Siyasət

Deputatın heysiyyatına nələr toxunmalıdır?

9-03-2016, 12:09
Deputatın heysiyyatına  nələr toxunmalıdır?

Yaxud, Rafael Cəbrayılova bir neçə xatırlatma

Bir müddət əvvəl xəbər yayıldı ki, Azərbaycan parlamenti Avropa Insan Haqları Məhkəməsinin qərarlarından imtinanı nəzərdə tutan qanun müzakirəyə çıxaracaq. Indi məlum olub ki, sözügedən ideyanın müəllifi Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, deputat Rafael Cəbrayılovdur. Hətta Rafael Cəbrayılov Avropa Məhkəməsinin qərarlarından imtinanı nəzərdə tutan qanunun qəbul olunduğu Rusiya təcrübəsini də öyrənib.

Deputat "Yeni Müsavat”a müsahibəsində Avropa Məhkəməsini oyuncaq qurum adlandırıb: "Əldə oyuncaq olan qurumun durub belə bir qərar qəbul etməsi, ondan sonra da tələb etməsi ki, ”davay, bunu icra edin”, vallah, bu, bir azərbaycanlı olaraq mənim heysiyyatıma toxunur”- deyə Rafael Cəbrayılov bildirib.

Ikincisi, necə olur ki, Avropa Məhkəməsinin haqlı qərarı Rafael Cəbrayılovun heysiyyatına toxunur, amma vicdanlı insanların şərlənib həbs olunması heysiyyatına toxunmur? Əgər Avropa Məhkəməsinin qərarları ilə üz-üzə qalmaq istəmirsinizisə, ölkə məhkəmələrini oyuncağa çevirməyin, məhkəmləri cəza aparatı kimi istifadə etməyin, siyasi fəalları şərləyib həbs etməyin, seçkili orqanı təyinatlı orqana çevirməyin və s. Bir insanın 3-5 ilin haqsız yerə həbsdə keçirməsini həzm edə bilirsiniz, amma 20-30 min təzminat ödəməyi həzm etmirsiniz?

Rafael Cəbrayılov bizi necə inandıra bilər ki, Azərbaycanın təəssübünü çəkir? Ölkədən yüz milyardlarla pul oğurlananda, 2.5 milyon vətəndaş kredit girovuna çevriləndə, ölkəyə gətirilən məhsullar 30-40 dəfə baha qiymətə vətəndaşa satılanda, korrupsiya dövlət siyasətinə çevriləndə, hər gün insanlar sosial vəziyyətin ağırlığı səbəbindən intihar edəndə niyə reaksiya vermirdiniz? Bu zəngin ölkənin dilənçilər yurduna çevrilməsi sizin heysiyyatınıza niyə toxunmur? Binəqədidəki yanğın hadisəsindən 1 ilə yaxın vaxt keçir və əsl günahkarlar hələ də azadlıqda gəzir. 15 insanın qanının batırlması sizin heysiyyatınıza toxunmur? 13500 şəhid ailəsinin "qan pulu” hələ də verilmir. Bu sizin heysiyyatınıza toxunmur? Seçkili orqanda təyinatla oturmaq heysiyyatınıza toxunmur?

2 milyondan artıq vətəndaş dolanışıq üçün xaricə pənah aparıb, ölkə vətəndaşları mühacirət etmək üçün müxtəlif yollar axtarır, bu sizin heysiyyatınıza niyə toxunmur?

Yüzlərlə məcburi müalicəyə ehtiyacı olan uşaqlar var və bunun üçün aidiyyatı orqanlara minlərlə müraciətlər edilib. Amma hökumət bu adamlara kömək etmək əvəzinə, Vatikan xarabalıqlarını abad edir. Bu sizi bir azərbaycanlı kimi niyə narahat etmir? Niyə, Avropa Məhkəməsinə qarşı olan çevik reaksiyanı, ölkədəki ədalətsizliklərə də qarşı da nümayiş etdirmirsiniz? Millətə vəkillik etmək iddiasında olan adam bu qədər eybəcərlikləri necə görməzdən gələ bilər.

Ona görə də yaxşı olar ki, deputat heysiyyatdan, təəssübkeşlikdən danışmasın.

Depuatın Avropa Məhkəməsini "oyuncaq qurum” adlandırması isə daha böyük biabırçılıqdır. Düzdü, ölkə başçısı beynəlxalq qurumların qətnamələrini "kağız parçası” adlandırırsa, deputatın "budaq-budaq” gəzməsi təəccüblü deyil. Amma hər dəfə belə qeyri-ciddi münasibətdən sonra, hökumətin özünü təkzibi ortaya çıxır.

Necə olur ki, Avropa Şurasına kürü daşıyanda, ATƏT seçkilərin nəticələrini tanıyanda bu qurumlar mötəbər olur, amma bu qurumlardan tənqid gələndə "oyuncaq qurum”a çevrilir?

Necə olur ki, ABŞ-da müzakirəyə çıxarılan sanksiya layihəsini mənasız adlandırırsınız, amma bu layihənin qəbul olunmaması üçün lobbi təşkilatları axtarırsınız?

Avropa Parlamentinin qətnaməsini "kağız parçası” adlandırıb, sonra Avropa ölkələrindən pul dilənməyə nə ad verək?

Əgər bu qurumlar oyuncaqdırsa, niyə bu qurumlara üzv olurdunuz, niyə beynəlxalq təşkilatlar qarşısında öhdəliklər götürürdünüz? Əgər bu qurumlar oyuncaqdırsa, niyə bu qurumlardan Qarabağ məsələsində mövqe tələb edirsiniz?

Göründüyü kimi hökumət komandasının heç bir üzvündə məsuliyyət hissi yoxdur, dediklərinin fərqində deyillər. Indi də Avropa Məhkəməsinin qərarlarının icrasından narahat olublar. Guya, bütün dünya bunların qanunsuz, saxta, ədalətsiz siyasətlərinə haqq qazandırmalıdır.

Amma bizim heysiyyatımıza həqiqətən də toxunur. Millət vəkilinin hökumətə vəkillik etməsi, vəzifəlilərin milyarderə çevrilməsi, vətəndaşın ölüm həddinə çatması, heç bir sahənin inkişaf etdirilməməsi, ölkəmizin qonşu Gürcüstandan da geri qalması bizim heysiyyatımıza toxunur.

Cənab deputat, Avropa Məhkəməsinin qərarlarını icra etmək yox, öz vəzifənizi icra etməmək sizin heysiyyatınıza toxunmalıdır.


Administratorla əlaqə

077 611-55-22

[email protected]