İslam

Mirzə Əbdür-Rəhman Müctəhid Qarabaği.

30-03-2016, 17:53

Ayətullah Mirzə Əbdür-Rəhman, Molla Məhəmməd Baqir oğlu Qarabağın Çulundur kəndində dünyaya gəlmişdir. Sonralar Şuşa şəhərinə köçmüş və bu şəhərdə böyüyüb, boya-başa çatmışdır. Onun nəslindən bir neçə nəfər dalbadal bu məntəqənin hakimi (qazi) və məşhur alimi olmuşlar. O da cavanlığının əvvəllərində nəslində olan adət üzrə ərəb ədəbiyyatının müqəddimatını öz atasından öyrənir. Daha sonra dini təhsilini artırmaq üçün Nəcəfə gedib, orada Şeyx Əhməd Bəhreyni kimi məşhur və seçilmiş hövzə alimlərindən dərs alır. Nəcəfi-Əşrəfdə dini təhsilini kamilləşdirən Mirzə Əbdür-Rəhman, ictihad məqamına çatır. Bundan sonra yenidən Şuşaya qayıdır və orada elmi və ictimai məsələlərin həllini öz öhdəsinə götürür. Şəhərdə mədrəsələr açmağa, islam dini qanunlarını təbliğ etməyə və elmdə yüksək dərəcəli tələbələr yetişdirməyə başlayır.

Alimin cəmiyyətdəki güclü nüfuzu və dərin mənəvi təsiri bəzi şəxslərin xoşuna gəlmir və onun paxıllığını çəkirlər. İş o yerə çatır ki, onun haqqında rus çarına tabe olan məntəqənin dövlət məmurlarına bəzi şayiə və yalan məlumatlar verilir. Bundan şübhələnən imperuiya məmurları, alimi həbs edib ciddi nəzarət altında Tiflis şəhərindəki çar canişini Vorontsovun yanına aparırlar. Bir neçə müddət zindanda qaldıqdan sonra, verilən bütün məlumatların yalan olması aydınlaşır və alimi azad buraxırlar. Bu hadisədən sonra azadlığa buraxılan mütəfəkkir, Şuşaya qayıtmağı məsləhət bilməyib, Şirvana köçür.

Bu məntəqədə Mirzə Əbdür-Rəhmanın həyatı çox da uzun sürmür, 1858-ci (1274-cü hicri) il, məhərrəm ayının doqquzu böyük alim dünyasını dəyişir. Alimin cənazəsini əvvəlcə Şamaxıya aparırlar, bir müddət sonra isə Şamaxının o vaxtkı hakimi knyaz Tərxan tərəfindən böyük xərclə Nəcəf şəhərinə aparıb torpağa tapşırırlar.

Alim Şirvanda olan zamanlarda camaatın rəğbətini qazanmışdır. Hətta Şirvanda müctəhid olan Mirzə Məhəmməd ağa Şirvani onun ölümünə aid mərsiyə yazmışdır.

Onu da qeyd edək ki, mərhumun özünün şer yazmaq qabiliyyəti olub. Farsca yazdığı şerlərdə özünü "Əlil” ləqəbi ilə təqdim edib.

 

Bu material Faiq Vəlioğlunun "Azərbaycanın görkəmli İslam alimləri” kitabından götürülmüşdür.

Administratorla əlaqə

077 611-55-22

[email protected]