Siyasət

Azərbaycan İsraildən gözlədiyi cavabı aldı

7-04-2016, 12:47

"Biz sözsüz ki, Azərbaycan xalqını dəstəkləyirik”.

İsrail yenidən alovlanan Qarabağ münaqişəsinə münasibətdə bitərəf qalmağa çalışır. Bununla bağlı Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov "Jerusalem Post” qəzetinə müsahibəsində deyib ki, ölkəmiz İsrailin bu məsələ barədə öz mövqeyini bildirməsində maraqlıdır.

Jurnalistin "Siz hörmət və ehtiram bəslədiyiniz İsraildən nə gözləyirsiniz” sualının cavabında Əli Həsənov deyib: "Biz istərdik ki, İsrail burada baş verən hadisələrə münasibətini bildirsin. İsrail dünya birliyinin və ATƏT-in üzvü kimi Ermənistandan atəşi dayandırmasını, danışıqlara başlamasını və beynəlxalq hüquq normalarına hörmət etməsini tələb edə bilər”.

Əli Həsənov bildirib ki, İsrail Azərbaycanın strateji tərəfdaşıdır. Azərbaycan öz tərəfdaşlarından gözləyir ki, onlar ölkəmizin işğal edilmiş ərazilərində qoşunların təmas xəttində Ermənistan tərəfindən törədilmiş aqressiv hərbi provokasiya ilə bağlı son hadisələrə münasibət bildirsin.

Bəs İsrailə xüsusi önəm verilməsi nə ilə bağlıdır? İsrailin mövqeyi bu qədərmi əhəmiyyətlidir və hansı təsirləri ola bilər?

Siyasi ekspert Bəxtiyar Hacıyev "Yeni Müsavat”a açıqlamasında bildirib ki, Azərbaycan son günlərdə öz haqlı mövqeyinin dünyaya çatdırılması, Ermənistanın danışıqlar masasına oturması və konstruktiv mövqe göstərməsi üçün müxtəlif yollarla təzyiqlərə çalışır. Əli Həsənovun İsraildən Azərbaycanın strateji tərəfdaş kimi ortaya mövqe qoyması gözləntisi çox güman ki, İsrailin Ermənistana birbaşa təsir imkanlarına görə yox, İsrailin aparıcı Qərb dövlətlərində, xüsusilə ABŞ-da çox güclü lobbi təşkilatlarının olmasına görədir: "Heç kimə sirr deyil ki, ABŞ-da müxtəlif postlara, o cümlədən ABŞ prezidentliyinə namizədliyini irəli sürən siyasətçilər Amerikadakı AIPAC kimi yəhudi lobbi təşkilatlarının dəstəyini qazanmağa çalışırlar. Azərbaycan prezidenti İlham Əliyev də Vaşinqtona son səfərində AIPAC liderləri ilə görüşdü. Yəhudi lobbi təşkilatları dünyanın bir çox ölkələrində ictimai rəyə, siyasətçilərin qərarlarına təsir edə bilərlər. Bu baxımdan da Əli Həsənovun İsraildən Qarabağ münaqişəsi ilə bağlı mövqe gözləntisini birbaşa İsrailin Ermənistana təzyiqi kimi yox, İsrailin öz lobbi təşkilatları vasitəsilə Azərbaycanın ərazi bütövlüyünün təmin olunması, münaqişənin həlli istiqamətində addım atması xahişi kimi qəbul etmək lazımdır”.

Yeni AXCP-nin rəhbəri Razi Nurullayev isə bildirib ki, Azərbaycan tərəfi özündə haqq görməsəydi, İsrailin bizi müdafiə etməsi gözləntisini dilə gətirməzdi. Əli Həsənov da bu gözləntidən çıxış edərək, İsraili Dağlıq Qarabağda baş verən son olaylara münasibət bildirməyə səsləyib: "Bu da özünü çox gözlətmədi. İsrailin keçmiş xarici işlər naziri Aviqdor Liberman artıq münasibət bildirib və Azərbaycanı açıq şəkildə dəstəkləyib. Azərbaycanla İran arasında son zamanlara kimi davam edən soyuq münasibətin qayəsində dayanan məsələlərdən biri də Azərbaycanın İsrail dövləti ilə yaxşı münasibətlər saxlaması və dostluq etməsi olub. Ölkəmiz İsraillə həm hərbi, həm də digər sahələrdə çoxmilyardlıq işlər görüb. Bu, kiçik vəsait deyil. Əlavə olaraq, Azərbaycan Fələstin məsələsində Türkiyə qədər İsrailin üzərinə getməyib. Ümumiyyətlə, Azərbaycan qədər İsraillə isti və dostluq münasibəti saxlayan ikinci müsəlman dövləti yoxdur. Hətta Azərbaycan Türkiyə-İsrail münaqişəsində İsraillə kiçik bir körpünü belə yandırmadı. Azərbaycanın İsrail dövlətinə qarşı yaxşı münasibəti presedentsiz bir haldır. Ona görə də Azərbaycan tərəfi İsrail dövlətinə ərklə nəsə deyə bilir”.

İsrailin sabiq xarici işlər naziri, İsrail - "Bizim evimiz” Partiyasının rəhbəri Aviqdor Libermanın açıqlamasında isə deyilir ki, Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın mövqeyi regionun tarixinə, coğrafiyasına, demoqrafik faktlara əsaslanır. Azərbaycan beynəlxalq birlik tərəfindən qəbul edilmiş normalar çərçivəsində özünü çox məsuliyyətlə aparır.

O vurğulayıb ki, qoşunların təmas xəttində istənilən provokasiyalar beynəlxalq hüquqların pozulmasıdır. Ermənistanın olayın ciddiliyini tamamilə anlayacağını deyən Liberman İrəvanın özünü hüquq normaları çərçivəsində aparacağına ümid etdiyini bildirib: "Mən çox ümid edirəm ki, beynəlxalq cəmiyyət, ATƏT-in Minsk Qrupu indiki halda obyektiv olacaq, faktlara əsaslanacaq, birtərəfli mövqe ortaya qoymayacaq”.

Onun sözlərinə görə, beynəlxalq cəmiyyətin dəqiq mövqeyi münaqişənin həllində çox əhəmiyyətli rol oynaya bilər: "Son hadisələr göstərdi ki, münaqişənin uzanması real faktlardan, obyektiv mövqedən uzaqlaşmağa, problemin həllinə yardımçı olmur. Biz sözsüz ki, Azərbaycan xalqını dəstəkləyirik. Azərbaycan rəhbərliyinin sərgilədiyi ədalətli mövqeni təəssüf ki, başqaları göstərmir”.

Administratorla əlaqə

077 611-55-22

[email protected]