Siyasət

Azərbaycanı tərk edənlərin sayı niyə artır?

31-08-2016, 13:29

Əsas səbəblərdən biri işsizlikdir

 

Son illər Azərbaycandan xarici ölkələrə mühacirətə gedənlərin sayı yenə artıb.

Vətəndaşlarımız normal həyatı Almaniya, İsveçrə, İsveç, Kanada, Fransa və bu kimi dövlətlərdə axtarırlar. Mühacir həyatı seçənlərin içərisində siyasi mənsubiyyəti olanlar çoxluq təşkil edirlər. Şübhəsiz ki, bu tipli şəxslərin ölkədən getmələrində siyasi partiyalar da əsas rol oynayırlar. 

Belə ki, xarici ölkələrdə oturum almağın əsas yollarından biri öz ölkəndə müxalif partiyaların üzvü olmağın, aksiyalarda həbs edilməyin, repressiyalara məruz qalmağındır. Bütün bunları təsdiq edən sənədlər isə siyasi qurumlar tərəfindən verilir. Belə hallardan sui-istifadə edənlər də var. Doğrudur, Azərbaycanda siyasi dünyagörüşünə görə təzyiq və repressiyalara məruz qaldıqları üçün xarici ölkələrə sığınan vətəndaşlarımız da az deyil. Amma nəzərə alaq, bu addan istifadə edib, müəyyən məbləğdə siyasi qurumların 3-5 günlük üzv etdikləri, sonradan isə həmin üzvlərə təzyiqlərə məruz qalmaları, həbs edilmələri barədə arayış, hətta saxta partiya bileti vermə halları da az deyil. Bir növ siyasi partiyalar hazırkı durumdan bu şəkildə faydalanmaq yolunu seçiblər. 

İşsizlik ucbatından ölkəni  tərk edənlər də az deyil. Yəni belə halların artmasının bir sıra obyektiv və subyektiv səbəbləri var.

Image result for Əhməd Qəşəmoğlu

Sosioloq Əhməd Qəşəmoğlu bildirdi ki, vətəndaşlarımızın xarici ölkələrə üz tutmalarında bir faktor rol oynamır: "Əhalidə başqa ölkələr haqqında informasiyalar yaranıb. Ölkədə bütün insanlara eyni şərait qurmaq mümkün deyil. Vətəndaşlar görürlər ki, ölkədə öz potensiallarından istifadə etmək üçün şərait yoxdur. Bu şəraiti axtarmaq üçün ölkəni tərk edirlər. Bu gün dünya 20-30 il əvvəlki deyil. O zaman başqa ölkələrdə vəziyyət daha yaxşı idi, insanlar da buna görə o ölkələrə gedirdilər. İndi Azərbaycandan gedənlərin üz tutduqları  ölkələrdə də vəziyyət gərginləşib. Amma biz az gedəcək, yaxud çox gedəcək, bunlar ətrafında düşünməməliyik. Deməliyik ki, Azərbaycanda elə bir münasibət şərait yaransın ki, insanlarımız buranı tərk etməsinlər. Aqrar sektor burada ciddi rol oynayır. Amma biz görürük ki, Azərbaycanda səmərəli istifadə edilməyən çoxsaylı torpaq sahələri var. Torpaqları çəpərləyirlər, nəzarətə götürürlər. Ölkə başçısının bu barədə fikirləri oldu. Ailələrə bölünən pay torpaqlarından da düzgün istifadə olunmur. Bazar, torpaq resursu və işçi qüvvəsi bir-birindən faydalanmalıdır. Belə olduqda kasıb təbəqə ölkəni tərk etməz. Təhsil sisteminə də diqqət ayrılmalıdır. 600-dən yuxarı bal yığan tələbələr ali məktəbi bitirdikdən sonra iş tapa bilmirlər. Nəticədə xarici ölkələrə iş tapmaq üçün gedirlər, sonra isə qayıtmırlar”.

Sosioloq mühacirətə gedənlərə arayış verən siyasi partiyalara da toxundu: "Belə hallar çoxdur. Elə etmək lazımdır ki, vətəndaş belə hallara getməsin. Amma onlara arayış vermək kimi halların qarşısı alınsa, inanın ki, vətəndaş yenə ölkəni tərk etməyin bir yolunu tapacaq. Elə bir dövrə çatmışıq ki, insanları qadağa ilə nəyəsə məcbur etmək mümkün deyil. Ölkədə münbit şərait yaratmaq lazımdır ki, nəinki ölkəni tərk edənlər, gedib siyasi sığınacaq alanlar belə burada öz potensiallarını görsünlər və geri qayıtsınlar. Qadağalarla problem düzələn deyil”.

Cavanşir ABBASLI

Administratorla əlaqə

077 611-55-22

[email protected]