Gündəm

“Nardaran işi” məhkəməsində zalı «İstefa!», «Azadlıq!», «Şah getsin!» şüarları bürüyüb.

17-10-2016, 23:38
“Nardaran işi” məhkəməsində  zalı «İstefa!», «Azadlıq!», «Şah getsin!» şüarları bürüyüb.

«Nardaran işi» üzrə oktyabrın 17-də keçirilən məhkəmə iclası qalmaqallı olub. Məhkəmə zalını «Azadlıq!», «İstefa!», «Şah getsin!» şüarları bürüyüb. Təqsirləndirilən şəxslər Abbas Hüseynovun məhkəmədən uzaqlaşdırılmasına etirazlarını bu cür bildiriblər.

«İBRAHİM KAZIMOV BARƏDƏ ÖLÇÜ GÖTÜRÜLMƏYİB»

Məhkəmə iclası başlananda məlum olub ki, təqsirləndirilən şəxslərdən Abbas Hüseynov zalda yoxdur. Onun vəkili Nemət Kərimli bildirib ki, ötən məhkəmə iclasında DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşı İbrahim Kazımovla insidentdən (təqsirləndirilən şəxslər onun tərəfindən işgəncələrə məruz qaldıqlarını bildirirlər və bu səbəbdən o, dindirilərkən tərəflər bir-birinə ayaqqabı atmışdılar) sonra Abbas Hüseynovun məhkəmə prosesindən uzaqlaşdırılması barədə qərar qəbul olunub. Lakin bu barədə vəkili kimi onlara heç bir məlumat verilməyib.

Məhkəmə prosesinə sədrlik edən hakim Əlövsət Abbasov bildirib ki, İbrahim Kazımova qarşı nalayiq hərəkətə görə (üzünə tüpürüb) məhkəmə Abbas Hüseynovun müvəqqəti kənarlaşdırılması barədə qərar qəbul edib.

Bu zaman vəkillər hakimin nəzərinə çatdırıb ki, İbrahim Kazımov özü də məhkəməyə hörmətsizlik edib, ədəbsiz ifadələr işlədib, zalı tərk edərkən təqsirləndirilən şəxslərin hamısını təhqir edib. Amma məhkəmə onun barəsində heç bir ölçü götürməyib.

«ATASI İLƏ NƏ İŞİ VAR?»

Təqsirləndirilən şəxslərdən «Müsəlman Birliyi Hərəkatı»nın sədri Taleh Bağırov bildirib ki, Abbas Hüseynov məhkəmə prosesindən uzaqlaşdırılmaqla yanaşı, həm də son iclasdakı məlum insidentdən sonra istintaq təcridxanasında «kars»a salınıb: «Abbasın atası rəhmətə gedib. Abbasa deyir ki, «Şrek sənin atandır». Əvvəla, bu adama hamı «Şrek» deyir. İkincisi, sözü var, Abbasın özünə desin, atası ilə nə işi var?! Əgər Abbasın məhkəmədə iştirakına icazə verilməsə, biz etiraz edəcəyik».

Polisin də məhkəmədə nalayiq ifadələr işlətməsi barədə deyilənlərə hakimin «o da insandır, əsəbləri var» cavabını verməsi təqsirləndirilən şəxsləri hiddətləndirib.

«Məgər qanunda elə bir şey var ki, təhqirə təhqirlə cavab verilməlidir? Sizin bu məntiqiniz Abbasa bəraət qazandırır. Çünki o, Abbasa və digərlərinə dəhşətli işgəncələr verib, onları təhqir edib», – təqsirləndirilən şəxslərdən AXCP sədrinin müavini Fuad Qəhrəmanlı bildirib.

«REJİMİN ZÜMLƏRİNİ ÖRT-BASDIR EDİRSİNİZ»

Hakim bildirib ki, Abbas Hüseynov məhkəmədə iştirakla bağlı yazılı müraciət etsə, ona baxıb qərar çıxarıla bilər. Vəkillər bu məsələ barədə məsləhətləşmə üçün Abbas Hüseynovla görüşmələrinə imkan yaradılması və bu məqsədlə prosesdə qısa fasilə elan olunmasını istəsələr də, hakim razılaşmayıb. Ardınca Taleh Bağırov məhkəməyə müraciət edib: «Siz bu rejimin zülmlərini ört-basdır edirsiniz. Bu rejim zalım rejimdir. Bu rejim getməlidir!».

Bundan sonra zalı «İstefa!», «Azadlıq!», «Şah getsin!» şüarları bürüyüb.

Hakim təqsirləndirilən şəxslərin sakitləşmədiyini görüb prosesdə fasilə elan edib.

Ötən il noyabrın 26-da Nardaran qəsəbəsində keçirilən xüsusi əməliyyatda ikisi polis olmaqla, altı şəxs həlak olub. «Müsəlman Birliyi Hərəkatı»nın 70-dən çox tərəfdarı həbs edilib. Onların daha yüngül maddələrlə ittiham edilənlərin məhkəməsi başa çatıb. Həmin şəxslər 1 il 6 aydan 6 il 6 aya qədər həbs cəzası alıblar. Taleh Bağırov, Abbas Hüseynov və daha 16 nəfərin məhkəməsi ayrılıqda davam edir. T.Bağırov və onunla saxlananlar qətldə, daha bir çox ağır cinayətlərdə ittiham edilir. Təqsirləndirilən bu ittihamları rədd edirlər, onlardan ifadələrin işgəncə altında alındığını bildirirlər. (azadliq.org)

Administratorla əlaqə

077 611-55-22

[email protected]