Xəbərlər / Siyasət

AXCP sədrinin köməkçisinin məhkəməsində şahidlər ifadə verib

12-06-2017, 18:35
AXCP sədrinin köməkçisinin məhkəməsində şahidlər ifadə verib
Bu gün Səbayel rayon Məhkəməsində AXCP sədri Əli Kərimlinin köməkçisi, “Azadlıq” qəzetinin direktoru Faiq Əmirlinin cinayət işi üzrə məhkəmə iclası keçirilib.

APA-nın xəbərinə görə, hakim Aytən Əliyevanın sədrliyi keçirilən prosesdə "Azadlıq" qəzetinin iki əməkdaşı - redaktoru Sücəddin Şərifov və müxbiri Vidadi Məmmədov şahid qismində dindirilib.


Prosesdə qəzetdə elan yerləşdirmiş Samir İsgəndərov, Sevda Muradova, vəkil Cavanşir Süleymanov və digərləri də ifadə veriblər.

Məhkəmədə "Qaya", "Qasid", "Press-Elita" mətbuat yayımı firmalarının məsul şəxsləri də dindirilib.

Prosesdə ifadə verən "Qasid" ASC-nin sədr müavini Ağəli İsmayılov "Azadlıq"ın satılan nüsxələrinə görə qəzetə 67 min manat borclu olduqlarını təsdiqləyib.


Məhkəmə iyunun 19-da davam edəcək.


Qeyd edək ki, F. Əmirli ötən il avqustun 20-də saxlanılıb. Saxlanılarkən ona qarşı Cinayət Məcəlləsinin 283.1-ci (milli, irqi, sosial və ya dini düşmənçiliyin salınmasına, milli ləyaqətin alçaldılmasına, habelə milli, irqi, sosial və ya dini mənsubiyyətindən asılı olaraq vətəndaşların hüquqlarının məhdudlaşdırılmasına və ya üstünlüklərinin müəyyən edilməsinə yönələn hərəkətlər, aşkar surətdə və ya kütləvi informasiya vasitələrindən istifadə olunmaqla törədildikdə) maddəsi üzrə ittiham irəli sürülüb.



Daha sonra Cinayət Məcəlləsinin 168.1-ci (Dini məzhəbləri yaymaq və dini ayinlərin icrası adı altında fəaliyyət göstərən və bu fəaliyyətlə ictimai asayişi pozan, yaxud vətəndaşların sağlamlığına zərər vuran və ya formasından asılı olmayaraq vətəndaşların hüquqlarını pozan, habelə vətəndaşların qanunla müəyyən edilmiş vəzifələrini yerinə yetirməkdən yayındıran qrup təşkil etmə, ona rəhbərlik etmə və ya belə qrupda iştirak etmə) maddəsi ilə ittiham olunub.


Onun avtomobilindən Fətullah Terror Təşkilatının (FETÖ) lideri Fətullah Gülənə aid kitablar tapılıb.

Administratorla əlaqə

077 611-55-22

[email protected]