İslam

İlahiyyatçı yazar – Mahir Şəkərov- Qurani-Kərimin tərcümə tarixinə qısa bir baxış.

14-02-2016, 23:41

Qurani Kərim, hörmətli-kərim (Vaqiə 79), heç bir şəkk- şübhə olmayan və təqva əhli üçün hidayət olan (Bəqərə 2), Allah tərəfindən nazil edilən (Vaqiə 81), və bütün növ təhriflərə məruz qalmayacağına, Allah tərəfindən zəmanət verilən (Hicr 9), uca yaradanın and içdiyi (Yasin 2), bir kitabdır. Qurani-Kərim ərəbcə nazil olan bir kitabdır (Taha 113, Fussilət 3-4, Şura 7, Duxan 58 və s.)

Yer üzərindəki insanlar da müxtəlif dillərdə danışır və müxtəlif qəbilə və qövmlərə ayrılıblar ki, bu da Allahın hikmətindəndir. (Hucurat 13)

Bu Quran nə şerdir və nə də nəsr (Yasin 69). Bununla belə həm nəsrin və həm də şerin xüsusiyyətlərini özündə cəmləşdirən, bəlağətli, məna zənginliyi ilə dolu olan, bütün ədəbi janrları özündə əks etdirən səmavi bir kitabdır.

Bu müqəddəs kitabı anlamaq və başa düşmək üçün iki yol 

var. Ya gərək hər birimiz ərəbcəni mükəmməl bilək ki, Quranı oxuduqca mənasını da anlayaq, yada ki, Quran bizim mənsub olduğumuz dilə tərcümə olunmalıdır. Qurani-Kərimin tərcüməsinin tarixini bəzi müfəssirlər peyğəmbərdən (s) sonrakı zamana bağlasa da bu səhv bir iddiadır. Bu iddianı edənlər tarixi hadisələri nəzərdən qaçırdıblar. Diqqət edin! Müsəlmanlar Məkkədə gördükləri zülmlərdən cana doyaraq peyğəmbərin (s) göstərişi ilə, Həbəşistana (Efiopiya) hicrət etdilər. Bildiyiniz kimi, sarayda yaşanan hadisə zamanı Cəfər b. Əbu Talib orada həbəş kralı Nəcaşi (Ashamə) üçün Qurandan ayələr (Məryəm sürəsini) oxumuşdur. Deməli Quran, o zaman o xalqın dilinə tərcümə edilmişdir.

Peyğəmbər (s) digər ölkə başçılarına məktub göndərərdi. O məktubun özü və xüsusən orada yer alan ayələr o xalqın dilinə tərcümə olunurdu. Əks halda onlar bunu anlamaz və edilən iş, əhəmiyyətini itirərdi. Peyğəmbər (s) bu zamanlarda ərəb olmayan, başqa qəbilə və qövmlərə bu Quranı necə anladırdı? Əlbəttə tərcümə vasitəsi ilə.

Peyğəmbərin (s) əshabları içərisində Suheyb Rumi, Salman Farsi, Bilal Həbəşi, o cümlədən yeni müsəlman olmuş yəhudi və xristianlar tərcümə məsələlərində mühüm rol malik oynamışlar. Bəzən tərcümə ilə yetinməyərək həmin ayələrin təfsir və izahlarını da bəyan etmişlər. Deməli, Quranın tərcüməsi hələ peyğəmbər (s) zamanından etibarən başlanmışdır. Bunu da qeyd edək ki, müxtəlif zamanlarda Quranı tərcümə etmək məsələsində bir sıra şəxslər bu işə razı olsa da digər bir qism isə müxalif olmuşlar. Səbəb isə tərcümə zamanı Quranın əslinə, mənasının təhrifinə yol aça bilən xətalar göstərilirdi. O şəxslərin də öz iddialarında haqlılıq payları var.

Əldə etdiyimiz məlumatlara görə Quran ümumilikdə (kitab şəklində) ilk dəfə miladi 745-ci ildə bəhər dilinə tərcümə edilmişdir. Daha sonra müxtəlif dillərə tərcümə edilmişdir. Quranın Azərbaycan dilinə ilk tərcüməsi isə Ağqoyunlu – Uzun Həsənin - zamanına təsadüf edir. Əlbəttə bunlar bizə gəlib çatmamışdır. Tərcümələr arasında bizə gəlib çatanları;

1. Mir Məhəmməd Kərim ağa Bakuvi – "Kəşful-Həqaiq.”

2. Məhəmməd Həsən Mövlazadə Şəkəvi – "Kibabul-Bəyan fi təfsiril-Quran.”

3. Əhməd Haşimzadə - "Təfsirul-Quranil-Əzim.”

Bu gün əlimizdə olan tərcümələr isə Ziya Bünyadov və Vasim Məmmədəliyevin etdikləri tərcümələrdir. Bu siyahıya digərlərin də adlarını daxil etmək olar ki, biz buna ehtiyac görmədik.

Qeyd: Araşdırma -2012 və 2016-cı illərə məxsusdur.

Administratorla əlaqə

077 611-55-22

[email protected]