Səməd Seyidovdan “referendum etirafları”
«Hesab edirəm ki, Azərbaycanda referendumdan sonra üç istiqamət üzrə ciddi və çox vacib tədbirlər həyata keçiriləcək». Bu sözləri deputat Səməd Seyidov "Trend”ə müsahibəsində deyib.
Deputatın sözlərinə görə, həmin üç istiqamətin birincisi dövlətin ümumi idarə olunması, onun gələcəkdə dünyada, regionda təhlükələrə, çağırışlara qarşı dözümlülüyünün və müqavimət gücünün artırılmasıdır: «Referendum buna imkan verdi və bu istiqamətdə işlər aparılacaq. Bu, birinci əsas məsələdir. Ona görə ki, ətrafa baxsanız, görərsiniz ki, nə dərəcədə çətin proseslər, nə dərəcədə təhlükəli çağırışlar mövcuddur».
Səməd Seyidovun bu fikirləri mövcud idarəetmənin doğru olmadığının etirafı sayıla bilər. Bu həm də komandaya inamsızlığın etirafıdır. 26 sentyabrda keçirilən referendum barədə irəli sürülən mülahizələrdə də ölkə başçısı İlham Əliyevin komandasına güvənmədiyi barədə fikirlər yer alırdı. Görünür, deyilənlər əsassız deyilmiş.
Səməd Seyidov daha sonra deyib ki, ikinci əsas məsələ bütün sahələr üzrə islahatların aparılmasıdır: «Dünya və dünya iqtisadiyyatı tələb edir ki, iqtisadi, siyasi, mədəni – bütün sahələri əhatə edən islahatlar həyata keçirilsin».
Bu fikirlər isə indiyə qədər ölkədə islahatların aparımadığı və bu baxımdan iqtisadi-siyasi situasiyanın gərginləşməsinin etirafıdır. Halbuki YAP 23 ildir hakimiyyətdədir və hökumət nümayəndələri 23 ildir islahatların aparıldığını bəyan edilir.
Digər tərəfdən yenə də o fikirə qayıdırıq ki, İlham Əliyev komandasına güvənmir. Əgər ölkə başçısı islahat aparmaq üçün referendum keçirərək səlahiyyətlərini artırırsa, deməli komandaya inamsızlıq var.
Deputata görə, üçüncü əsas istiqamət Azərbaycan vətəndaşlarının hüquqlarının ən yüksək səviyyədə müdafiəsi ilə bağlıdır: «İnsan hüquqları ilə bağlı şəxsiyyətin toxunulmazlığı, torpaq mülkiyyəti, yəni Konstitusiyaya edilən hər bir dəyişiklik Azərbaycan vətəndaşına daha yaxşı şəraitin yaradılmasına imkan verir».
Bu fikirlər isə sadəcə referenduma demokratik don geyindirməkdən ötrü səsləndirilib.