Əsas Səhifə / Gündəm

Polislər öz öhdəliklərini yerinə yetirmir?

31-12-2015, 17:36

Azərbaycanda fırıldaqçılıq faktlarının sayı artmaqdadır. Hüquq müdafiəçilərinin fikrincə, bunun səbəblərindən biri də polisin fırıldaqçıları cinayət məsuliyyətinə cəlb etməyə yetərincə arzu və həvəs göstərməməsidir.
Qafqaz Xəbər Agentliyinə iş adamı Orxan Abdinov müraciət edib. Onun sözlərinə görə, o, Salyan rayonu Marışlı kənd sakini Ramin Səmədov tərəfindən fırıldağa məruz qalıb.

"Mən Sədərək Ticarət Mərkəzində elektrik malları ilə ticarət edirəm. Ramin Səmədov isə Dərnəgüldə ticarət obyekti işlədir. Ramin məndən satmaq üçün 51 min manatlıq mal götürdü, eləcə də borc olaraq 57 min manat pul aldı.Bizim aramızdakı razılığa görə, o, mənə 108 min manat verməli idi. Lakin Ramindən heç nə ala bilmədim”, – deyə O.Abdinov bildirib.
"Siz Səmədovdan pula və mala görə yazılı öhdəlik aldınızmı?”, – deyə əməkdaşımız soruşdu.
"Yox, mən onun təmiz sözünə inandım”, – deyə şikayətçi qeyd etdi.
R.Səmədova niyə inanması ilə bağlı suala isə belə cavab verib: "O, məndən bir neçə min manatlıq mal almış, pulu vaxtında ödəmişdi. Ramin dedi ki, Dövlət Sərhəd Xidmətinin inşaat işləri üçün elektrik məhsulları təchiz edir, məni Əfqan adlı prorabla da tanış etdi. Əfqan onun sözlərini təsdiqlədi”.
"Ondan pulu qaytarmağı tələb etdinizmi?” – deyə əməkdaşımız soruşdu.
"Mənim tələblərimi vecinə almadı. Sonra mən şikayətlə Salyan Rayon Polisinə müraciət etdim. Mənim şikayətim Salyan rayonu cinayət-axtarış şöbəsinin Fəxri adlı rəisinə(soyadını bilmirəm) yönəldildi”, – deyə şikayətçi bildirib.
Şikayətçinin sözlərinə görə, rəis Ramin Səmədovu şöbəyə dəvət edib, həmin şəxs də yazılı şəkildə bildirib ki, həqiqətən də, Orxan Abdinova borcludur.
"Cinayət-Axtarış Şöbəsinin rəisi mənə dedi ki, sən Raminə 10 min manat ver, o evini sənin adına keçirsin. Mən imtina etdim, soruşdum ki, onun mənə 108 min manat verəcəyi halda, mən niyə 10 min verməliyəm? Amma Fəxri müəllim mənim sualımı cavabsız qoydu”, – deyə şikayətçi əlavə edib.
Biz məsələnin əslini öyrənmək məqsədi ilə adıkeçən polis rəisi ilə əlaqə saxladıq.
Salyan Rayon Cinayət-Axtarış Şöbəsinin rəisi Fəxri adlı şəxs Orxan Abdinovun sözlərini təsdiqlədi: "Mən ona əvəz olaraq Raminin mənzilini təklif etdim. Lakin o imtina etdikdə, mən dedim ki, daha bu işlə məşğul olmaq istəmirəm”.

Administratorla əlaqə

077 611-55-22

[email protected]