İslam

Azərbaycanlı Ayətullah Hacı Şeyx Sədrəddin Badkubeyi

12-05-2016, 18:44
Şeyx Sədra ləqəbilə tanınmış Ayətullah Hacı Şeyx Sədrəddin Badkubeyi 20-ci əsrin yüksək məqamlı filosoflarından, fəqihlərindən, hakimlərindən və Nəcəf şəhərində ali dərəcədə dərs verən alimlərindən biri sayılırdı. 1899-cu ildə Qala kəndində ruhani ailəsində, dünyaya göz açmış, uşaqlıq çağlarında ərəb dilinin müqəddimatını atasından öyrənmişdir. Atası Molla Ağa Mirzə Qafqazi Bakının 18 kilometrində yerləşən Qala kəndində orta səviyyəli bir ruhani idi. Camaata moizə edir və düz yola dəvət edirdi. On üç yaşında atasını əldən verir. Amma əmisi Molla Məhəmməd Badkubeyidən yenidən ərəb dilini və riyaziyyatın bir hissəsini öyrənir.
Onun elə ilk uşaqlıq vaxtından fövqəladə fitri istedadı olmuşdur. Bir müddətdən sonra Bakıda məskunlaşır və bu şəhərdə olan mədrəsədə tanınmış ustadlardan o cümlədən: Seyyid Əbdül-Xaliq Badkubeyi və başqalarından orta səviyyədə ərəbcə dini kitabları öyrənir. Alimin dostlarından biri mədrəsə xatirələri haqqında belə nəql edir: "O zamanlar, təzə cavanlıq dövrünü yaşadığımız zaman Bakı dini bir şəhər hesab olunurdu. Bu şəhərdə o vaxt beş yüzə yaxın məsçid, vardı. Hər küçənin və bazarın, habelə, hər adlı-sanlı və varlı şəxsin özünə məxsus məscidi var idi. Məsələn: "Dəmirçilər" məscidi, "Dülkərlər" məscidi, "Misgərlər" məscidi və s. qeyd etmək olar. Şəhərdə çoxlu müctehidlər və runanilər, elmi və dini mədrəsələr var idi. Bu mədrəsələrdə çoxlu tələbə dərs alırdı. Biz də bu mədrəsələrin birində fiqi və üsul elmləri öyrənirdik." 1918-ci il Oktyabr inqilabından sonrakı hadisələr başqa ölkələrdə olduğu kimi Azərbaycana da öz mənfi təsirini qoymuşdu. Kommunistlər Azərbaycana ayaq açdıqdan sonra ağır zərbələr vurmuşdular. Ölkə tədricən bolşeviklərin əlinə keçdikdən dinlə, xüsusilə, İslam dini ilə müxaliflər ölkəni işğal etdikdən sonra məscidləri və mədrəsələri bağlayırlar. Alimlər və islamçılar kütləvi şəkildə həbs edilirlər. Mədrəsələrdə oxuyan tələbələrin hər biri bir guşəyə çəkilir."
Mərhum Şeyx Sədra o qanlı-qadalı günlər barəsində, habelə ölkədən çıxması haqqında belə söyləyir:
"1918-ci ildə Sovet hakimiyyəti qurulduqdan sonra Bakı şəhəri bolşeviklərin əlinə keçdi. Ruhanilər və tələbələr dağılmışdılar. Biz bolşeviklərin əli altında olmaq istəmədiyimizdən gecə ikən bir neçə tələbə yoldaşımızla birlikdə İrana tərəf yola düşdük. Amma İranın yollarının cənub tərəfdən bağlandığına görə biz məcbur olduq ki, ən uzun və çətin yol olan Xəzər dənizinin sahillərindən dövr etməklə İrana gedək. Neçə ay gündüzlər gizlənərək gecələr piyada yol getdik. Bu müddətdə çox ağır və üzücü çətinliklərlə qarşılaşdıq. İş o yerə çatmışdı ki, aclıq və yeməyin olmamasına görə çöldə olan ilanları tutub başını kəsir, dərisini soyub kabab edir sonra yeyirdik. Nəhayət, neçə aylıq əzab-əziyyətdən sonra, yorğun halda və gizli yolla Türkmənistan sərhədlərindən İrana daxil olduq və müqəddəs Məşhəd şəhərində məskunlaşıb, hövzə dərslərimizi davam etdirdik." Şeyx Sədra müqəddəs Məşhəd şəhərində tələbə dostu Ayətullahül-Üzma Ağaseyyid Həsən ("Qəvaidül-fiqhiyyə" kitabının müəllifi) ilə birlikdə mədrəsədə yüksək məqamlı ustadların müxtəlif dərslərində böyük maraqla iştirak edir. Əvvəlcə tanışlıq üçün məşhur alim Mirzə Əbdül-Cəvad Nişapurinin ədəbiyyat dərslərində iştirak edərək ərəb dilini öyrənir. Bundan sonra orta səviyyədə ədəbiyyatı öyrənmək üçün Seyyid Baqir Rəzəvi və Seyyid Cəfər Şəhristaninin dərslərinə gedir. Fəlsəfə və ilahi hikmət ("Mənzumə"nin mətni, "Məbdə və məad", şərii ilahiyyat (Müəllif: Molla Sədra) Məşhur filosof Şeyx Əsədullah Yəzdidən, İbni Sinanın kitablarını və Molla Sədranın "Əsfari-ərbə'ə" kitabını tanınmış ustad və filosof Ağabozorg Həkim Xorasanidən öyrənir. Bundan sonra Ayətullahül-Üzmalardan Ağamirzə Məhəmməd Ağazadə Xorasaninin ("Kifayə" kitabının müəllifinin oğludur) üsul və fiqi xaric dərsinə gedir. Habelə, Hacı Hüseyn Təbatəbai Qumi və Şeyx Murtəza Aştiyaninin ali səviyyədə üsul və fiqi dərslərində iştirak edir. Bu müddətdə əqli və nəqli elmləri lazımı səviyyədə mənimsəyir və öz fitri istedadının və səylərinin nəticəsində yüksək dərəcəli ustad olur.
On iki il Müqəddəs Məşhəd şəhərində təhsil və təlimlə məşğul olduqdan sonra 1921-ci ildə öz təhsilini ali səviyyədə təkmilləşdirmək məqsədi ilə Nəcəfül-Əşrəfə, yola düşür. Nəcəfdə Ayətullahül-Üzmalardan Mirzə Hüseyn Naininin ali səviyyədə olan üsul və fiqh dərslərində, habelə Məhəmməd Hüseyn Kompani İsfahani, Şeyx Musa Xorasani və Seyyid Əbdül-Həsən İsfahaninin müxtəlif dərslərində iştirak edərək ictihad məqamına çatır. Bundan əlavə ali səviyyədə ilahiyyat fəlsəfəsini öyrənmək üçün filosof Seyyid Hüseyn Badkubeyinin fəlsəfə dərslərində iştirak edir. Çox çəkmir ki, bu alim Nəcəfi-Əşrəf elm ocağında fiqh, üsul, fəlsəfə və hikmətül-ilahiyyə kitablarının məşhur ustadı kimi tanınır və alimlər arasında parlayır. Çoxlu fəzilətli şagirdlər tərbiyə edir. Bu şagirdlərdən məşhuru, inqilabda Şəhid olan Ayətullan Seyyid Baqir Sədrdir. Şeyx Sədranın "Fəlsəfeyi-məşşai", "Fəlsəfeyi-işraqi" və "Hikmətül-mütəaliyə" elmlərində çox məharəti var idi. 1940-çı ildə Seyyid Hüseyn Badkubə Nəcəfi-Əşrəfdə dünyadan getdikdən sonra Şeyx Sədra və Şeyx Məhəmməd Kompani İsfahani fəlsəfə və hikmət məktəblərində birinci dərəcəli ustad kimi tanınmışdılar. Onun adı Sədrəddin idi. Amma İslam filosofu Molla Sədra Şiraziyə çox əlaqəsi olduğu üçün "Sədra" ləqəbini özünə seçir və alimlər arasında Şeyx Sədra kimi tanınır. O uzun illər ərzində Nəcəfi-Əşrəfdə fəlsəfə, hikmət habelə Rəsail, Məkasib və Kifayə dərslərini tədris etmiş, yüzlərlə adlı-sanlı alimlər və fəzilətli müctehidlər yetişdirmişdir. Onun üsul və fiqh dərslərini ali səviyyədə verməkdə tam məharəti var idi və Nəcəfi-Əşrəfdə alimlər arasında çox məşhur idi. O günlərdə Nəcəfdə iki nəfər məşhur və adlı-sanlı müdərris vardı ki, onların dərslərində yüzlərlə tələbə iştirak edirdi. Onların hər ikisi Azərbaycandan idi. Onlardan biri Şeyx Sədra Badkubeyi, digəri isə Ayətullah Şeyx Müctəba Lənkərani Nəcəfi idi. Bu iki ustadın dərsləri Nəcəfi-Əşrəfdə ən çox tələbəsi olmaqla yanaşı ən sevimli dərslərdən hesab olunurdu. Beləki, Şeyx Sədra Badkubeyinin "Kifayə" dərsində təxminən dörd yüz nəfərə yaxın tələbə iştirak edirdi. Demək olar ki, hal-hazırda Nəçəf alimlərinin əksəriyyəti Şeyx Sədranın şagirdlərindən hesab olunur. Alimin şagirdlərindən bəzilərinin adını qeyd edirik:
1- Şəhid Ayətullah Seyyid Məhəmməd Baqir Sədr (İraq İslam İnqilabının rəhbəri). Beş il müntəzəm surətdə o alimin mənzilinə gedib ondan dərs alıb.
2-Ayətullah Seyyid Əbdül-Əziz Təbatəbai Yəzdi ("Əsfari-ərbə'ə" dərsində).
3- Usdad Məhəmməd Baqir Müdərris Bəhudi. Şeyxin "Kifayə" dərslərini kitab şəklinə salaraq çap edib.
4- Ayətullah Seyyid Məhəmməd Kələntəri.
Mərhum Şeyx Sədra Badkubeyi dəyərli müctehid və müasir filosoflardan biri idi. Hamı onun fəzilətinə və dərin elminə inanırdı. Fəlsəfə və hikmət elmlərində misilsiz ustad idi. Bəzi Nəcəf alimlərinin fəlsəfə ilə müxalifətləri səbəbi ilə Yəzd tələbələrindən bir qrupu onun mənzilinə hücum edərək şeyxi məcbur edirlər ki, fəlsəfə dərsini ləğv etsin. O da ümumi səviyyədə fəlsəfə dərsini ləğv edərək xüsusi şəkildə öz mənzilində tədris eməyə başlayır. Bundan sonra o, dahi bir filosof kimi məşhurlaşır. Həyatı boyu çox zahid, dünya malına qarşı meylsiz olmaqda misilsiz idi. Evinin otaqları 60-70 kv. metrdən çox olmazdı. Mənzilində zəruri avadanlıqlardan savayı demək olar ki, heç bir şey yox idi. Həyatı həmişə çətinliklə, əzab-əziyyətlə keçmişdir. Şeyx Sədra çox elmli müctehid idi, Ayətullaiül-Üzma Seyyid Əbdül Hadi Şirazidən "ictihad" icazəsi almışdı və fiqh və üsul dərslərini ali səviyyədə tədris etmək qabiliyyəti vardı.
Bütün bunlara baxmayaraq xaric dərslərinə başlamır və əməliyyə risaləsi yazmır. Sadəcə Ayətullah Seyyid Mahmud Şəhrudinin sual-cavab məclislərində iştirak edirdi. Alimdən çox da kitab yadigar qalmayıb. Təkcə "Kifayə" dərsinin müxtəlif bəyanları çapdan çıxıb. O çümlədən:,
1-"Şərhi-kifayə" müəllif: Ayətullah Seyyid Məhəmməd Kələntəri. O, birinci cildin ön sözündə qeyd edir ki, bütün mətləbi Şeyx Sədrəddin Badkubeyidən götürüb.
2-"Hidayətül-üsul fi şərii kifayətül-üsul" müəllif: Hüccətül-İslam Məhəmməd Baqir Bəhsudi. Kitab 3 cilddə 1997-ci ildə Qumda çap olunub. Bütün bəyanlar Mərhum Şeyx Sədranın dərslərindəndir.
Misilsiz filosof Mərhum Ayətullah Şeyx Sədra Badkubeyi 1972-ci ildə dünyasını dəyişir və Nəcəfi-Əşrəfdə torpağa tapşırılır.
 

Bu material Faiq Vəlioğlunun "Azərbaycanın görkəmli İslam alimləri” kitabından götürülmüşdür.



Administratorla əlaqə

077 611-55-22

[email protected]