Əsas Səhifə / Ölkə

Salyanda polis əməkdaşının adı 108 min manatlıq fırıldağa qarışdı – ŞİKAYƏT

5-01-2016, 16:36

Salyan Rayon Polis şöbəsinin Cinayət-Axtarış bölməsinin rəisinin "xahişlə” qarışdığı məsələ "rüşvət” ittihamı ilə uzanır

Bəzən vətəndaşlar öz hüquqlarını bilməməsinə görə, bəzən də aidiyyatı olan qurumların və ya vəzifəsindən sui-istifadə edən şəxslərin ucbatından aldadılır, fırıldağa məruz qalırlar.Qafqaznews.az saytı olaraq, davamlı olaraq vətəndaşların şikayətlərini, sosial problemləri işıqlandırır, araşdırırıq. Bu günlərdə Qafqaz Xəbər Agentliyinə Orxan Abidov müraciət edib. Onun sözlərinə görə, o, Salyan rayonu Marışlı kənd sakini Ramin Səmədov tərəfindən fırıldağa məruz qalıb. "Mən Sədərək Ticarət Mərkəzində elektrik malları ilə ticarət edirəm. Ramin Səmədov isə Dərnəgüldə ticarət obyekti işlədir. Ramin məndən mart ayında satmaq üçün 51 min manatlıq mal götürdü, yayda isə borc olaraq 57 min manat pul aldı.

Demişdi ki, Dövlət Sərhəd Xidmətinin və bir neçə imkanlı şəxsin tikinti işləri üçün elektrik malları təchiz edəcək, borcumu da qısa müddətdə qaytaracaq.Bizim aramızdakı razılığa görə, o, mənə ümumilikdə 108 min manat verməli idi. Borcunu hissə-hissə ödəməyə söz vermişdi. Lakin Ramindən heç nə ala bilmədim”, – deyə O.Abdinov bildirib. O, R.Səmədova niyə inanması ilə bağlı suala isə belə cavab verib: "O, məndən bir neçə min manatlıq mal almış, pulu vaxtında ödəmişdi. Ramin dedi ki, Dövlət Sərhəd Xidmətinin inşaat işləri üçün elektrik məhsulları təchiz edir, məni Əfqan adlı iş rəhbəri ilə tanış etdi. Əfqan onun sözlərini təsdiqlədi.

Daha sonra isə Əfqan ona pulu ödədiyini bildirdi. Lakin məlum oldu ki, Ramin ona da borclu imiş, pulu borcundan çıxıblar. Dəfələrlə onu tapmağa, borcu barədə danışmağa çalışdım, amma o məndən qaçdı, hətta xəbər göndərdi ki, "kimə şikayət edir etsin”. Mənim tələblərimi vecinə almadı. Sonra mən şikayətlə Salyan Rayon Polisinə müraciət etdim. Mənim şikayətim Salyan rayonu cinayət-axtarış şöbəsinin Fəxri adlı rəisinə(soyadını bilmirəm) yönəldildi”. Şikayətçinin sözlərinə görə, Salyan CAB rəisi Ramin Səmədovu şöbəyə dəvət edib, həmin şəxs də yazılı şəkildə bildirib ki, həqiqətən də, Orxan Abdinova borcludur.

"Cinayət-Axtarış  bölməsinin rəisi mənə dedi ki, sən Raminə 10 min manat ver, o evini sənin adına keçirsin. Mən imtına etdim, soruşdum ki, onun mənə 108 min manat verəcəyi halda, mən niyə 10 min verməliyəm? Amma Fəxri müəllim mənim sualımı cavabsız qoydu. Qayıdandan sonra Ramin mənə dedi ki, "şikayətinlə heç nə dəyişmədi, mən Fəxriyə də 5 min verib çıxdım”. Belə çıxır ki, polisə də pul verib. Borcu qarşılığında təklif etdiyi Zabratdakı evi də başqaları borcuna görə əlindən alıblar ”, – deyə şikayətçi əlavə edib.

Biz məsələnin əslini öyrənmək məqsədi ilə adıkeçən polis bölmə rəisi ilə əlaqə saxladıq. Salyan Rayon Cinayət-Axtarış bölməsinin rəisi Fəxri adlı şəxs Orxan Abdinovun sözlərini qismən təsdiqlədi: "Orxan Abdinov sahə müvəkkilinə ərizə yazmışdı. Məndən tanış adam xahiş etdi ki, mən bu işlə məşğul olum. Amma əslində bu mülki məsələdir. Onların öz aralarında razılaşmaları üçün şərait yaratmağa çalışdım, amma razılaşa bilmədilər. Sonra bu işlə məşğul olmadım, çünki bu məsələ məhkəmə qaydasında həll olunmalıdır”. Fəxri müəllimdən "10 min manat əvəzində ev verilməsi” və "5 min manat rüşvət " məsələsini soruşduq, o isə inkar etdi: "Yox, belə söhbət olmayıb, böhtandır. Sizin də haqqınızda çox şey deyə bilərlər.

Mən heç kimdən pul istəməmişəm, almamışam”. Həmsöhbətimizdən soyadını soruşmağa və əlavə informasiya almağa çalışsaq da, Fəxri müəllim buna lüzum görmədiyini dedi: "Nə gərək var buna? Mənim soyadımı bilmək istəyirsiniz, gəlin Salyana, söhbət edək”. Adıkeçən Ramin Səmədova zəng etsək də, telefonu açmadı. Bəlli ki, bu iki vətəndaş arasında borc və ya fırıldaq məsələsidir, hətta deyəlim, mülki məsələdir… Lakin bir sual yaranır: əgər bir polis zabiti "ona aid olmayan” məsələyə qarışırsa, sonra başqalarına fırıldaq gələn bir insanı sərbəst buraxaraq, özü haqqında böhtan yaymasına necə imkan yaradır? Necə deyərlər, insan gərək bacardığı işlə məşğul olsun. Mövzunu diqqətdə saxlayacağıq, bizi izləyin.

Sənan Məmmədli

Administratorla əlaqə

077 611-55-22

[email protected]