Gündəm

Qarabağla bağlı MÜHARİBƏ XƏBƏRDARLIĞI

19-12-2016, 00:32
Qarabağla bağlı MÜHARİBƏ XƏBƏRDARLIĞI

Elşən Manafov: "Yaxın 2-3 ildə bizi ciddi çətinliklər gözləyir”

Nüfuzlu Amerika ekspertləri gələn il Qarabağda yeni hərbi münaqişənin qızışacağını istisna etmirlər. ABŞ-ın nüfuzlu beyin mərkəzlərindən olan Beynəlxalq Münasibətlər Şurasının hesabatında deyilir: "Vasitəçilik səylərinin uğursuzluğu, silahlanma yarışı və atəşkəs rejiminin tez-tez pozulması Dağlıq Qarabağda hərbi əməliyyatların bərpası riskini tədricən artırmaqdadır”. Bu hesabat 2017-ci ildə mümkün münaqişələr və

ABŞ-ın onlara mümkün təsiri barədə proqnozlara həsr olunub. 

2017-ci ildə hərbi əməliyyatların başlanması ehtimalı güclüdürmü? Politoloq Elşən Manafov"Cümhuriyət” qəzetinə açıqlamasında belə bir ehtimalların olduğunu bildirib: "Ermənistanın münaqişənin tənzimlənməsilə bağlı danışıqlarda nümayiş etdirdiyi qeyri-konstruktiv mövqe bu ölkə iqtidarının Qarabağla bağlı müstəqil siyasət yürütmək imkanına malik olmadığını ortaya qoyur. Bölgədə ciddi geosiyasi və geoiqtisadi maraqları olan dövlətlər və güc mərkəzləri var. Ermənistan təbii ki, həm də ATƏT-in Minsk Qrupunda təmsil olunmuş həmsədr dövlətlərin mövqeyi ilə bağlı maraqları nəzərə alır. Ermənistan rəsmiləri gözəl anlayır ki, indiki şəraitdə xüsusilə, Trampın ABŞ-da prezident seçilməsindən sonra həmsədr dövlətlər Cənubi Qafqazın mövcud status-kvonun dəyişilməsində maraqlı deyillər. Hətta gələn ilin mart ayında Fransua Ollandı prezident seçkisində əvəzləyə biləcək növbəti Fransa prezidentinin belə bu münaqişənin tənzimlənməsi istiqamətində ciddi şəkildə təsir imkanlarını artıra biləcəyini düşünmürəm. Təhlillər ilk növbədə Azərbaycan tərəfinin mövcud münaqişənin həm də hərbi yolla həll etmək imkanlarını götür-qoy etməkdən irəli gəlir. Ötən ay təxminən 60 minlik Azərbaycan hərbçisinin iştirakı ilə keçirilən hərbi təlim məşqləri göstərdi ki, Azərbaycan ordusu gerçəkdən bu problemi hərbi yolla həll etmək imkanlarına malikdir”.

Minsk Qrupundaxristian təəssübkeşliyi

Politoloq bir amilə diqqət çəkərək bildirib ki, bu, gələn il üçün Azərbaycanın xeyrinə işləməyə də bilər: "Bu, ondan ibarətdir ki, Trampın prezident seçilməsindən sonra o, bir sıra beynəlxalq mahiyyət kəsb edən məsələlərin həllində Putinlə konstruktiv əməkdaşlıq edəcək. Bu təqdirdə həmin problemlərin həlli imkanlarını götür-qoy edəcək. Xüsusilə, postsovet məkanında ABŞ və Rusiya arasında həlledici mübarizə hər iki tərəfin Ukraynaya olan iddiaları ilə bağlı olacaq. Düşünmürəm ki, ABŞ burada bilərəkdən Krım məsələsinin daha da dərinləşməsində maraqlı olacaq. Amma güman ki, Ukraynada tərəflərin mövcud problemin həlli məqsədilə ata biləcəyi zəruri addımlar Cənubi Qafqazda Ermənistanın fəallaşması üçün imkan yaratsın. Doğrudur, Ermənistanın buna imkanları yoxdur. Amma Ermənistan və Rusiya arasında vahid ordu birləşmələrin yarada bilməsi ilə bağlı atılan addımlar göstərir ki, Rusiya perspektivdə Ermənistanın Azərbaycanla təkbətək qala biləcəyi təqdirdə uduzmaq imkanlarını götür-qoy edir. Hərçənd Rusiya rəsmiləri bəyan etdilər ki, bu, bütün hallarda Azərbaycanın əleyhinə işləyən addım deyil. Bu, daha çox Rusiya özünün Yaxın və Orta Şərqdə, Cənubi Qafqazda NATO tərəfindən onun maraq dairəsinə ola biləcək təsirlərdən sığortalanmaq üçün bu addımları atır. Amma bütövlükdə Rusiyanın mövqeyi bəlli olub. Rusiya, o cümlədən ATƏT-in Minsk qrupunda təmsil olunmuş digər həmsədr dövlətlər çox təəssüf ki, bu münaqişənin tənzimlənməsi ilə bağlı məsələlərdə bir çox hallarda xristian təəssübkeşliyi mövqeyindən çıxış edirlər, bəzən özlərinin geosiyasi maraqlarından çıxış edərək Azərbaycana təzyiq və təhdid imkanlarından həmişə bəhrələnməyə çalışırlar”.

"Qabaqlayıcı addımlar atmalıyıq”

Elşən Manafov növbəti il üçün Azərbaycanın xeyrinə işləməyən daha bir amilə toxunaraq qeyd edib ki, bu da büdcənin kəsirlə təsdiq olunması faktorudur: "Qarşıdakı 2-3 ildə Azərbaycanı çətin sınaq ili gözləyir. Azərbaycanın büdcə imkanlarının əvvəlki illərlə müqayisədə kifayət qədər məhdud olması, hesab edirəm ki, kiçik və qalibiyyətli müharibəni aparmaq şanslarını müəyyən qədər məhdudlaşdırır. Azərbaycan tərəfi qabaqlayıcı tədbirlər görməlidir. İlk növbədə bu münaqişənin ATƏT-in Minsk Qrupu çərçivəsində tənzimlənməsi mövqeyindən imtina etməliyik”. 

Politoloq hesab edir ki, Sərkisyanın Qarabağa olan gözlənilməz səfəri isə Azərbaycana beynəlxalq hüquqi normalara istinad edərək Ermənistana müharibə elan etməyə də icazə verir: "Müharibəni elan etməklə təbii ki, dərhal hərbi əməliyyatları başlamaq olmayacaq. Çünki bu faktın özü bölgədə vəziyyətin pisləşməsinə maraqlı olmayan və xüsusilə, Azərbaycanın Avropa enerji təhlükəsizliyi üzrə oynaya biləcəyi rolu nəzərə alan tərəfləri Azərbaycanla danışıqlar aparmağa məcbur edəcək. Bu danışıqların gedişində Azərbaycan diplomatiyası tərəfləri Ermənistana təzyiq etmək imkanlarından istifadə edə bilər. Güman edirəm ki, Azərbaycan bütün hallarda yaranmış vəziyyəti nəzərə almalı və qabaqlayıcı addımlar atmalıdır”. 

Yeganə Oqtayqızı

Administratorla əlaqə

077 611-55-22

[email protected]