Ölkə

Gəncə səhiyyəsində “karlıq” sindromu

23-04-2016, 19:15
Yaşar Əliyev və Rasim Hüseynov Səhiyyə İdarəsinin rəisi Əlikram Məmmədovu bizi "susdurduqlarına” inandırmaq istəyiblər

Artıq uzun müddətdir ki, "Bizim Dövr”ün redaksiyasına daxil olan məlumatlarda son vaxtlar Gəncə şəhər səhiyyə sistemində bir çox problemlərin yaşandığı vurğulanır. Məlum olduğu kimi, Gəncə şəhər Səhiyyə İdarəsinə rəhbərlik isə keçən ilin axırlarından tibb elmləri doktoru Əlikram Məmmədov tərəfindən həyata keçirilir. Mövzuya dair ötən saylarımızda dərc etdiyimiz yazılarda da biz göstərmişdik ki, əslində aldığımız məlumatlarda bilavasitə Əlikram Məmmədovun fəaliyyətinə dair konkret iradlar irəli sürülmür. Bununla belə idarənin tabeliyində olan bəzi səhiyyə ocaqlarının işi əksər yerli sakinlər tərəfindən tamamilə qeyri-qənaətbəxş kimi qiymətləndirilir. Xatırladaq ki, bu gün Gəncə şəhər Səhiyyə İdarəsinin tabeliyində 30-dan artıq tibb müəssisəsi fəaliyyət göstərir. Təbii ki, heç də bütün bu müəssisələrin fəaliyyətini qeyri-qənaətbəxş kimi qiymətləndirmək olmaz. Lakin onların arasında elələri də vardır ki, həmin müəssisədə yaranmış vəziyyətin özü bir infeksion xəstəlik kimi istənilən an şəhərin bütün səhiyyə sistemini iflic vəziyyətinə gətirə bilər. Bu xüsusda bizimdovr.az-a bu gün də daxil olmaqda davam edən məlumatlarda bildirilir ki, hazırda Gəncə şəhərində yarıtmaz fəaliyyəti ilə xəstələrin narazılıqlarına, yerli ictimaiyyətin isə ciddi narahatlığına səbəb olan tibb müəssisələrinin sırasında ilk yerləri Yaşar Əliyevin rəhbərlik etdiyi Psixonevroloji Dispanser və Rasim Hüseynovun baş həkim olduğu 3 saylı poliklinika tuturlar. Məhz bu iki tibb müəssisəsində mütəmadi olaraq müşahidə olunan çeşidli korrupsiya halları, müxtəlif qanun pozuntuları barədə açıqlamalara da aldığımız məlumatlarda daha çox rast gəlirik. İlk növbədə redaksiyamıza təqdim edilən açıqlamalarda Gəncə şəhər Psixonevroloji Dispanserinin baş həkimi Yaşar Əliyevin öz fəaliyyətində bir çox ciddi qanun pozuntularına yol verdiyi bildirirlir. Məlumatlarda iddia olunur ki, baş həkimin yarıtmaz fəaliyyəti bu gün artıq sadəcə burada müalicə alan insanları və onların yaxınlarını deyil, həmçinin dispanserin tibbi personalını da əməlli-başlı bezdirib. Belə ki, məlumatlarda, dispanser rəhbərliyinin buraya ayrılan dərman preparatları ilə müəyyən maxinasiyalar törətdiyi bildirilir. Vurğulanır ki, dispanserdə əsəb xəstəliyindən əziyyət çəkən xəstələrə dərmanlar ikiqat bahasına satılır. Müalicə alan xəstələrə pulsuz verilməli olan dərmanlar Gəncədə və qonşu rayonların müxtəlif ərazilərində fəaliyyət göstərən apteklərə satılır, elə bu səbəbdən də xəstələr zəruri dərman preparatlarını baha qiymətə həmin apteklərdən almağa məcbur olurlar. Lakin açıqlamalara görə, dərman preparatlarından başqa, Gəncə Psixonevroloji Dispanserində maxinasiyaların tətbiq olunduğu daha bir məqam da xüsusi arayışların verilməsi ilə bağlıdır. Bununla bağlı son dərc etdiyimiz məqalədə biz göstərmişdik ki, aldığımız açıqlamalarda baş həkimin işində müşahidə olunan bu kimi maxinasiyalarda Yaşar Əliyevin bu yaxınlara qədər Gəncə şəhər 25 saylı TSEK-ə rəhbərlik edən həyat yoldaşı, Elmira Səlimovanın da yaxından iştirakı vurğulanır. Bir müddət əvvəl bizimdovr.az-a daxil olmuş növbəti müraciətə isə, əlillik dərəcəsi almaq məqsədilə Yaşar Əliyevə pul verdiklərini iddia edən 65 nəfər vətəndaş öz imzalarını atmışdılar. Qeyd edildiyi kimi, baş həkimə verildiyi iddia olunan məbləğlər, 1055 manatdan 8000 manata qədər intervalda əks olunurdu. Təbii ki, bütün bu faktların müvafiq qurumların diqqətindən kənarda qalmayacağına bizim qətiyyən şübhəmiz yox idi. Belə də oldu. Artıq xəbər verildiyi kimi, bir müddət əvvəl Gəncə şəhər Psixonevroloji Dispanserinin baş həkimi Yaşar Əliyevin qanunsuz hərəkətləri barədə daxil olmuş şikayətlər Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb. Bu barədə mətbuata Baş Prokurorluqdan verilən açıqlamada da qeyd olunmuşdu ki, araşdırmalar zamanı baş həkimin vəzifə səlahiyyətlərindən sui-istifadə edərək özü və ya üçüncü şəxslər üçün qanunsuz olaraq maddi və sair nemətlər əldə etmək məqsədilə dispanser qeydiyyatında olan və ya ümumiyyətlə, disponser qeydiyyatında olmayan ayrı-ayrı şəxslərin pensiyaya qanunsuz çıxarılması məqsədilə müvafiq sənədlərin verilməsi üçün ümumilikdə 7000 manat və 12 min 600 ABŞ dolları məbləğində pulu rüşvət kimi almasına əsaslı şübhələr ortaya çıxıb: "Buna görə də baş həkimin barəsində Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 311.3.2-ci (təkrar rüşvət alma) maddələri ilə cinayət işi başlanıb”. Əldə etdiyimiz son məlumata görə, aşkar edilmiş faktlar üzrə istintaq tədbirləri hələ davam etdirilir.


Həmçinin qəzetimizin ötən saylarında dərc etdiyimiz materiallarda biz artıq redaksiyamıza Gəncə şəhər 3 saylı poliklinikasında yer almış bir çox neqativ hallardan bəhs edən məlumatların daxil olduğunu da bildirmişdik. Həmin məlumatlarda baş həkim Rasim Hüseynovun rəhbərlik etdiyi bu poliklinikada vəziyyətin həddindən artıq acınacaqlı olduğunu bildirilir. Qeyd olunur ki, xəstələr 3 saylı poliklinikada bütün həkim və laborator müayinələri, istənilən tibbi prosedurlar və hətta ən ucuz tibbi ləvazimatlar (bint, pambıq, plastr və s.) üçün belə pul ödəməli olurlar. Çünki, ödəniş olmayacağı təqdirdə xəstələrin nə müayinələri, nə də onlara doğru-dürüst müalicə təyin olunması mümkün deyil. Bəzi mənbələr isə, ümumiyyətlə 3 saylı poliklinikada pulsuz tibbi yardım almaq fikrinə düşməyin özünün belə artıq həyat və sağlamlıq üçün təhlükəli olduğunu vurğulayırlar. Bu kimi iddiaları dəstəkləyən məktublardan birində oxuyuruq: "Tutaq ki, bizim poliklinikada analiz üçün venadan qan verməlisən. Əgər tibb bacısı əvvəlcədən pulunu almasa, və ya ən azından bu pulu alacağına əmin olmasa, iynə ilə venanı o qədər dəlib-deşəcək ki, xəstəliyin də yadından çıxacaq. Bəhanə də bu olacaq ki, guya vena tapılmır. Amma əslində tapılmayan puldur. Elə ki, bir 5-lik tapıldı, vena da tapılır, hətta oradan axan qan da ən yüksək keyfiyyətə malik olur... ” Maraqlıdır ki, 3 saylı Gəncə şəhər poliklinikasının dövlətin balansında olmasına rəğmən, burada çalışan tibbi personal müəssisənin dərman preparatları və digər tibbi ləvazimatlarla təmin olunmadığını və bütün bunları öz vəsaitləri hesabına aldıqlarını iddia edirlər. 3 saylı poliklinikada yaranmış vəziyyətdən şikayətlənən digər şəhər sakini isə həmin tibb müəssisəsinin rəhbərliyini həm də saxta arayışların verilməsində ittiham edir. Açıqlamada idia olunur ki, bu tibb müəssisəsində xəstəlik kağızlarının (bülleten), 88 saylı forma və digər arayışların verilməsi artıq çoxdan əsil kommersiya fəaliyyətinə çevrilib. Daxil olan digər bir məlumatda isə 3 saylı poliklinikada tətbiq olunan "ölü canlar” üsulu ilə dövlət vəsaitlərini mənimsəmə hallarından bəhs olunur.


Ötən yazılarda biz belə bir məqamı da qeyd etmişdik ki, həm 3 saylı Gəncə şəhər poliklinikasında, həm də şəhər Psixonevroloji Dispanserində baş verənlərə dair dəfələrlə Gəncə şəhər Səhiyyə İdarəsinə müraciətlər edilsə də, idarənin rəhbərliyi tərəfindən hələ də bu tibb müəssisələrinin fəaliyyətinin araşdırılması istiqamətində heç bir addım atılmamışdır. Həmçinin, Gəncə Şəhər İcra Hakimiyyətinin rəhbərliyi tərəfindən bu günə qədər qeyd olunan problemlərin həlli üçün müvafiq tədbirlərin görülməməsi də şəhər ictimaiyyətini ciddi narahat etməkdədir. Lakin son aldığımız məlumatlarda Əlikram Məmmədov tərəfindən bu məsələlərin artıq nəzarətə götürüldüyü bildirilir. Mənbənin deməyinə görə, bu yaxınlarda hər iki baş həkim Gəncə şəhər Səhiyyə İdarəsinə çağırılaraq, onlardan izahat tələb olunmuşdur. Buna cavab olaraq isə, Rasim Hüseynov bildirmişdir ki, guya hansısa vasitə ilə bizi "susdurmağa” nail olmuşdur. Hörmətli Rasim müəllim, əgər bizim səsimizi eşidə bilmirsinizsə, bu zaman problem böyük ehtimalla sizin eşitmə (qəzet olduğumuzu nəzərə alsaq, görmə deyə bilərik) orqanlarınızdadır. Bəlkə özünüzü bir yaxşı həkimə göstərəsiniz?

Materialda adı keçən bütün tərəflərin mövqeyini öyrənməyə hazırıq.

Administratorla əlaqə

077 611-55-22

[email protected]