Ölkə

“Neftçala RPŞ-də dələduzluq əməlinə “mülki iş” adı qoyublar” – ŞİKAYƏT

27-11-2016, 16:50
“Neftçala RPŞ-də dələduzluq əməlinə “mülki iş” adı qoyublar” – ŞİKAYƏTAdil Dadaşov: "Elvin Sarıyev mənə dedi ki, təhqiqatçı Tariyel Əmirova pul vermişəm, indi get məni məhkəməyə ver” 
Ölkə mətbuatında "şərikli iş” adı ilə dələduzluğa məruz qalan, aldadılaraq pulu mənimsənilən vətəndaşların şikayətlərinə tez-tez rast gəlmək olar. Bəzən elə olur ki, dələduzluq əməlini ifşa edən dəlil və sübutlarla hüquq mühafizə orqanlarına müraciət edən vətəndaşlar "qeyri-müəyyən” səbəblərdən məyusluğa uğrayır. Çünki işi araşdıran bəzi təhqiqatçı və ya müstəntiqlər yalnış olaraq bu və digər şikayətlərə "mülki iş” adı qoyaraq, şikayətçiyə məhkəməyə müraciət etməyi tövsiyə edirlər. Məhkəmə yollarında get-gəldən bezən bir çox vətəndaş da, hüquqlarının müdafiəsi üçün artıqlaması ilə xərcə düşür; hətta məhkəmədə qalib gəlsə belə, mənimsənilən pulunu ya bir neçə ilə geri alır, ya da ümumiyyətlə, ala bilmir. 
Bu günlərdə Qafqaz Xəbər Agentliyinə müraciət edən Bakı sakini Adil Dadaşov bildirib ki, onun Neftçala sakini Elvin Sarıyevlə bağlı şikayəti Neftçala RPŞ-nin təhqiqatçısı Tariyel Əmirov tərəfindən düzgün araşdırılmayıb: "2014-cü ildə Neftçala sakini Elvin Raqif oğlu Sarıyev təklif etdi ki, ona dörd min manat pul verim və o, dənizdə balıqçılıqla məşğul olaraq, mənə vaxtaşırı pul göndərəcək. Guya, bizim şərikli qayığımız və ümumi işimiz olacaqdı. Pulu Xətai rayonu ərazisində, şahidlərin iştirakı ilə vermişdim. O, məndən əlavə olaraq tor üçün də 280 manat pul aldı və daha sonra mənə bir qəpik də pul vermədi. 
Dəfələrlə Neftçalaya getsəm də, ondan pulumu ala bilmədim. Sonra məcbur qalaraq, Neftçala RPŞ-yə müraciət etdim. Lakin təhqiqatçı, əslən Neftçaladan olan Tariyel Əmirov işdə Elvin Sarıyevin xeyrinə "dönüş” etdi, şikayətimə "mülki iş” adı qoyaraq, rədd etdi. Qeyd edim ki, T.Əmirov mənə 1500 manat müqabilində E.Sarıyevlə barışmağı da təklif etmişdi. Mən etiraz edib pulumu tam tələb etdiyimdə, Elvin Sarıyev ümumiyyətlə pul verməkdən boyun qaçırdı. O, məndən dörd min manatı aldığını etiraf etsə də, müxtəlif bəhanələrlə bunu borc məsələsinə çevirməyə çalışırdı. 
Elvinin "Mitsubishi Pajero” markalı avtomobili vardı, təhqiqat vaxtı tələm-tələsik satdı, indi idarə etdiyi "Niva” isə başqasının adınadır. Öz adına olan əmlakları başqalarının adına keçirir ki, ondan heç nə ala bilməyim. Sonradan Elvin Sarıyev mənə dedi ki, təhqiqatçıya pul vermişəm, mənə cinayət işi açdıra bilməyəcəksən: "Get məhkəməyə ver, uzaqbaşı ayda 20 manat verəcəm sənə”. 
Hazırda təhqiqatçı T.Əmirovun qərarının ləğv olunması üçün Respublika Baş Prokuroruna müraciət etmişəm, ordan da şikayətim yönəldilib Neftçala Rayon Prokurorluğuna.Yaxın günlərdə ora ifadə verməyə gedəcəyəm”. 
Adil Dadaşovun nümayəndəsi Zümrüd Məmmədova Qafqaznews.az-a bildirdi ki, bəzi hallarda bölgələrdəki polis əməkdaşları öz həmyerlilərinə, ya da tanışlarına qarşı şikayətlərə "mülki iş” kimi hüquqi qiymət verməyə çalışırlar: "Adil Dadaşovun başına gələn ədalətsizlik də belə hallardandır. İşdə konkret olaraq dələduzluq əlamətləri var. Lakin təhqiqatçı bu dələduzluq faktlarını görməzdən gəlib”. Təhqiqatçı Tariyel Əmirov isə Qafqaznews.az-a bildirdi ki, onun haqqında deyilənlər böhtandır və hüquqi əsası yoxdur: "İşi araşdırmışıq, borc məsələsidir. Elvin Sarıyev qayıq üçün Adil Dadaşovdan pul alıb, sonra qaytarmağa imkanı çatmayıb, təklif edib ki, hissə-hissə ödəsin. Vətəndaş məhkəməyə müraciət edə bilər”. 
Elvin Sarıyevin özü isə qeyd edib ki, Adil Dadaşovla 2500 manata məsələni bağlamağa razılaşıblar: "Mən ona bir dəfə 1300 manat vermişəm, bir dəfə də Bakıda yaşayan Azad adlı tanışım vasitəsilə 950 manat pul göndərmişəm. Lakin Adil Dadaşov Azadla görüşüb pulu almaq istəmir. Qayığı satmışam əmimuşaqlarına, hələ pulu tam ödəməyiblər. Tariyel Əmirov həqiqətən də yerlimdir, amma mən ona heç nə verməmişəm. Balıq tutanda da, vaxtaşırı Adil Dadaşova pul göndərirdim”. 
Adil Dadaşovla yenidən əlaqə saxladıq. "Həqiqətənmi, Elvin Sarıyev sizə 1300 manat bir dəfə, 950 manat da sonradan Azad adlı şəxs vasitəsilə pul göndərib və siz bu məsələni 2500 manata bağlamağa razılaşmısınız?”, – deyə soruşduq. "Elvin Sarıyev yalan deyir. Mənə torun pulundan cəmi 280 manat pul göndərib. İki il ərzində ondan bu puldan savayı, bir qəpik də almamışam. Azada da onun borclu olduğunu bilirəm. Amma dedikləri qatı yalandır. Mən pul alsaydım, deyərdim ki, almışam”, – deyə A.Dadaşov cavab verdi. Azad adlı şəxsin nömrəsini əldə edib dəfələrlə zəng etsək də, qarşı tərəf zənglərimizə cavab vermədi. 
Rüfət Əhmədzadə 

Administratorla əlaqə

077 611-55-22

[email protected]