri məsələdə haqlıdırlar. Çünki onlara kimsə söz deyə bilməz. Məlumatlara görə, qumarxanalar təşkil olunan restoran və iaşə obyektlərinin əksəriyyəti Göygöl rayonunun icra başçısı Arif Seyidova məxsusdur. Bildirilir ki, Seyidovun yaxınları tərəfindən işlədilən həmin obyektlərdə təkcə yeyib-içmirlər, həm də qanunla qadağan olunmuş oyunlar da oynanılır. Belə olan təqdirdə, təbii ki, kimsə həmin obyektlərə yaxınlaşıb, bir söz deyə bilməz. Elə sahibkarlar da vurğulayırlar ki, Arif Seyidovun adı olan yerdə kimsə cəsarət edib onlara söz deyə bilməz. 

Rayon camaatı isə günün günorta çağı qumarxanaların fəaliyyət göstərməsindən ciddi şəkildə narazıdırlar. Onların sözlərinə görə, Arif Seyidovun nəzarəti altında fəaliyyət göstərən lotoxanaların bağlanılması sual altındadır və mümkün belə deyil. Şikayətlərinə isə baxan yoxdur. 

Onları narahat edən məqamlardan biri də odur ki, belə qumarxanalarda uduzanların əksəriyyəti sonradan pul üçün cinayət törədə bilərlər. Onlar hesab edirlər ki, uduzduqları pulları geri qaytarmaq üçün maliyyə tapmaq üçün xüsusən gənclərin şərə əl atması mümkündür. Bu həm də gənclərin tərbiyyəsini pozmağa xidmət edən amildir. 

Digər narahatedici məqam isə odur ki, Arif Seyidovun obyektlərində qumar oynayanlar arasında azyaşlılar da olur. Lakin onlara kimsə qadağa qoymur. Qanunla qadağan edilmiş belə fəaliyyət növləri ilə məşğul olan icra başçısının nəyə və kimə güvəndiyi isə məlum deyil. Hər halda Arif Seyidov yaxşı bilir ki, bu qadağanı elə onu vəzifəyə təyin edən Cənab Prezident tətbiq edib. İcra başçısı olaraq belə halların qarşısını almaq əvəzinə, qumarxanalara himayədarlıq etmək isə dövlət başçısına qarşı çıxmaqdan başqa bir şey deyil. 
Qarşı tərəfin mövqeyini yayımlamağa hazırıq...

Administratorla əlaqə

077 611-55-22

[email protected]