Siyasət

Ermənistana keçdiyi deyilən Falçı Zöhrə haqda YENİ MƏLUMATLAR

8-06-2016, 12:17

Tovuz rayon İcra başçısı ötən gün Falçı Zöhrə adlı qadının Azərbaycan - Ermənistan sərhədini pozaraq qarşı tərəfə keçməsinə aydınlıq gətirib.

Onun sözlərinə görə, Tovuz rayon Yanıqlı kənd sakini Zöhrə Vardzor qızı Vəliyevanın guya Ermənistan tərəfə keçməsi haqda erməni mediasının yazdıqları yalandır. 

Bu barədə Report-a Tovuz rayon İcra Hakimiyyətinin Yanıqlı kənd üzrə nümayəndəsi Yaşar İsmayılov bildirib.

İcra nümayəndəsi qeyd edib ki, bu xəbərlər həqiqəti əks etdirmir: 

"Tovuz rayon Yanıqlı kəndində bu adlı, soyadlı sakin yoxdur.  Erməni mediasında adı yazılmış şəxsin atasının adı da uydurma olması ilə diqqət çəkir”.

Qeyd edək ki, "News.am” erməni saytı bu gün 39 yaşlı Tovuz rayon Yanıqlı kənd sakini Zöhrə Vardzor qızı Vəliyevanın qarşı tərəfə keçməsi haqda xəbər yayıb. 

Onun Tovuz rayonunun Yanıqlı kənd sakini olması barədə Ermənistan mətbuatı məlumat yaysa da, bu təsdiqini tapmayıb.

Yanıqlı kənd sakinləri bildiriblər ki, həmin qadının onların kəndi ilə heç bir əlaqəsi yoxdur: "Bu qadın nəinki Yanıqlı, heç Tovuz rayonunun sakini də deyil. Bir neçə gün bundan əvvəl bizim kəndə gəldi və özünü falçı kimi təqdim etdi. Onun həm xarici görünüşündən, həm də hərəkətlərindən ruhi xəstə olduğu hiss edilirdi. O, Azərbaycan dilində danışırdı. Həm də bizə özünü Zöhrə kimi yox, Telli kimi təqdim edib", - deyə kənd sakinləri bildirdilər.

Hazırda yerli sakinlərin ilkin ehtimalı ondan ibarətdir ki, bu qadın Ermənistan tərəfə Yanıqlıdan yox, Gədəbəy istiqamətindən keçib. Çünki Yanıqlı kəndindən Gədəbəyin Şınıx kəndinə avtobus xətti işləyir və həmin kənddən qarşı tərəfə keçmək nisbətən asandır. Ona görə qadının həmin ərazidən qarşı tərəfə keçdiyi barədə ehtimallar daha yüksəkdir.

"Əslində bizim Yanıqlı kəndindən də Ermənistan tərəfə keçmək mümkündür. Ancaq buradan sərhəd daha çox dağlıq ərazidə olduğu və havanın da yağıntılı olduğunu, bu şəxsin isə qadın olmasını nəzərə alındıqda bu ehtimal özünü doğrultmur. Çünki həmin relyefin belə havada bir qadın tərəfindən aşılması fiziki cəhətdən mümkün deyil", - deyə sakinlər bildirdilər.

Ötən gün  Azərbaycan vətəndaşı olan qadın sərhədi pozaraq Ermənistana keçib. Bu barədə "NEWS.am" saytına Ermənistanın Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi qrupunun rəhbəri Armen Kaprielyan bildirib.

A. Kaprielyan bildirib ki, Z. Vəliyeva ilə bağlı Beynəlxalq Qızıl Xaç Komitəsinin İrəvan nümayəndəliyinə məlumat verilib.

"İyunun 7-də Azərbaycan - Ermənistan sərhədinin Mehrab istiqamətində Azərbaycan vətəndaşı, Tovuz rayonunun Yanıqlı kənd sakini, 1977-ci il təvəllüdlü Vəliyeva Zöhrə Vardzor qızı Ermənistan tərəfə keçib", - deyə o bildirib.


TURKUSTAN.info


- See more at: https://turkustan.info/news/6882#sthash.hJEXzWMd.oEi7WaF0.dpuf

Administratorla əlaqə

077 611-55-22

[email protected]