Ölkə

18 saylı notarial kontorda təsdiqlənən saxta imzalar

9-07-2016, 22:51
Xüsusi notarius Cavanşir Məlikovun rəhbərlik etdiyi bu idarədə yaxın qoumların əvəzində qoyulan imzaların təsdiqi heç bir problem doğurmur Qəzetimizin ötən saylarında istər Bakıda, istərsə də rayon və bölgələrimizdə yerləşən bəzi notariat kontorlarının fəaliyyətində müşahidə olunan ciddi qanun pozuntularına dair tənqidi materiallar dərc olunmuşdu. Redaksiyamıza notariusların yol verdikləri bu və ya digər qanun pozuntuları nəticəsində zərər çəkmiş vətəndaşlar tərəfindən təqdim olunan məlumatlar əsasında hazırlanmış həmin yazılarda, bu yüksək səlahiyyətlərlə imtiyazlandırılmış məmurların müxtəlif özbaşınalıqlarından bəhs edən açıqlamalar öz əksini tapmışdı. Bu günlərdə bizimdovr.az-a daxil olmuş yeni məlumatlarda isə, Bakı şəhəri, Xətai rayonu, Sarayev küçəsi 11 ünvanında yerləşən 18 saylı notariat kontorun rəhbəri, xüsusi notarius Məlikov Cavanşir Balaəhməd oğlunun fəaliyyətində müşahidə olunan neqativ hallardan, çeşidli qanun pozuntularından bəhs edilir. Mənbələrin təqdim etdikləri açıqlamalarda göstərilir ki, Cavanşir Məlikovun rəhbərlik etdiyi kontorda yaxın qoumların, dostların əvəzində qoyulan imzaların təsdiqi heç bir problem doğurmur. Xüsusi notarius Cavanşir Məlikov özü isə, hətta bir neçə il bundan əvvəl dünyasını dəyişmiş vətəndaşların imzalarını belə təsdiq etməkdən qətiyyən çəkinmir. Xatırlayırsınızsa, hələ bir neçə müddət bundan əvvəl, mövzuya dair dərc etdiyimiz yazılarda bir qrup şəxs tərəfindən həyata keçirilən "avtomobil maxinasiyaları” nəticəsində vətəndaşlara məxsus nəqliyyat vasitələrinin mənimsənilərək satılması hallarına dair konkret faktlar təqdim edilmişdi. Yeni aldığımız məlumatlara görə, bu gün 18 saylı notariat kontorun fəaliyyətində də bu kimi hallara tez-tez rast gəlmək olar. Mövzuya dair dərc etdiyimiz yazılarda biz hər dəfə belə bir faktı qeyd xüsusilə etmişik ki, bu gün ölkənin məhkəmə salonlarında araşdırılan mülki işlərin böyük əksəriyyəti vətəndaşların mülkiyyətində olan əmlak predmetlərinin saxta sənədlər əsasında digərləri tərəfindən mənimsənilməsi halları ilə bağlı olur. Baxılan mülki işlər arasında daha çox mənzil-mülk və avtomobillərin qanunsuz ələ keçirilməsi və satışı ilə bağlı iddialar diqqəti cəlb edir. Bu məsələlərdə notariat kontorlarının da dələduzlarla əlbir olma halları az deyil. Belə ki, biz məhkəmə proseslərində tez-tez məhz səlahiyyətli şəxslər tərəfindən, daha dəqiq desək dövlət notariusları tərəfindən "düzgünlüyü təsdiq olunmuş” müxtəlif sənədlərin mahiyyət etibarı ilə saxta olmasının müəyyənləşdirildiyinin şahidi oluruq. Elə bu səbəbdən də son vaxtlar Azərbaycanda bəzi notarial kontorların fəaliyyətlərini müşayiət edən çeşidli qanun pozuntularına dair tənqidi materiallar ölkə mətbuatının səhifələrində geniş yer almaqdadır. Lakin Ədliyyə Nazirliyinin bu kimi hallara qarşı aşkar nümayiş etdirdiyi liberallığın nəticəsi olaraq bir çox şəxsi mülkiyyətin fırıldaq yolu ilə ələ keçirilməsində bəzi notariat kontorlarının rəhbərləri bu gün də aktiv iştirak edirlər. O cümlədən, bizimdovr.az-a təqdim olunan məlumatlarda da iddia olunur ki, 18 saylı notariat kontorun fəaliyyəti də bu kimi qanun pozuntularının çoxluğu ilə diqqəti cəlb edir. Redaksiyamıza təqdim olunan çoxsaylı faktlar ətrafında əməkdaşlarımız tərəfindən araşdırma aparıldığından, hələlik xüsusi notarius Cavanşir Məlikovun yol verdiyi iddia olunan qanun pozuntularına dair məlumatların əksəriyyətinin dərc olunmasını məqsədəuyğun hesab etmirik. Lakin qeyd etməyə bilmərik ki, istənilən halda notarius xidmətləri ilə bağlı ciddi nöqsanların mövcudluğuna və bu xüsusda vətəndaşların müxtəlif instansiyalara çoxsaylı müraciətlərinə baxmayaraq, hələ də nə Ədliyyə Nazirliyi, nə də müvafiq hüquq-mühafizə orqanları gözlənilən reaksiyanı nümayiş etdirmirlər. Qarşı tərəfin də mövqeyini işıqlandıra bilərik.

Administratorla əlaqə

077 611-55-22

[email protected]