Media
”Azadlıq” qəzetinin iki əməkdaşı istintaqa çağırıldı
7-09-2016, 01:11
"Azadlıq” qəzetinin əməkdaşı Vidadi Məmmədov Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə çağırılıb.
Azadliq.info-nun məlumatına görə, bu haqda jurnalist özü məlumat verib. O deyib ki, müstəntiq zəng edərək 7 sentyabr saat 11-də idarədə olmasını istəyib. O, hansı iş üzrə istintaqa çağırıldığını bilmir. Amma güman edir ki, istintaqa dəvəti qəzetin yayım direktoru Faiq Əmirlinin həbsi ilə bağlı ola bilər: "Faiq Əmirlinin həbsindən sonra gözlənilirdi ki, bu iş "Azadlıq” qəzetinin üzərinə yönələ bilər. Gözlənilən kimi oldu. Artıq "Azadlıq” qəzetinin əməkdaşların bir-bir istintaqa çağırırlar”.
"Azadlıq” qəzetinin digər əməkdaşı Xəyal Babayev 6 sentyabrda həmin İdarəyə çağırılıb. O iltizama qol çəkdiyindən hansı səbəblə istintaqa dəvət edildiyini deməyib.
Xatırladaq ki, "Azadlıq” qəzetinin yayım direktoru F.Əmirliyə Cinayət Məcəlləsinin 283-2-ci (milli, irqi, dini düşmənçilik salma) və 168.1-ci maddəsi ilə (dini məzhəbləri yaymaq və dini ayinlərin icrası adı altında ictimai asayişi pozmaq, yaxud vətəndaşların sağlamlığına zərər vurmaq) ittiham irəli sürülüb. 22 avqustda Nəsimi Rayon Məhkəməsi Faiq Əmirli barəsində 3 aylıq həbs-qətimkan tədbiri seçib.
Onu da qeyd edək ki, "Azadlıq”ın Azərbaycan Nəşriyyatına maliyyə borcu olduğuna görə qəzetin nəşri 5 sentyabrdan dayandırılıb.