Ölkə

Nazirlər niyə cinayət törədir?

30-10-2015, 19:29
Nazirlər niyə cinayət törədir?


Oktyabrın 17-də Eldar Mahmudovun qəfildən milli təhlükəsizlik naziri vəzifəsindən azad edilməsi ölkədəki sükutu pozdu. Çünki bu, sıradan bir işdən çıxarılma deyildi. Ortada ciddi səbəblər olduğu cəmi bir gün sonra əyan oldu. Sən demə, Milli Təhlükəsizlik Nazirliyinin rəhbər şəxsləri səlahiyyət hədlərini aşıblarmış, qanunsuz telefon dinləmələri aparırlarmış, sahibkarlara qan uddururlarmış. Əlbəttə, hələlik cəmiyyətə açıqlanmayan başqa cinayət xarakterli əməllər törədilməsi də istisna deyil və zamanla bu da xalqımıza bəlli olacaq...
Ötən müddət ərzində Eldar Mahmudovun ətrafında sıx birləşən dəstənin dəhşətli qanunsuzluqlar törətdiyi üzə çıxıb. Ən azı 10 sahibkar başına gətirilən müsibətlərlə bağlı elə bizim redaksiyaya müraciət edib. Hələ o faktlar da var ki, Eldar Mahmudovun adamları böyük marketlərdən, sexlərdən də aybaay haqq yığırmış.

İndi hər kəs bunlardan danışır, medianın da gündəmi budur. Yazıları sosial şəbəkələrdə paylaşdıqca, bəzi insanlar sual edir ki, mətbuat bunları əvvəlcədən bilmirdimi? Baş verənlərdən kimsənin xəbəri yox idimi? Niyə vaxtında yazmırdınız? Niyə bu müsibətlərlə üzləşənlər danışmırdı? İlk baxışdan haqlı görünür bu iddialar. Amma əlahəzrət gerçəklik başqa bir şeydir.

Məsələ ondadır ki, Azərbaycanda nazirləri, nazirlikləri, hətta idarə və şöbə müdirlərini tənqid etmək, onların qanunsuz əməllərindən yazmaq son illərdə müşkülə çevrilmişdi. Bu, sirr deyildi ki, nazir-oliqarxlardan yazdıqda jurnalistlərin başına gətirilməyən müsibətlər olmurdu. Hə, yeri gəlmişkən bir olayı nəql edim.

Təxminən 1 il öncə redaksiyaya bir nəfər zəng etdi, öncə dedi ki, yazılarınızın kəsəri azalıb. Hətta bizi danladı ki, ölkədə sahibkarları soyurlar, şərləyirlər, şantaj edirlər, adamların başına min cür oyun açırlar. Niyə bunları yıxıb-sürümürsünüz, sərt yazmırsınız-filan. Dedim, qardaş, medianın peşə etikası çərçivəsində, həm də öz doğru bildiyimiz şəkildə, faktlar əsasında bildiklərimizi daim yazırıq. Zatən bu ölkədə ayaqda qalan iki-üç müstəqil media orqanı var, biz də onlardan biriyik. Qayıtdı ki, bəs siz bundan da yazın ki, MTN-in əməkdaşları gəlib biz sahibkarlara haqq qoyurlar, konkret olaraq mənim balaca limonad seximə vaxtaşırı adam göndərirlər, pul verməyəndə təhdid edirlər. Cavab verdim ki, lütfən, ad-soyadını de, yaxud da başına gətirilənləri özün öz imzanla yaz, dərc edək. Səsi tutulan kimi oldu, dedi ki, başıma oyun açarlar, məni tutarlar, balalarım gözüyaşlı qalar. Ondan soruşdum ki, məgər bizim balamız yoxdurmu? Sən özünü düşünürsən, bəs biz adam deyilik? Biz jurnalistlərin də başına gətirilməyən müsibətlər qalmır axı...

Bəli, məsələ ondadır ki, son illərdə ölkənin məmur-oliqarxları elə bir durum yaradıblar ki, onların korrupsioner, qanunsuz əməllərindən yazan media orqanını məhkəmələrə verib çökdürməyə çalışıblar, hədə-qorxu gəliblər, jurnalistləri tutublar, döyüblər, şantaj, təhqir ediblər, qohumlarının başına müsibətlər gətiriblər. Nəticə isə göz önündədir; ölkədəki nazirliklər özlərini arxayın hiss edərək, korrupsioner, cinayətkar yuvasına çevrilib. Əgər məmur-oliqarxların mətbuat üzərindəki basqıları, şantajları olmasaydı, söz və mətbuat azadlığı bu qədər məhdudlaşdırılmasaydı, bu arzuolunmaz situasiya da yaşanmazdı.

Artıq bütün dünyada sübut olunmuş məsələdir ki, əgər bir ölkədə mətbuatın fəaliyyəti məhdudlaşdırılıbsa, jurnalistlərin içində bir daxili senzura varsa, ictimai nəzarət yox səviyyəsindədirsə, o ölkədə nəinki inkişaf zəifləyəcək, məmurlar özlərini kiçik padşahlar, toxunulmaz adamlar hesab edib artıq dövlətin özünü təhdid edəcəklər. Necə ki, biz hazırda bunun şahidi olmaqdayıq.

Fikrimizcə, baş verənlər dövlət üçün ciddi siqnal olacaq. Faktlar göstərir ki, müstəqil mətbuatı zəif salmaq sonda hakimiyyətin, dövlətin özü üçün problemlər yaranmasına səbəb olur. Şübhə qalmamalıdır ki, vətənpərvər insanların çalışdığı media orqanı dövlətin düşməni yox, məhz dostudur. Yaxşı dost eyibi üzünə deyib, onun təkrarlanmasına yol verməyəndir...

Elşad MƏMMƏDLİ

Administratorla əlaqə

077 611-55-22

[email protected]