Gündəm / Media / Reportaj
Elçin Sadıqov: Jurnalistin işini aparan müstəntiq dəyişdirilib
5-07-2019, 19:04
Vəkil təhdidə məruz qaldığını bildirib
"Jurnalist Polad Aslanovun cinayət işi ilə bağlı təzyiqə məruz qalmışam. Bununla bağlı rəsmi müraciət etmişəm. Hazırda işi aparan müstəntiqin dəyişdirilməsi və işin başqa müstəntiqə verilməsi barədə bizə məlumat verilib.” Bu barədə vəkil Elçin Sadıqov Amerikanın Səsinə müsahibəsində bildirib.
Vəkil deyib ki, onun təzyiqə məruz qalması ilə bağlı Vəkillər Kollegiyası hələ fikir bildirməyib. Onun sözlərinə görə, müdafiə etdiyi Aslanovun səhhətində problemlər var. "O azadlıqda olanda da səhhətində problemlər var idi. İndi də səhhətində problemlər var.”
Vəkil istintaqın gedişi ilə bağlı məlumat verməyib.
"Bizdən istintaq sirrini yaymamaq barədə iltizam alıblar. Bu səbəbdən bir söz deyə bilmirik,” o qeyd edib. Vəkil Elçin Sadıqov iyulun 4-də"Xeberman.com” və "Press-az.com” saytlarının rəhbəri Polad Aslanovun huquqlarını müdafiə etdiyinə görə istintaq rəhbərliyi tərəfindən hədə və təhdidlərə məruz qaldığını bildirib. İstintaqı Dövlət Təhlükəsizliyi Xidməti aparır.
"Əvvəlcə jurnalist Polad Aslanovu müdafiə etməməyim üçün xəbərdarlıq olundum. Onun yenidən dindirilməsi barəsində vəsatət qaldırdıqdan sonra bu gün istintaqın rəhbərliyi məni hədələdi və təhdid etdi,” vəkil açıqlamasında bildirib. Elçin Sadıqov məsələ ilə bağlı yazılı şikayət edib, vəkilin müstəqilliyinin və təhlükəsiz fəaliyyətinin təmin olunması üçün göstəriş verilməsini istəyib.
Polad Aslanov iyunun 12-də Dövlət Təhlükəızliyi Xidməti tərəfindən saxlanılıb. Növbəti gün məhkəmə ona qarşı irəli sürülmüş Cinayət Məcəlləsinin 274-cü maddəsi (dövlətə xəyanət) ilə əlaqədar onun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçib. Yerli və beynəlxalq təşkilatlar Polad Aslanova qarşı cinayət təqibini pisləyir və hesab edirlər ki, onun həbsi jurnalist fəaliyyəti ilə bağlıdır. Bu məsələ ilə bağlı hələlik hüquq-mühafizə orqanları münasibət bildirməyib.