İftar elə verilməlidir ki, sabah iftarda iştirak edən adam utanmasın - ilahiyyatçı
Bakı, 10 iyun, SalamNews, M.Sadiq. "Ramazan ayında iftar süfrəsi açıb insanları bu süfrəyə dəvət etmək İslam dinində böyük savaba malikdir. Lakin insanlar düşünməlidirlər ki, Allah hər bir işdə müəyyən hədd qoyub. Yemək-içmək məsələsində də müəyyən hədlər var ki, gərək onu aşmayasan."
Bu fikirləri SalamNews-a açıqlamasında "Hacı Cavad" məscidinin axundu, ilahiyyatçı alim Hacı Əhliman Rüstəmov bildirib.
İlahiyyatçı deyib ki, istər iftar süfrəsi olsun, istərsə də qeyri-iftar süfrəsi, insan israfa yol verməməlidir: "Allah Qurani-kərimdə buyurur ki, yeyin-için amma israf etməyin, Allah israf edənləri sevmir. Ona görə də Ramazan ayında verilən iftar süfrələri həddi aşmamaq şərtilə elə olmalıdır ki, bu iftarda iştirak edən adam sabah səni öz iftarına çağırsa, utanmasın.
İslam peyğəmbəri "Şəbaniyyə" xütbəsində buyurur ki, iftar edin, öz mömin qardaşlarınıza iftar verin, özünüzə bu iftar qonaqlığı ilə cəhənnəm odundan nicat verin. Bu zaman bir nəfər qalxıb o Həzrətə deyir ki, bizim ona imkanımız yoxdur. Peyğəmbər (s) buyurur ki, hətta bir xurma verməklə belə olsa, iftar verin və Allahdan təqva qazanın. Bunun da mənası bu idi ki, bir xurma vermək özü Allahın yanında təqvalı olmağa səbəb olar. Ona görə də kasıblara, imkanı olmayanlara iftar vermək Allah yanında ali dərəcəli əməldir, amma o da öz həddində olmalıdır ki, israfa yol açmasın.
Allah özü buyurur ki, özünüzü çətinliyə salmayın. Sizə halal edilən şeyləri özünüzə haram etməyin, həddinizi aşmayın. Allah həddi aşanları sevmir və özünə dost tutmur".