Ölkə

Şərab zavodunda maaşlar 50 faiz azaldıldı

16-01-2016, 15:43

"Az-Granata” Ağsu Şirə və Şərab Emalı Zavodunda 50-ə yaxın işçinin əməkhaqqını yarıbayarı azaldılıb. Bu barədə zavod işçiləri məlumat veriblər.

Onların sözlərinə görə, bu vəziyyət ötən il dekabrının 21-də manatın ikinci devalvasiyasından sonra yaranıb. Adlarının çəkilməsini istəməyən zavod işçiləri bidiriblər ki, onlar ay ərzində yalnız 15 gün işləməyə məcbur edilirlər:

"Əvvəllər bütün ayı işləyib 280 manat maaş alırdıq. İndi deyirlər ki, 15 gün işləyin, onun maaşını, yəni 140 manat alın, istəmirsinizsə, çıxın gedin”.

İşçilər bildiriblər ki, müdiriyyət onlara səbəb kimi devalvasiyanı göstərib: "Deyirlər ki, səbəb devalvasiyadır. Nə vaxt düzələcəyi bilinmir. İşdən qovulacağımızdan qorxuruq deyə heç yerə şikayət də edə bilmirik”.

Qeyd edək ki, 2011-ci ildən fəaliyyətə başlayan zavodun rəsmi internet səhifəsindəki məlumata görə, burada 180 işçi çalışır. Vəziyyətə aydınlıq gətirmək üçün zavod rəhbərliyi ilə əlaqə saxlamağa çalışsaq da, telefon zənglərimiz cavabsız qaldı.

Administratorla əlaqə

077 611-55-22

[email protected]