Əsas Səhifə / Dünya

“Xalq Poroşenkodan narazıdır” – MÜSAHİBƏ

17-03-2015, 13:59

ÜmumUkrayna Azərbaycan Gənclər Təşkilatının icraçı direktoru Elməddin Zərbəlizadənin Avrasiya.net-ə müsahibəsi
- Ukraynada mövcud durum necədir. Xarici mətbuat Ukraynadakı vəziyyətlə bağlı müxtəlif məlumatlar verir…
- İlk öncə onu vurğulamaq istərdim ki, Ukrayna tarix boyu öz strateji əhəmiyyətinə görə bir çox fərqli ideologiyaların, müxtəlif maraqların toqquşduğu bir ölkədir. Dövrümüzdə də bu maraqlardan doğan ideoloji istəklər nəticəsində ölkənin başına gələn taleyüklü problemlərin şahidi olduq. Bir ildən artıqdır ki, ölkədə yaşanan acınacaqlı durum Ukraynaya qarşı laqeyd olan gücləri də bura diqqət ayirmalarına vadar etdi. Hazırdakı durum isə 2015-ci ilin ilk aylarından daha sakitdir. Bildiyimiz qədəriylə ilin başlanğıcında Şərqi Ukraynada olan müharibə şəraitinin alovu az da olsa sönüb. Müxtəlif xarici mətbuatın və ya yerli Kütləvi informasiya vasitələrinin verdiyi hər bir məlumat düşündüyümüz qədər də qərəzsiz deyildir. Çünki ölkədə, ələlxüsus çaxnaşma və qarışıqlıq olan ölkədə mətbuat belə müxtəlif cəbhələrdə, hətta bir-birilərinə qarşı mübarizə aparır.
- Yazılanlara görə, ukraynalılar prezident Poroşenkonu da istəmirlər. Bu barədə nə deyə bilərsiz?
- Yeni hökumət ötən ilin may ayından etibarən oz fəaliyyətinə başlayıb. İstər ölkə başçısı Poroşenko olsun, istərsə də dövlətdə yer alan müxtəlif yüksək rütbəli məmurlar olsun, seçkidən öncəki xalqın onlara qarşı olan inamlarını itiriblər. Bu ümumiyyətlə, bir çox inqilabın baş verdiyi ölkələrdə bas verir. İnqilabdan öncəki arzular və istəklər sonda romantik bir şəkildə xalqın düşüncəsində yeni hökumətin gəlməsiylə bütün problemlərin həll olunması tərzini qoyur. Lakin burada bir neçə incə məsələlər vardır ki, bunları görməməzlikdən gəlmək və xalqa catdırmamaq, xalqı aldatmaqdan başqa bir şey deyildir. Həm də burada dövlət nümayəndələrinin fikir ayrılığı vardır. Ancaq gəlin bunu da unutmayaq ki, ukraynalılar oz taleyini özləri yazmaq gücündə olduqlarını dünyaya artıq dəfələrlə sübut ediblər. Sadə xalqın isə bu günlərdə Poroşenkodan belə narazıçılıq xalqın istəyi üzərində öz həllini tapacaqdır.
- Separatçıların nəzarəti altında olan ərazilərdə vəziyyət necədir. Söhbət oradakı əhalinin sosial durumundan gedir….
- Ümumiyyətlə, separatçıların olduğu ərazilərdə sosial vəziyyətdən hec bir söhbət gedə bilməz . Ukraynanın şərqində olan hadisələr yenicə başlayan zamanlarda artıq xalqın böyük kütləsi ölkənin qərbinə və paytaxt Kiyevə axışmağa başladı. O ərazilərdə qalan az sayda əhali belə dövlətdən cüzi dəstək və öz təsərrüfatları ilə dolanırlar.
- Qərbin bu müharibədə Ukraynanı meydanda tək qoyduğu iddia olunur. Sizin fikrinizcə, müharibə başlayan andan Qərbin Ukraynaya verdiyi vədlərin hansıları yerinə yetirilib?
- Qərbin ölkəyə humanitar yardımını əlbəttə ki, xüsusi vurğulamaq lazımdır. Ancaq göründüyü qədəriylə Qərb bölgədəki problemi sülh yolu ilə həllinə tərəfdardır. Ancaq istənilən halda Ukrayna xalqının gələcək taleyini onun öz əlində olduğunu düşünürəm. Çünki bu cür oxşar siyasi halların digər ölkələrdə necə həllini tapdığının şahidi olmuşuq.
- Ukrayna məsələsində Qərb-Rusiya qarşıdurmasının 3-cü dünya müharibəsinin başlaya biləcəyi demək olacaqmı?
- Düşünürəm ki, III Dünya müharibəsinin işartıları hələ 21-ci əsrin əvvəllərindən başlayıb. Yeni dünya nizamında bəzi ölkələrdə baş verən siyasi hadisələrin yeni bir dövrü Ukraynada başlayıb. Bu böyük geosiyasi hadisələr artıq Avropanın şərqində öz fəaliyyətini İsveç saatı kimi tam dəqiqliklə isə başlayıb. Ukrayna kimi böyük ərazili, lakin siyasi cəhətdən dayanıqsız ölkələr isə sadəcə böyük güclər üçün hərbi güclərini göstərməyə meydança rolunu oynayır. Ancaq yaxın zamanlarda dünya müharibəsinin olmasına inanmıram.
- Nədən Ukrayna məsələsində ABŞ başda olmaqla Qərb Rusiyaya qarşı çevrildi, amma Qarabağ məsələsində susdu. Bu nədən irəli gəlir və hansı amillərlə izah oluna bilər?
- Tamamilə doğru buyurursunuz. Ölkəmizin 90-cı illərin əvvəllərində yaşadığı hadisələri bir növ hal- hazırda Ukrayna yaşayır. Amma dediyiniz kimi Qərbin Qarabağ hadisəsində susması, indi isə Şərqi Ukrayna məsələsinə dəstəyi yalnız ikili standart kimi qiymətləndirmək olar. Çünki Dağlıq Qarabağ ərazilərindəki separatçılara, başda Amerika olmaqla Qərbin dəstəyi vardır, lakin Ukraynada olan separatçıları cani adlandırmağı bunun bariz nümunəsidir. Sadəcə Qarabağın mövcud durumu regional baxımdan istər Qərbə və istərsə də Rusiyaya sərf edəcək bir durumdadır. Bu problemin beynəlxalq arenada öz həllini tapmasının yalnız müəyyən zamana ehtiyacı vardır. Bir tərəfdən də Qarabağ probleminin öz həllini tapmamasında erməni diasporasının da az rolu yoxdur.
- Ukraynanın NATO-ya üzv olacağı xəbəri də reallaşmadı, sizin fikrinizcə NATO Rusiyadanmı ehtiyatlanır….
- Ukraynanın NATO-ya üzv olması artıq 3-cü dünya müharibəsinin başlanğıcı deməkdir, buna da başda Fransa olmaqla qərb olkələri razı deyildir. Çünki mövcud vəziyyətdə Qərbin istəyi problemin sülh yolu ilə həllini tapmasıdır. Onu da unutmamalıyıq ki, Rusiya bəzi mətbuatın vurğuladığı kimi o qədərdə zəif deyildir.
- Ukraynadakı Azərbaycan diaspor təşkilatlarını bu məsələdə mövqeyi necədir. Təşkilatlarımız arasında Rusiyameylli qüvvələr varmı?
- Ukraynada olan diaspor təşkilatlarımız müxtəlif fikirdə və müxtəlif maraqlarda bu məsələyə yanaşırlar. Amma hər halda ümumi istəyimiz Ukrayna xalqının oz istəyinə yaxın olmalıdır. Dövlətimizin də istəyi çox mühüm bir şəkildə nəzərə alınmalıdır. Cənab prezidentimizin də çıxışlarında vurğuladığı kimi Ukraynanın ərazi bütövlüyünü tam şəkildə tanımaq və xalqın mənafeyini dəstəkləməliyik.
- Azərbaycanda Ukraynadakı diaspor təşkilatlarımız arasında birliyin olmamsı fikri formalaşıb. Həqiqətənmi orada birlik nümayiş etdirə bilmirsiz və bunun səsəbləri nədir, kimdir günahkar. mümkündürsə konkret faktlara istinad edəsiniz?
- Diaspor təşkilatlarımız arasındakı problemlər tək Ukraynada deyil, bir çox ölkələrdə var. Günümüzə qədər lobbimizin formalaşmamasının başlıca səbəbi də budur. Öz şəxsi maraqlarına təşkilatı maraqları qurban verən diaspor nümayəndələri az deyildir. Bəzi hallarda, hətta bu pis münasibətlər səfirlik və təşkilatlar arasında da olur. Amma şükürlər olsun ki, Ukraynada səfirliklə təşkilatlar arasında belə bir problem yoxdur. Ən başlıca problem təşkilatların arasında münasibətlərin pis olmasındadır. Problemin həlli isə bir başlıca gənclərə dəstəkdədir. Cənab prezidentimizin neftdən gələn gəlirin insan kapitalına çevirilməsi siyasəti təəsüüflər ki, Ukraynadakı diaspor nümayəndələrinin bəzilərinə maraqlı deyildir. Burada böyük rus yazıçısı İ.S.Turgenovun “Atalar və Oğullar” əsərində qabardildigi kimi nəsillər arası dialoqun olmamasıdır. Sadəcə unutmq lazım deyildir ki, bu günün xaricdə yaşayan azərbaycanlı gənci sabahın diasporlarıdır və yalnız bu gənclər diaspordan lobbiçiliyə keçidi təmin edəcəklər.

Administratorla əlaqə

077 611-55-22

[email protected]