İqtisadiyyat

Prezidentdən mühüm fərman - Vergi borcları silindi

12-01-2017, 23:40
Prezidentdən mühüm fərman - Vergi borcları silindi

Prezident İlham Əliyev Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında qanunun tətbiqi barədə fərman imzalayıb.

Xeberman.com xəbər verir ki, vergi amnistiyası haqqında qanunda bildirilir ki, sahibkarlığın inkişafının stimullaşdırılması, əlverişli biznes mühitinin formalaşdırılması və vergi yükünün optimallaşdırılması məqsədi ilə dəyişiklik aşağıdakı qaydada olacaq:

Maddə 1. Vergi ödəyicilərinin vergilərin vaxtında ödənilməməsinə görə hesablanmış faizlər üzrə borclarının tənzimlənməsi

Vergi ödəyicilərinin vergilərin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə ödənilməməsinə görə hesablanmış faizlər üzrə 2017-ci ilin 1 yanvar tarixinə vergi orqanlarındakı şəxsi hesab vərəqələrində mövcud olan borcları müvafiq icra hakimiyyəti orqanı tərəfindən silinir.

Maddə 2. Vergi ödəyicilərinə vergi orqanları tərəfindən tətbiq edilən maliyyə sanksiyaları üzrə yaranmış vergi borclarının tənzimlənməsi

2.1. Vergi ödəyicilərinin vergi orqanları tərəfindən Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 58.7-ci maddəsinə əsasən tətbiq edilən maliyyə sanksiyaları üzrə yaranmış 2017-ci ilin 1 yanvar tarixinə vergi orqanlarındakı şəxsi hesab vərəqələrində mövcud olan borcları müvafiq icra hakimiyyəti orqanı tərəfindən silinir.

2.2. Bu Qanunun 2.1-ci maddəsi nəzərə alınmaqla, vergi orqanları tərəfindən aparılmış digər vergi nəzarəti tədbirləri və yoxlamalar zamanı vergi ödəyicilərinə tətbiq edilmiş maliyyə sanksiyaları üzrə yaranmış vergi borclarının silinməsi aşağıdakı qaydada həyata keçirilir:

2.2.1. vergi ödəyiciləri tərəfindən 2017-ci ilin yanvar ayı ərzində həmin maliyyə sanksiyalarının 30 faizi ödənildikdə – maliyyə sanksiyalarının ödənilməmiş 70 faizi müvafiq icra hakimiyyəti orqanı tərəfindən silinir;

2.2.2. vergi ödəyiciləri tərəfindən 2017-ci ilin yanvar–fevral ayları ərzində həmin maliyyə sanksiyalarının 50 faizi ödənildikdə – maliyyə sanksiyalarının ödənilməmiş 50 faizi müvafiq icra hakimiyyəti orqanı tərəfindən silinir;

2.2.3. vergi ödəyiciləri tərəfindən 2017-ci ilin yanvar-mart ayları ərzində həmin maliyyə sanksiyalarının 70 faizi ödənildikdə – maliyyə sanksiyalarının ödənilməmiş 30 faizi müvafiq icra hakimiyyəti orqanı tərəfindən silinir.

Maddə 3. Yekun müddəa

Bu Qanunun müddəaları vergi ödəyicilərinin bu Qanunun 1-ci və 2-ci maddələri ilə müəyyən edilmiş borclarının məcburi ödənilməsi barəsində məhkəmə qərarı qəbul edilmiş, lakin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan ödənilməmiş hissələrinə də şamil edilir.

Bu Qanun 2017-ci il yanvarın 1-dən qüvvəyə minir.

Administratorla əlaqə

077 611-55-22

[email protected]