Siyasət

Hikkinin həbsinə görə hakimiyyəti tənqid edənlərə deputatlardan sərt cavab

27-08-2016, 01:53
Bəxtiyar Sadıqov: "Azərbaycanın üzərinə hücuma keçən qüvvələr formalaşıb”

Fəzail Ağamalı: "Bu cür əbləhlik ola bilməz”

Avropa Olimpiya Komitəsinin sədri Patrik Hikkinin qanunsuz biletlərin satışında şübhəli bilinərək həbs edilməsinin ardından Azərbaycan hakimiyyəti ciddi tənqidlərə məruz qalır. 
Ölkə iqtidarının bu qədər sərt şəkildə qınamasına səbəb  ötən il Bakıda keçirilən Avropa Oyunlarının əsas təşkilatçısının P.Hikki hesab olunmasıdır. Avropa Oyunlarının yüksək səviyyədə təşkil olunmasında göstərdiyi xidmətə və əməyə görə o, ölkə başçısı tərəfindən "Şərəf” ordeni ilə də təltif olunub. Bütün bunlar onun həbsindən sonra iqtidara müxalif olan şəxslərin əlinə sanki şans verib. Sosial şəbəkələrdə və müxalifətə yaxın mətbuat orqanlarının əksərində hakimiyyət qınanır, tənqid edilir. Bütün bunlara baxmayaraq, iqtidarı bu məsələdə qınayanlara rəqib olanlar da var. Onlar hesab edirlər ki, bir il öncə Bakıda keçirilən Avropa Oyunlarında Hikkinin xidmətlərinin olmasının, eləcə də, hakimiyyət tərəfindən mükafatlandırılmasının onun həbsi ilə heç bir əlaqəsi yoxdur. 

"Azərbaycan” qəzetinin baş redaktoru, YAP-çı deputat Bəxtiyar Sadıqov musavat.com-a açıqlamasında bildirdi ki, birinin günahına görə başqasını qınamaq sovet dövrünün təfəkkürüdür: "İnsanlar həm səhvlər, həm xeyirxahlıqlar edərlər, həm də cəmiyyət tərəfindən qınanan addımlar ata bilərlər. Bu həyatdır, həyatda hər şey olur. Sovet dövründə olurdu ki, bir nəfəri repressiyaya məruz qoyurdular, sonra da onun ailəsini sürgün edir, təzyiqlərə məruz qoyur, bəzi hallarda isə ümumiyyətlə, iş vermir, çörəyə möhtac qoyurdular. Yəni bunlar bolşevik təfəkkürüdür. Bu gün də mətbuatda Hikkinin həbsi, onun qanunsuz bilet satışı ilə məşğul olması barədə xəbərlər gedir. Bundan istifadə edib, Azərbaycanın üzərinə hücuma keçən qüvvələr formalaşıb. Əgər bunu azərbaycançı qüvvə, yaxud ermənilər etsəydilər, anlamaq olardı. Amma yenə də bu tipli insanları başa düşürəm. Əgər o insanlar dünyanın harasındasa nəsə bir hadisə baş verəndə, bunu Azərbaycana bağlamaq istəyirlərsə, onların hamısı əslində anti-Azərbaycan şəbəkəsinin üzvləridir, onlar erməni diasporundan gizli formada qrant alanlardır. Buna qəti əminəm. Patrik Hikki Avropa Olimpiya Komitəsinin rəhbəri olub. Onu həmin vəzifəyə Azərbaycan təyin etməyib. Seçki nəticəsində sədr olub ki, həlledici səs o zaman Azərbaycana məxsus olub. Azərbaycan Avropa Oyunlarını keçirmək üçün müsabiqəyə qatılıb, təkliflərini verib və qazanıb. Göründüyü kimi də, ölkəmiz çox böyük yarışma təşkil etdi. İdmançılarımız Avropada həmin vaxt ikinci oldular. Böyük qələbə olduğundan bununla fəxr etdik. Bu hadisədən sonra Hikki haradasa bilet satışına qurşanıb, mənafe güdübsə, bunu Azərbaycana bağlamaq nə hüquqi, nə də insanlıq cəhətdən düzgün deyil. Azərbaycan vətənpərvərliyi ilə bir araya da sığmır. Kim hardasa əməl törədirsə, buna görə də cavabdehlik daşıyır. Azərbaycan nə vaxtsa onunla əməkdaşlıq, dostluq etmiş insanların sonradan törətdiyi əməllərə görə məsuliyyət daşımır. O araşdırmanı aparan hüquq mühafizə orqanları bir dəfə də ölkəmizin adını çəkməyiblər. Amma niyə Azərbaycanda olanlar zorla bu hadisəni ölkəmizə bağlamaq istəyirlər? Bu nə münasibət, nə azərbaycançılıqdır? Buna ancaq təəssüflənmək olar ki, Hikki belə bir səhvə yol verib. Araşdırma aparılır, cəzası veriləcək. Azərbaycan onu mükafatlandırıb. Həqiqətən I Avropa Oyunlarının keçirilməsində Azərbaycanla əməkdaşlıq etdi, oyunların yüksək səviyyədə təşkil olunmasında müəyyən zəhmət çəkdi. Buna görə də ölkəmiz onun zəhmətini qiymətləndirdi. Amma bu gün onun əməlinin kölgəsi heç vaxt Azərbaycanın üzərinə düşə bilməz. Çünki bu işə ölkəmiz şərik deyil. Kimsə Azərbaycanı bu işə bulaşdırmaq istəyirsə, yaxşı olar ki, öz adına, əməllərinə baxsın. O zaman  görəcək ki, tutduğu yol, vətənə qarşı düşmənçilik düzgündürmü? Azərbaycanın üzərinə kölgə salmaq cəhdi qeyrətli vətəndaş münasibəti ola bilməz”.

İqtidaryönlü deputat Fəzail Ağamalı da hesab edir ki, Azərbaycanda təşkil olunan Avropa Oyunlarında Hikkin böyük əməyi danılmazdır: "Onun Avropa Oyunlarında böyük rolu oldu, töhfələr verdi. Haqlı olaraq bunun müqabilində ölkə rəhbəri onu mükafatlandırdı və əməyini bu şəkildə qiymətləndirmək üçün belə addım atdı. Ondan sonra istənilən şəxs hansısa cinayət əməyi törətdi-törətmədi, bunun Azərbaycana nə dəxli var? Başqa ölkədə baş verən hadisə ilə Azərbaycanın nə bağlılığı ola bilər ki? Bu cür əbləhlik ola bilməz. Müxalifət və ona yaxın mətbuat orqanlarının hakimiyyətlə opponentlik etmələri başa düşüləndir. Amma cür hallar sadəcə əbləhlikdən başqa bir şey deyil. Qərəz, iftira, zəiflikdən irəli gələn qısqanclıqdır. Mübarizə aparmaq üçün əllərinə hakimiyyət tərəfindən verilməyən arqumentlər və xalqın mütləq əksəriyyətinin iqtidarı dəstəkləməsi onları bu cür yollara düşməyə vadar edir. Onların mahiyyəti budur. Eybəcər ittihamlarla ölkə iqtidarının üzərinə gəlməyə çalışırlar. Amma bununla əmin edirəm ki, onlar cəmiyyət tərəfindən daha da təcrid olunurlar”.


Cavanşir ABBASLI  
Musavat.com

Administratorla əlaqə

077 611-55-22

[email protected]