Əsas Səhifə / Ölkə / Maraqlı

Azərbaycan yenə qeyri-azad ölkə elan edildi

27-01-2016, 18:23

 "Freedom House”dan biabırçı hesabat - Qarabağ "azad ölkə” siyahısında; qurum ölkəmizi isə təməl azadlığının ən çox pozulduğu on ölkə siyahısına saldı; Azərbaycanın pisləşən reytinqi onun kredit alma imkanlarına da mənfi təsir edə bilər... 

 

Vətəndaş və siyasi azadlıqlar üzrə nüfuzlu beynəlxalq qeyri-hökumət təşkilatlarından olan "Freedom House” 195 ölkədə təməl azadlıqlarının durumu ilə bağlı "2016-cı ildə dünyada azadlıqlar” adlı hesabatını açıqlayıb. Sənədə görə, həmin ölkələrdən yalnız 86-sı azad sayılır, 50 regionda isə vəziyyət böhranlı hesab edilib. 

Bu barədə məlumat yayan AzadlıqRadiosu xəbər verir ki, vətəndaş və siyasi haqların durumunun ən aşağı səviyyədə olduğu ölkələr kimi Suriya, Somali, Şimali Koreya, Özbəkistan, Səudiyyə Ərəbistanı, həmçinin də Yaxın Şərqin və Şimali Afrikanın digər dövlətlərinin adı çəkilib.

Söz-ifadə azadlığının ən çox pozulduğu on ölkə siyahısına Əfqanıstan, Azərbaycan, Belarus, İran, İraq, Qazaxıstan, Rusiya, Tacikistan, Türkmənistan və Özbəkistan daxil edilib. Gürcüstan, Ermənistan, Bosniya və Hersoqovina qismən azad, Xorvatiya və Serbiya isə azad ölkələr kimi qeyd olunub. 

Belarus beynəlxalq birlik üçün bu dəfə daha cəlbedici olub. "Ancaq ölkə daxilində situasiya insan haqları sahəsində real dəyişikliklərə məruz qalmayıb. Bunu son prezident seçkiləri də təsdiq edir - hansı seçkilər ki, nə azad, nə də ədalətli olub” - hesabatda vurğulanır. 
Sənəd müəlliflərinə görə, 2015-ci ildə dünyada azadlığın səviyyəsi aşağı olsa da, 195 ölkədən 86-sı, yəni 74%-i hələ ki azad ölkə olaraq qalır, 59 ölkə isə qismən azaddır. Yerdə qalan digər 50-si qeyri-azad ölkələrdir. Təşkilatın qənaətincə, son 10 il ərzində 105 ölkədə azadlığın səviyyəsi aşağı enib, 61 regionda isə yaxşıya doğru dəyişib. 

***


Maraqlıdır ki, "Freedom House” Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində də "siyasi və vətəndaş hüquqlarına” qiymət verib. Sənədə görə, Ermənistan kimi "Dağlıq Qarabağ da qismən azad ərazidir”. Başqa sözlə, separatçı rejimin nəzarətindəki ərazidə azadlıqların səviyyəsi Azərbaycanın yerdə qalan hissəsindəkindən yaxşı hesab edilib.
Əlbəttə ki, bu məqam təşkilatın gəldiyi ümumi nəticəyə və qərəzsizliyinə müəyyən qədər kölgə salır. Çünki işğal edilmiş, yerli azərbaycanlı əhalinin etnik təmizlənməyə məruz qaldığı ərazidə heç bir siyasi-vətəndaş haqlarının təmin olunmasından söhbət gedə bilməz.

Bütövlükdə Azərbaycana gəlincə, ölkəmizdə demokratiya və təməl insan haqlarının durumunun pis olduğu illərdir digər mötəbər təşkilatlar tərəfindən də bəyan edilməkdədir. 
Azərbaycan haqda belə neqativ mövqeyin formalaşması və möhkəmlənməsinə şübhə yox ki, illərdir öz həllini tapmayan siyasi məhbus problemi, yerli və böyük seçkilərin mütəmadi saxtalaşdırılması, KİV-lər üzərində hökumətin güclü nəzarəti həlledici təsirin göstərir. 
Bu xüsusda 2015-ci ildə keçirilmiş parlament seçkilərinin hətta beynəlxalq müşahidəyə belə layiq bilinməməsi, yeni parlamentin tərkibinə bircə müxalifətçi deputatın da buraxılmamasını yada salmaq olar. Habelə, Avropa İnsan Haqları Məhkəməsinin azadlığını qeyd-şərtsiz tələb elədiyi dustaqlar, məhbus jurnalistlər də da daxil, siyasi məhbusların israrla həbsdə saxlanması ölkəmiz haqda neqativ imici gücləndirən amillərdir.


Bu isə istər-istəməz əsas problemimiz olan Dağlıq Qarabağ, erməni işğalı məsələsində dilimizi gödək, diplomatik səylərimizi kəsərsiz edir, demokratik dünyada gerçək dostlarımızın və müttəfiqlərimizin sayını azaldır, üstəlik, həqiqi dost-müttəfiqlərin dəstək imkanlarını zəiflədir. Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) son qış sessiyasında ölkəmiz üçün prinsipial əhəmiyyət kəsb edən Qarabağ qətnaməsinin cəmi 4 səs fərqi ilə rədd edilməsinin bir səbəbi də əslində burada axtarılmalıdır - dostlarımızın yetərli sayda olmamasında. 

***
Əlavə edək ki, "Freedom House”un budəfəki hesabatı Azərbaycan üçün olduqca həssas bir dönəmə təsadüf edir. Məsələ ondadır ki, Azərbaycan düşdüyü hazırkı iqtisadi borandan çıxmaq, prezident İlham Əliyevin də haqqında çox danışdığı uğurlu iqtisadi islahatlar aparmaq üçün beynəlxalq maliyyə qurumlarına müraciət etməli olacaq. Ölkənin mənfi imici isə onun krediti qapatmaq qabiliyyəti ilə bağlı göstəricisinə neqativ təsir göstərə bilər. 

Bundan başqa, bəllidir ki, xarici sərmayədarlar bir qayda olaraq, fundamental azadlıqların, o cümlədən biznes və mülkiyyət azadlıqlarının təmin edilmədiyi avtoritar ölkələrə ciddi maraq göstərmir, ora yatırım qoymaqdan çəkinirlər. Hələ vaxt və şans tam itirilməyib.


"Freedom House”un hesabatını dəyərləndirən YAP-ın Siyasi Təhlil və Proqnozlaşdırma şöbəsinin müdiri, Milli Məclisin deputatı Aydın Mirzəzadə bildirdi ki, təşkilatın hesabatı kifayət qədər qüsurludur: "Azərbaycanın işğal olunmuş ərazisinin ayrıca dövlət kimi göstərilməsində maraqlı olan qüvvələr də bu gün ”Freedom House"u Azərbaycan haqqında mənfi rəy verməyə sövq edirlər". Deputatın fikrincə, artıq "Freedom House”un hesabatları nə ictimai rəy, nə də beynəlxalq reaksiya doğurmur: "...Freedom House” siyasi məqsədlər güdən siyasi təşkilata çevrilib. Halbuki, öz bəyanatına görə, qiymətləndirmələri maraq, rəyləri isə reaksiya doğuran bir təşkilat da ola bilərdi. Lakin "Freedom House” bu şansı çoxdan əldən çıxarıb".
 
musavat.com

Administratorla əlaqə

077 611-55-22

[email protected]