Ölkə

Prezident İlham Əliyev: “ATƏT DTİHB-nin hərəkətləri qəbuledilməzdir”

1-11-2015, 15:56
Prezident İlham Əliyev: “ATƏT DTİHB-nin hərəkətləri qəbuledilməzdir”

Azərbaycan prezidenti İlham Əliyev Rusiya Dövlət Dumasının MDB, Avrasiya inteqrasiyası və həmvətənlərin işləri üzrə komitəsinin sədri Leonid Slutskini qəbul edib.

APA-nın məlumatına görə, Azərbaycanda müxtəlif ölkələrdən və təşkilatlardan müşahidəçilər missiyasının olduğunu vurğulayan L. Slutski Rusiya Dövlət Dumasından və MDB Parlament Assambleyasından ibarət müşahidəçi missiyaya rəhbərlik etdiyini deyərək onların avqust ayından başlayaraq seçkilərə hazırlıq prosesi ilə bağlı monitorinqlər apardıqlarını bildirib.

Bu gün bir neçə məntəqədə səsvermənin gedişini müşahidə etdiklərini vurğulayan L. Slutski qeyd edib ki, Qərbin bəzi dairələrinin verdiyi proqnozlardan fərqli olaraq məntəqələrdə heç bir qanun pozuntusunun qeydə alınmadığının, əksinə əvvəlki seçkilərlə müqayisədə daha böyük irəliləyişlərə nail olunduğunun şahidi olublar. ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun seçkiləri müşahidədən imtina etməsi məsələsinə toxunan L. Slutski bildirib ki, bu təşkilat qəbul etdiyi qərarla siyasi baxımdan Avropa ictimaiyyətinə bir institut kimi artıq öz dövrünü başa vurduğunu göstərib.

İ. Əliyev isə ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun seçkiləri müşahidədən imtina etməklə bağlı təkbaşına qərar vermək hüququna malik olmadığını vurğulayaraq bu qurumun bütün qaydaları və reqlamenti pozduğunu bildirib: “ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun vəzifəsi seçkini müşahidə etməkdir. Bildiyiniz kimi, biz onları dəvət etdik və ayrı-ayrı ölkələrə müşahidəçilərin sayının müəyyən edilməsi metodologiyası ilə bağlı izahat vermələrini xahiş etdik. Onlar bizə cavab vermək əvəzinə, ümumiyyətlə, müşahidəçi göndərməməyi qərara aldılar”.

Dövlət başçısı bütün bu hərəkətlərin qəbuledilməz olduğunu bildirib.

musavat.com

Administratorla əlaqə

077 611-55-22

[email protected]