Əsas Səhifə / Yazarlar

Dünyanın siyasi xəritəsi və yaxud Allahın sonuncu dini

27-02-2014, 10:47

Bizim vətənimiz Azərbaycandır və biz də azərbaycanlıyıq.Əhalisinin çox hissəsini şiələr təşkil etdiyi üçün ,Azərbaycanı şiə ölkəsi kimi də təqdim etmək olar.Amma son illərdə müxtəlif radikal dini cərəyanların vətənimizə ayaq açdığını hamımız görürük və artıq fəsadları da göz qabağındadır. Çox təəssüflər olsun ki, bəzi dindarlar üçün Azərbaycanı ən ucuz qiymətə digər ölkələrə satmaq, qulluq etdikləri ölkənin kəşfiyyat orqanlarının bircə təlimatı ilə Azərbaycanda müxtəlif vasitələrilə sabitliyi pozmaq, ara qarışdırmaq, hətta partlayışlar törədib vətənimizi müharibə meydanına çevirmək arzu etdikləri bir xülyadır və bunun həyata keçməsi üçün əllərindən gələni əsirgəməzlər.Hal-hazırda dünyada gedən prosesləri də izləyəndə görürük ki,Allah adına edilənlərdən daha çoxdur.Nə üçün bu cinayətlər din adına ,Allah adına edilir ?

Böyük güclərin mənfur planlarını həyata keçirmək , dünyanın siyasi xəritəsində dəyişikliklər etmək üçün hal-hazırda ən əlverişli yol , dindir. Çünki hər ölkədə başıboş, axmaq, eyforyaya qapılan , pula həris olan , bir sözlə cürbəcür yollarla aldadıla bilinəsi adamlar var.Bu insanlardan istifadə etməyin ən gözəl yolu da məhz elə din, məzhəb, təriqət üstündə qurulan siyasi maraqlardır. Azərbaycan da bu oyunlara istəməsək də artıq alət olmuşdur .Bir sıra radikallar əmr aldıqları Səudiyyə Ərəbistanının , başqa biriləri Türkiyənin , bir qrup İraqın , digər bir qrup isə İranın xüsusi xidmət orqanlarının təlimatları ilə Azərbaycanı həmən dövlətlərin müstəmləkəsinə çevirmək üçün əllərindən gələni edirlər, özü də İslam adına , din adına... Umumi sözlərlə keçinib üstüörtülü , “xalaxətrin qalmasın deyə” fikir bildirməyəcəm. Artıq açıq danışmağın vaxtıdır məncə...

Vəhhabi -sələfilər radikallıqla , qan tökməklə, terrorla ağalarının , əmr aldıqları ölkələrin siyasətini yeritmək istəyən , din adı altında yaradılan bir qrup oyunçulardır.Onların əsl amacları heç də həqiqi İslam dini , müqəddəs bir amal uğrunda vuruşmaq , İslamı ucaltmaq, gücləndirmək deyildir.Əksinə hər vəchlə ,hər addımda , bütün əməlləri ilə İslam dinini gözdən salıb ağalarının , sahiblərinin marağına qulluq etməkdir.Diğər bir qrup isə özlərinə “Nurçular “ adı qoyub “Amerika islamı” yaratmaq istəyən , sözdə mədəni , xoşgörünüşlü bir Islam anlayışı ilə İslamı xristianlaşdırmağa yönləndirilmiş azərbaycanlılardır.Onlar da Azərbaycanda din adı altında qulluq etdikləri ölkələrin siyasətini yeridən , bilərəkdən və yaxud bilməyərəkdən böyük güclərin maraqlarına xidmət edənlərdir.

Ən çox məharətlə , ustalıqla istifadə olunan , konkret olaraq fədailərə çevrilib istənilən an ağalarının siyasətinə uyğun hərəkət etməyə hazır olanlar isə “İrançılar”dır. Çox təəsüf ki, bizim gənclərimizin Əhli-beytə (ə) olan sevgisindən istifadə edərək, onları öz maraqlarına uyğun robotlaşdırırlar.Bunların bəziləri İranın xüsusi xidmət orqanlarının(ETTELAAT-ın) əməkdaşı , əksəriyyət “İrançılar” isə o dövlətə havayı qulluq edənlərdir. “Vəlayəti-Fəqih nəzəriyyəsini” əldə bayraq edərək, İranın Ali Dini lideri Ayətullah Seyyid Əli Xameneyini özlərinə rəhbər seçərək , İran dövlətinin , siyasətinin təbliğatı ilə , insanları saf şiəlikdən çox “ İrançılığa” sövq edirlər.Söhbət bu nəzəriyyənin doğru və ya səhv olduğundan getmir .Konkret olaraq şəxsiyyətpərəstlik , alimpərəstlik və müctəhidpərəstlik baş alıb gedir. Az qala bəzi din alimlərini Məsum İmamların (ə) dərəcəsinə çatdırıb, onları canlı bütə çeviriblər.Düzdür, İranda dəyərli din alimləri var .Amma bu o demək deyil ki, şiəlik adına “İrançılığı” təbliğ etmək lazımdır. Və yaxud İraqın Nəcəf şəhərində şiə alimləri var deyə , orada yüksək səviyyəli dini mədrəsələr var deyə , İraq dövlətini şiəlliyin simvolu kimi reklam etməliyikmi ???

Bir çox ruhanilər var ki, gördükləri, anladıqları həqiqətləri deməkdən , insanları xətərdən çəkindirməkdən qorxurlar .Çünki, ağızlarını açan kimi adlarina min cür sözlər qoşurlar , ləkələyirlər.Gah sionost yəhudilərə qulluqda , gah da hansısa dövlət orqanlarına işləməkdə günahlandırırlar . Ona görə də bu sözlər deyilmir , danışılmır.Amma bu fikirləri içimizdə dəfn etmək ,həm dinimizə , həm vətənimizə ağır zərbələr vurur.Artıq ayılmalıyıq.Vəlayətçilər və ziddi vəlayətçilər ayirimi ile müxtəlif ölkələrin “agentlərinə” çevrilməməliyik. Birdəfəlik beynimizə həkk etməliyik ki,bütün ölkələr dünyanın siyasi xəritəsində yer alır.Sərhədləri var . Deməli,her bir bəyəndiyimiz və ya bəyənmədiyimiz ölkənin, dövlətin öz dövlətçilik qanunları , idaretmə üsulları, xüsusi xidmət orqanları,büdcəsi, qoşunu və öz siyasi maraqları vardır. Bura Səudiyyə Ərəbistanı da , Türkiyə də , Qətər , İordaniya, İraq və İran da daxildir.Sadəcə, gəlin bir şeyi dərindən düşünək.Din və şəriət başqa mövqedən çıxış edir, dünya siyasəti isə tam ayrı tərəfdə durur.

Görəsən din insanlara vətənini düşmənlərə satmağı əmr edirmi ? Görəsən Uca Allah insanlara əmr edirmi ki, əgər dövlətinizi bəyənmirsinizsə vətəninizin,millətinizi qonşu dövlətlərə satın , dəyişin ? Müqəddəs kitabımız olan Quranın harasında yazılıb ki, torpağını , vətənini qoyub başqa dövlətlərin siyasətinə qulluq edib , onlar üçün vuruşasan ?

Bu sualları sizin öhdənizə buraxıram, ey haqq sevərlər,ey həmvətənlərim !!! Hamımızin qəbul etdiyimiz bir hədisi nəzərinizə çatdırmaq istəyirəm . Əziz Peyğəmbərimiz (s) buyurmuşdur : ”VƏTƏNİ SEVMƏK İMANDANDIR”

İrançı olduq,İraqçı olduq ,Səudiyyəçi ,Türkiyyəçi olduq ...nə bilim, Rusçu, Amerikaçı olduq ...



Bəlkə bir az da AZƏRBAYCANÇI olaq ? Nə deyirsiniz...?


Əfsər Hüseynli

Administratorla əlaqə

077 611-55-22

[email protected]