Bakı Texniki Kollecində ziyalılarla tələbələrin görüşü keçirilib.
"Kür-Xəzər" Xeyriyyə İctimai Birliyi tərəfindən Bakı Texniki Kollecində "Azərbaycançılıq-milli ideologiyamız" mövzusunda ziyalılarla tələbələrin görüşü keçirilib.
Görüş Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilən "Gənclər arasında azərbaycançılıq ideyasının təşviqinə dair tədbirlərin təşkili” layihəsi çərçivəsində baş tutub.
Tədbiri giriş sözü ilə açan Bakı Texniki Kollecinin direktor Fərrux Məmmədov Ulu Öndər Heydər Əliyevin azərbaycançılıq ideologiyasının formalaşmasındakı rolundan və dövlətçiliyin inkişaf etdirilməsində bu ideologiyanın təməl prinsip olmasından, Prezident İlham Əliyev tərəfindən bu ideologiyaya əsaslanan dövlət siyasətinin inkişaf etdirilməsindən bəhs etmişdir.
"Kür-Xəzər" xeyriyyə ictimai birliyinin nümayəndəsi Əziz Hüseynov layihə haqqında tələbələrə məlumat verərək qeyd etmişdir ki, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Azərbaycançılıq-milli ideologiyamız" adlı bülleten hazırlanmış, təhsil ocaqlarına ziyalıların səfərləri təşkil olunmuşdur.
Tədbirdə iştirak edən qonaqlardan 20 yanvar cəmiyyətinin sədr müavini Mustafa Əliyev, Dünya Azərbaycanlıları Assambleyasının diaspora və lobbiçilik üzrə vitse-prezidenti Sərraf Kərimov, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Mikayıl Müşfiq və "Qızıl qələm" mükafatları laureatı, şair Oqtay Rza Azərbaycançılıq və vətənpərvərlik mövzusunda fikirlərini tələbələrlə bölüşdülər.
Tələbələrdən Humay Əlizadə "Heydər Əliyev və Azərbaycançılıq", Günel Musazadə "Vətənpərvərlik - öz zəhmətini sevmək deməkdir" mövzularında çıxışlar etdilər.
"Kür-Xəzər" xeyriyyə ictimai birliyi tərəfindən "Azərbaycançlıq - milli ideologiyamız" bülleteni, şair Oktay Rza tərəfindən isə müəllif kitabları kollecin kitabxanasına hədiyyə edildi.