Əsas Səhifə / Gündəm

Qisasçılıq, repressiya və siyasi motivli həbs, yoxsa dövlətə xəyanət?…

15-01-2020, 19:05
Və ya jurnalist Polad Aslanovun həyatının son iki ili barədə qısa araşdırma…
Ali təhsillidir. Evlidir və bir azyaşlı qızı var. Hipertonikdir və ürək çatışmazlığı var. Xəstəlikləri və çəki azlığı səbəbindən ona “yararsız”lıq barədə hərbi bilet verilib və 29 yaşınadək həqiqi hərbi xidmətə göndərilməyib…
Jurnalistlik fəaliyyəti ilə məşğul olub: “xeberman.com” və “press-az.com” informasiya saytlarının təsisçisi və baş redaktorudur, fəal ictimaiyyətçi və facebook istifadəçisidir, həmçinin “Xeberman.com” adlı facebook səhifəsinin sahibidir…
09.12.2017, 03.01.2018 və 05.01.2018-ci il tarixlərdə “xeberman.com” saytında DTX əməkdaşlarının korrupsiyaya bulaşması barədə ifşaedici yazılar dərc edib. İddia etdiyinə görə, bundan sonra qara günləri başlayıb: DTX əməkdaşlarının intensiv basqılarına məruz qalıb və 19 aprel 2018-ci il tarixdə xəstəliklərinə və çəki azlığına məhəl qoymadan (qanunun tələbinə görə çəkisi 45 kq-dan aşağı olan şəxs həqqiqi hərbi xidmətə cəlb edilə bilməz, həmin vaxt isə Polad Aslanovun çəkisi 41 kq idi), əvvəlcədən heç bir xəbərdarlıq edilmədən və hətta hazırlaşmağa belə imkan verilmədən bir mülki və bir uniformada olan şəxs tərəfindən müayinədə olduğu hospitaldan birbaşa hərbi səfərbərlik idarəsinə, oradan isə Naxçıvandakı hərbi hissələrdən birinə həqqiqi hərbi xidmətə göndərilib…
Apar-topar və “yararsız”lıq barədə hərbi biletinin əlindən alınaraq və qeyri-qanuni olaraq həqqiqi hərbi xidmətə göndərilməsinin səbəbini o, elə yolda olarkən etdiyi canlı yayım vasitəsilə ictimaiyyətə açıqlamışdı.



Ola bilsin, kimlərsə düşünürdü ki, ürəyi xəstədir, hipertonik adamdır, canı-cəsədi də yoxdur, təlim zamanı bir dəfə zora düşsə, ölüb gedəcək və kimlərinsə də canı əl-ayağa dolaşanların birindən qurtaracaq?!
Amma gözlədikləri elə gözlərində qaldı! “Allahdan ipi üzülməyənə zaval yoxdur” deyərlər: bir illik həqqiqi hərbi xidmət dövrünün yarıdan çoxunu hərbi hospitalda həkim nəzarətində keçirsə də, yaxşı insanların yardımı və Allahın izni ilə salamat qaldı, ölmədi və 04 aprel 2019-cu il tarixdə tərxis edilərək, ailəsinə döndü və jurnalist kimi fəaliyyətini davam etdirməyə başladı…
Ailəsinə döndü, amma qara günlər geridə qalmadı, əl çəkmədilər yenidən ələ alma cəhdləri, alınmadıqda isə təqiblər, təzyiqlər və nəhayət ki, həbs!
Görünür, kiminsə quyruğunu möhkəm tapdamışdı… Bu barədə özü şəxsən mənə dəfələrlə demişdi. Hətta başına gələcək təhlükə ehtimalları barədə danışıb videosunu da mənə göndərmişdi. Demişdi ki, məni hərbi xidmətə qisas almaq üçün göndərdilər, gördülər ki, ölmədim, qayıtdım, həllə də hirssləri soyumayıb, o yazıların qisasını məndən mütləq alacaqlar…!



Xanımı Gülmirə Aslanovanın , sosial şəbəkələr üzərindən yaydığı məlumata görə, 12 iyun 2019-cu il tarixdə DTX tərəfindən şübhəli şəxs qismində saxlanılmış və haqqında CM-nin 274-cü (dövlətə xəyanət) maddəsi ilə cinayət işi açılmış Polad Aslanovun istintaqı başa çatıb. Polad Aslanov və vəkilləri ittiham aktı ilə tanış olublar və iş məhkəməyə göndərilmək ərəfəsindədir.
Həbsdən bir gün sonra – 13.07.2019-cu il tarixdə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) yaydığı məlumatda deyilir: “Dövlət Təhlükəsizliyi Xidmətində aparılan istintaq-əməliyyat tədbirləri nəticəsində 1989-cu il təvəllüdlü, Azərbaycan Respublikasının vətəndaşı, “xeberman.com” və “press-az.com” informasiya saytlarının təsisçisi və baş redaktoru Aslanov Polad İsrayıl oğlu dövlətə xəyanət cinayət əməllərinə görə şübhəli şəxs qismində saxlanılmışdır.
Müəyyən edilmişdir ki, Polad Aslanov xarici xüsusi xidmət orqanlarının əməkdaşları ilə respublikadan kənarda məxfi görüşlər keçirmiş, aldığı pul vəsaitinə dair qəbzləri imzalayıb müntəzəm pul vəsaitləri ödənilməsi şərti ilə maddi maraq müqabilində məxfi əməkdaşlığa cəlb edilmişdir. O, xarici xüsusi xidmət orqanlarının əməkdaşlarından aldığı tapşırıqlar əsasında Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə olaraq istifadə etmək üçün topladığı məlumatları həmin orqanlara ötürmüş, onların tapşırığı ilə mətbuatda, sosial şəbəkələrdə dövlət əleyhinə, hüquq mühafizə orqanlarının qanuni fəaliyyətini nüfuzdan salmağa yönəlmiş yazılar yayımlaması razılaşdırılmışdır.
Polad Aslanov adları istintaq sirri kimi hazırda açıqlanmayan jurnalistləri gələcək əməkdaşlıq imkanları üzrə xarici ölkə ərazisində həmin xüsusi xidmət orqanı əməkdaşları ilə tanış etmişdir.
İstintaq zamanı Polad Aslanovun Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi maraqlarına zidd olaraq xarici xüsusi xidmət orqanı nümayəndələri ilə əməkdaşlığına dair çoxsaylı materiallar əldə edilmiş, Polad Aslanov törətdiyi cinayət əməlləri barədə ətraflı məlumatlar vermişdir”.

DTX-nin müstəntiqi Quluzadə Cavid Məhəbbət oğlunun tərtib etdiyi təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 0002301 nömrəli, 14 iyun 2019-cu il tarixli qərarda isə göstərilir: “…10 fevral 2018-ci il tarixdə İran İslam İnqilabının ildönümü münasibətilə Tehran şəhərində keçirilən konfransda iştirak etmək üçün həmin ölkəyə səfər etmiş Aslanov Polad İsrail oğlu həmin konfransda İran İslam Respublikasının xüsusi xidmət orqanı olan İran İslam İnqilabı Mühafizəçilər Korpusu – “SEPAH”ın Hadi adlı əməkdaşı tərəfindən məxfi əməkdaşlığa cəlb edilərək Azərbaycan Respublikasının suverenliyi və müdafiə qabiliyyəti zərərinə yönəlmiş, İran İslam Respublikasının Bakıdakı Mədəniyyət Mərkəzi ilə əlaqələrin yaradılması, rəhbərlik etdiyi saytlarda onlarla razılaşdırılan formada dini dövlət ideyalarının təbliği, eləcə də iran İslam Respublikasının xüsusi xidmət orqanının müəyyən etdiyi istiqamətlərdə siyasi məqalələri dərc etməklə Azərbaycan Respublikası ərazisində həmin xüsusi xidmət orqanının təsir edə biləcəyi radikal dini kontingentin formalaşdırılması, həmin saytlarda Azərbaycan hüquq-mühafizə orqanlarının qanuni fəaliyyətinə kölgə salan, hüquq-mühafizə orqanlarının və digər dövlət orqanlarının işgüzar nüfuzuna xələl gətirən təxribat xarakterli məlumatların yayılması, fəaliyyət istiqamətləri 
xüsusi xidmət orqanı tərəfindən müəyyənləşdiriləcək qəzet və jurnalların təsis edilməsi, İsrail dövlətinin Azərbaycandakı diplomatik fəaliyyəti, Azərbaycan Respublikası Milli Məclisinin ayrı-ayrı deputatları barədə məlumatların toplanması, Azərbaycan Respublikasında ictimai-siyasi, iqtisadi və digər sahələrdə cərəyan edən proseslərin izlənməsi, bu sahədə müntəzəm məlumatların ötürülməsi və sair tapşırıqlar almışdır. Polad Aslanov Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə olaraq İran İslam Respublikasının xüsusi xidmət orqanı olan “SEPAH-ın əməkdaşı tərəfindən verilmiş tapşırıqların icrası istiqamətində fəaliyyət göstərərək qəsdən konkret hərəkətlər etmiş, tapşırıqların icrası üzrə topladığı məlumatları müxtəlif üsullarla həmin xüsusi xidmət orqanının nümayəndəsinə göndərmiş və tapşırıqların icrası ilə əlaqədar sonuncunun təqdim etdiyi qəbzə imza etməklə pul vəsaiti almışdır”.
Qeyd edim ki, rəsmi dövlət orqanlarının Polad Aslanov barədə ictimaiyyət üçün əlavə açıqlamaları, demək olar ki, yoxdur. vəkilləri isə heç bir açıqlama vermirlər. Bu barədə yeganə əlavə informasiya mənbəyi kimi Polad Aslanovla görüşlərdən sonra xanımının sosial şəbəkələrə, mətbuat orqanlarına ötürdüyü açıqlamalardan, yerli və dünya mətbuatında gedən yazılardan istifadə etmək mümkündür.
Hüquq-mühafizə orqanının açıqlaması ilə, təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında QƏRAR arasında müəyyən uyğunsuzluqlar var, eyni zamanda hər iki sənəddəki “FAKTLAR” elə ilk baxışdan qərəzli, məntiqdən uzaq, adi söz yığınından ibarət olması, həmçinin inandırıcı olmaması ilə diqqəti cəlb edir. Belə ki, Dövlət Təhlükəsizliyi Xidmətinin İctimai əlaqələr şöbəsinin 13 iyun 2019-cu il tarixli məlumatında“Polad Aslanov adları istintaq sirri kimi hazırda açıqlanmayan jurnalistləri gələcək əməkdaşlıq imkanları üzrə xarici ölkə ərazisində həmin xüsusi xidmət orqanı əməkdaşları ilə tanış etmişdir … İstintaq zamanı Polad Aslanovun Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi maraqlarına zidd olaraq xarici xüsusi xidmət orqanı nümayəndələri ilə əməkdaşlığına dair çoxsaylı materiallar əldə edilmiş, Polad Aslanov törətdiyi cinayət əməlləri barədə ətraflı məlumatlar vermişdir kimi mühün nüanslar, nədənsə, təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərarda əksini tapmır…?! Niyə? Axı bunlar təqsirləndirilmək üçün xüsusi əhəmiyyətli və xüsusi istinadedici nüanslardır ! ? və s…
Gülmirə Aslanovanın məlumatına görə, DTX “…onların tapşırığı ilə mətbuatda, sosial şəbəkələrdə dövlət əleyhinə, hüquq mühafizə orqanlarının qanuni fəaliyyətini nüfuzdan salmağa yönəlmiş yazılar yayımlaması razılaşdırılıb” “FAKTININ” təsdiqi kimi “xeberman.com” saytında 09.12.2017-ci il tarixdə dərc edilmiş “ZƏVVARLARI İSTİSMAR EDƏN ŞİRKƏTLƏR HAQQINDA VİDEO FAKTLAR“, 03.01.2018-ci il tarixdə dərc edilmiş “ZIYARƏT ŞIRKƏTINDƏN HƏR ZƏVARA GÖRƏ 20-10 $ PUL TƏLƏB EDILIR“, 05.01.2018-ci il tarixdə dərc edilmiş ” “Eşq Səfəri”MMC-nin rəhbəri Fəxri Həsənov: DTX-nin əməkdaşları ziyarətə gedən zəvarlara görə qeyri-qanuni bizlərdən pulu tələb edir (VİDEO)” başlıqlı yazıları “sübut olaraq” cinayət işinə əlavə edib.
Ziddiyyətə və məntiqsizliyə fikir verin: necə ola bilir ki, Polad Aslanov 2018-ci ilin 10 fevralında Tehrana gedir və həmin ölkənin kəşfiyyat orqanı tərəfindən əməkdaşlığa cəlb edilir, amma əməkdaşlığa cəlb edilməmişdən bir aydan da çox əvvəl “onların tapşırığı ilə mətbuatda, sosial şəbəkələrdə dövlət əleyhinə, hüquq mühafizə orqanlarının qanuni fəaliyyətini nüfuzdan salmağa yönəlmiş yazılar” dərc edə bilir?…
Bu nədir cənablar: səbatsızlıq , məntiqsizlik, yoxsa cəngəllik qanunları ilə cəzalandırmaq cəhdi, ya nə ? Və ya bəlkə, hesab edirsiniz ki, Xalq artıq bütün qanunsuzluqlara adaptasiya olunub – hər şeyə biganələşib, bunun da fərqində olmayacaq ? !
Polad Aslanov ittihamları əsassız sayır və rədd edir. O və xanımı Gülmirə Aslanova qətiyyətlə bildirirlər ki, jurnalist, peşə fəaliyyəti ilə əlaqədar, yəni DTX əməkdaşlarının korrupsiya əməllərini rəhbərlik etdiyi saytda ifşa etdiyi üçün DTX tərəfindən şərlənib və qisasçılıq zəminində həbs edilib.
Əslində, sosial şəbəkələrə istinadən apardığım araşdırma da göstərir ki, fəal ictimai kəsimin böyük əksəriyyəti də Polad Aslanovun həbsinin siyasi motivli olduğu və DTX-nin korrupsiyaya bulaşması faktını ifşa etdiyi üçün qisasçılıq zəminində həbs edildiyi qənaətindədir.
Təsadüfi deyil ki, həm yerli, həm də beynəlxalq hüquq-müdafiə təşkilatları artıq Polad Aslanovun siyasi motivlərlə həbs edilməsi faktını araşdırıb və onun “Siyasi Məhbus” statusunu tanıyıb.
Onu da qeyd edim ki, ümumiyyətlə, Polad Aslanov barədə Google-də axtarış verəndə 32.400 nəticə göstərir və çox ehtimal ki, nəticənin böyük bir hissəsi məhz siyasi məhbus kimi tanınmış jurnalist Polad Aslanoun həbsinin motivi barədədir. Amma, təəssüf ki, G.Aslanovanın bildirdiyinə görə, “Polad Aslanov işi”ndə DTX tərəfindən əməkdaşlığa cəlb edilmiş bir neçə sayt rəhbərləri və jurnalist kimi fəaliyyət göstərən şəxslər var ki (onlar barədə sonra danışacağıq və kimliklərini ictimaiyyətə olduğu kimi təqdim edəcəyik), həm həqqiqəti əks etdirməyən ifadələr vermək öhdəliyini yerinə yetiriblər, həm də informasiyaları kontekstdən çıxarmaq və saxtalaşdırmaqla Polad Aslanovu ictimaiyyətə “dövlətə xəyanət etmiş şəxs” qismində sırımağa çalışırlar: baxmayaraq ki, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü olmadığı halda, kimisə cinayətkar adlandırmağı qanun qadağan edir!
Yalnız iki saytın adını çəkəcəm: məhz Polad Aslanov barədə verdikləri yanlış informasiyanı düzəltməməkdə israrlı olduqları üçün:
Bir neçə gün əvvəl “demokrat.az” saytında Polad Aslanovun “ifşasına” yönəlik “Qasım Süleymani şəxsən Azərbaycanı hədələyib” –“Onunla bağlı cəmiyyətdəki qarşıdurmanın səbəbi milli ideologiyamızda olan boşluqlardır” başlıqlı bir yazıya rast gəldim (yazı burada).

Həmin yazını todays.az” saytı da dərc edib.

Düzü, həmin saytların əməkdaşlarından “Polad Aslanov işi”ndə DTX ilə əməkdaşlığa kimlərinsə cəlb edilib-edilmədiyi barədə dəqqiq məlumatım yoxdur. Amma əldə heç bir dəlil-sübut olmadan,  Polad Aslanovu ciddi-cəhdlə cəmiyyətə “xain” kimi sırıma cəhdi, həmçinin bu yazıya Polad Aslanovun xanımının, iradları və sayta müsahibə vermiş i.İsmayılın təkzib və xahişi nəzərə alınmayaraq yazıda hələ də düzəlişlərin edilməməsi şübhələr yaradır…
Yazının lap əvvəlində belə bir cümlə var: Keçmiş DTX zabiti: “Azərbaycanda Polad Aslanov kimi xarici xüsusi xidmət orqanlarının tapşırıqlarını həyata keçirməyə hazır olan şəxslər ola bilər”. Sonra isə qeyd edilir: “Bu fikirləri Demokrat.az-a açıqlamasında təhlükəsizlik məsələləri üzrə tanınmış ekspert, keçmiş DTX zabiti, ehtiyatda olan polkovnik İlham İsmayıl bildirib”. Daha sonra isə Polad Aslanov ibadətdə olarkən çəkdirdiyi, lakin mövzuya heç bir aidiyyəti olmayan şəkil yerləşdirilib. Yazının leytmotivindən açıq-aydın bəlli olur ki, əsas məqsəd məhz Polad Aslanovun xəyanətkar obrazını formalaşdırmaq və cəmiyyətə sırımaqdır!
Qeyd 1: Aldığım məlumata görə, istintaq orqanı Polad Aslanovun əməlini, əsasən, “xeberman.com” saytında dərc edilmiş yuxarıda adları qeyd edilmiş ifşaedici məqalələr və şahid qismində istintaqla əməkdaşlığa cəlb edilmiş sayt rəhbəri və əməkdşlarının ifadələri və s. əsasında sübut etməyə çalışıb. Çox ehtimal ki, demokrat.az və todays.az saytlarında dərc edilmiş həmin məqalələr də “sübutlar siyahısı”na daxil edilə bilər!?…
Mən “Siyasi Məhbusları Müdafiə Mərkəzi” və “Repressiya və İşgəncələr Əleyhinə Komitə”nin üzvü və Polad Aslanovun hüquqlarının ictimai müdafiəsi ilə məşğul olan hüquq müdafiəçisi kimi demokrat.az və todays.az saytlarında dərc edilmiş yazılarda Polad Aslanov barədə yazılanların həqiqiliyini araşdırmaq qərarına gəldiyimə görə, ifadənin ona məxsus olub-olmadığını dəqiqləşdirmək üçün İlham bəy İsmayılla WhatsApp əlaqəsinə girdim. İlham bəy dərhal səsli mesaj göndərdi və bildirdi ki, onun müsahibəsini təhrif ediblər:



Daha sonra isə İlham bəy facebook hesabında status paylaşaraq, onun müsahibəsinin təhrif olunduğunu ictimailəşdirdi və sayt rəhbərlərindən xahiş etdi ki, yazıda düzəliş etsinlər.

 

Bundan sonra Polad Aslanovun xanımı da demokrat.az saytının baş redaktoru, müsahibəni alan şəxs Vasif Həsənli ilə telefon əlaqəsi saxlayaraq etirazını bildirib, Yazıda Polada qarşı hiss edilən qərəzli mövqeyin aradan qaldırılmasını istəyib. Lakin haqqında danışılan tərəfin etirazına, müsahibin təkzib və xahişinə baxmayaraq, həmin saytların heç birindəki yazılarda hələ də düzəlişlər aparılmayıb. Niyə, Məqsəd nədir, tam aydın deyil!?…
Qeyd 2: “Hər bir halda Gülmirə xanıma məsləhətim o olardı ki, vəkili ilə danışsın, xüsusi ittiham qaydasında şikayət hazırlansın və məhkəməyə müraciət edilsin…”
Amma mən bəzi sualları, ümumiyyətlə, məhkəmə qərarı olmadan belə (baxmayaraq ki, Azərbaycan məhkəmələrinin “ədaləti” hər kəsə bəllidir) Polad Aslanovu bilərəkdən qərəzli şəkildə yazı və çıxışlarında “cinayətkar və xain” kimi təqdim edənlərə ünvanlayır və soruşuram: bu qədər kin-küdurət, qərəz hardandır sizdə? Bu, kimlərinsə sifarişini yerinə yetirməkdirsə – dəxli yoxdur, sifarişçi hakimiyyət orqanının əməkdaşı olsun, ya qeyrisi – bu, kişilik deyil! Kişi vicdanını “çörəyinə yavanlıq” etməz! Kişi başqasının bədbəxtli üzərindən çörək qazanıb yeməz, balasına yedirtməz, gec ya tez o çörək səni də, ailəni də, övladını da tutar! Kişi başqasının övladının göz yaşı hesabına öz övladını “xoşbəxt” etməyə çalışmaz!
Ya bəlkə, bir zamanlar Polad Aslanov rüşvət müqabilində hansısa yazını yazdıranları və ya pozduranları saytında ki ifşa edirdi, bu ifşadan sizlərə də pay düşüb, ona görə fürsətdən istifadə edib qərəz və düşmənçilik edirsiniz?!…

14.07.2019-cu il tarixdə facebook hesabımda Polad Aslanovun İrana cəsusluq etməsi barədə iddialara inanmadığımı əks etdirən bir post paylaşmışdım. Həmin statusda qənaətimi bu şəkildə əsaslandırmışdım:  “Dəyərli tarixçi alim Yasəmən Qaraqoyunlunun İran dövlətinin Azərbaycana yönəlik fundamental siyasi kursu əleyhinə kanal 13-də etdiyi bu çıxış 02 avqust 2017-ci il tarixdə “xeberman.com” facebook səhifəsində dərc edilib və yayılıb.


DTX isə səhifənin sahibi və eyni adlı saytın baş redaktoru jurnalist Polad Aslanovu İrana işləməkdə ittiham edərək həbs edib. Güya ki, o, İran kəşfiyyatının tapşırığı əsasında Azərbaycan dövlət orqanlarını (DTX-ni) nüfuzdan salan yazılar dərc etməklə İrana casusluq edib.
…Göründüyü kimi, “xeberman.com” səhifəsində dərc edilmiş və 122 minə yaxın şəxsin izləmiş olduğu bu video-fakt İranın Azərbaycana yönəlik siyasəti ilə (Azərbaycanın bütövlüyü məsələsi) daban-dabana ziddir və Polad Aslanovun İranın lehinə casusluq fəaliyyətini istisna edir. Və İranın Azərbaycana yönəlik siyasətini öz səhifəsində bu və bunun kimi materiallarla ifşa edən birisini İrana casusluqda ittiham etmək açıq-aydın qərəzli və gülünc görünür.
Təkcə bu fakt tam sübut edir ki, Polad Aslanova qarşı irəli sürülmüş ittiham absurd və qondarmadır, həmçinin bu, Polad Aslanovun özünün bildirdiyi kimi, rəhbərlik etdiyi “xeberman.com” saytında DTX əməkdaşlarının rüşvətə bulaşması faktını ifşa etdiyinə görə, dövlət vəzifəsinin verdiyi imkanlarından sui-istifadə etməklə, DTX-nin ondan qisasalma tədbiridir…” (statusun foto-surətləri aşağıda)Qeyd edim ki, Polad Aslanov
“xeberman.com” facebook səhifəsində İranın Azərbaycan əleyhinə siyasətini tənqid edən çoxsaylı materiallar yerləşdirmişdi və o istiqamətdə təbliğat aparırdı.
 
Ona görə də yuxarıda qeyd etdiyim statusdakı qənaətimdəyəm və həmin mövqeyi yenə də müdafiə edirəm! Və hesab edirəm ki, facebook səhifəsində İran siyasəti əleyhinə intensiv mövqe sərgiləmiş şəxs həmin ölkənin xüsusi xidmət orqanına xidmət etməz və ümumiyyətlə, elə şəxsə heç İran tərəfi də etibar etməz … bu ki sadə məntiqdir!
Qeyd 3: Bu yazını hazrlayarkən “xeberman.com” facebook sıhifəsinə girib vaxtilə izlədiyim bu tipli faktları yazıya əlavə etmək istədim, lakin səhifə açılmadı. Polad Aslanovun xanımı ilə əlaqə saxlayıb səbəbini soruşdum. Dedi ki, Polad həbs olunandan sonra DTX qeyri-qanuni yollarla (?) səhifəni ələ keçirib və hesab edirəm ki, məhz səhifədə Poladın cəsusluğunu istisna edən çoxsaylı faktlar olduğuna görə və həmin faktlar ortaya çıxmasın deyə, səhifəni tamamilə siliblər…
PS: Əziz həmvətənlər, mən “Polad Aslanov işi” ilə bağlı bilgilərimin bəzi vacib nüanslarını sizinlə paylaşdım. Siz necə hesab edirsiniz  jurnalist Polad Aslanovun həbsinin motivi nədir: müxalif mövqe və ifşaedici yazıya görə qisasçiliq, repressiya və siyasi motivli həbsmi, yoxsa, həqiqətən də dövlətə xəyanətmi – bu barədə yekun rəyi sizlərin ixtiyarına buraxıram?!

Əlövsət Sadıqlı (hüquq müdafiəçisi: Siyasi Məhbusları Müdafiə Mərkəzi və Repressiya və İşcəncələr Əleyhinə Azərbaycan Komitəsi İH-nin üzvü)

Administratorla əlaqə

077 611-55-22

[email protected]