Əsas Səhifə / Analitika
"Qarabağ münaqişəsi hətta gələn ay alovlana bilər"
26-12-2015, 20:03
Başa çatmaqda olan cari il ərzində də Dağlıq Qarabağ münaqişəsinin həllində hansısa ciddi irəliləyiş əldə olunmadı. Münaqişənin dinc yolla həllinə vasitəçilik edənlər hələ də Ermənistanı problemin çözümü üçün konstruktiv mövqeyə gəlməyə vadar edə bilmir. İsveçrədə baş tutan Azərbaycan və Ermənistan prezidentlərinin görüşü də istənilən nəticəni vermədi. Bu hal bir daha ATƏT-in Minsk Qrupunun fəaliyyətinin yarıtmaz olduğunu aydın şəkildə meydana qoydu.
Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan da etiraf edir ki, Ermənistan və Azərbaycanın Dağlıq Qarabağ münaqişəsi üzrə yanaşmaları bir-birinə yaxın deyil. XİN rəhbəri qeyd edib ki, Berndə keçirilən görüşdə tərəflər Dağlıq Qarabağ probleminin müxtəlif həll prinsipləri və elementlərinə öz yanaşmalarını ifadə ediblər. Onun sözlərinə görə, təəssüflə qeyd etmək olar ki, tərəflərin yanaşmaları bir-birinə yaxın deyil və ya üst-üstə düşmür. Bütün bunlar isə problemin hərbi müstəvidə həlli ehtimalını daha da artırır. Çünki Azərbaycan ərazilərinin uzun müddətə işğal altında qalması ilə barışmaq niyyətində deyil. Digər tərəfdən, regionda gedən geosiyasi proseslər, o cümlədən Rusiya və Türkiyə arasında gərginləşən münasibətlər də münaqişəni yenidən alovlandırmaq iqtidarındadır.
Rusiyanın "arqumenti.ru" saytı isə yazır ki, Dağlıq Qarabağda müharibə hətta gələn ay başlaya bilər. Sayt yazır ki, Qarabağ münaqişəsi ətrafında vəziyyət ağırlaşır: "Praktiki olaraq hər gün Ermənistan və Azərbaycan KİV-lərində siyasətçilər atəşkəsin pozulması haqda danışırlar. Eyni zamanda, qurbanlar haqda məlumatlar yayılır. Ermənistan prezidenti Serj Sarkisyan da Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Moskvada keçirilən iclasında bildirdi ki, İrəvan və Bakı arasında müharibə istənilən vaxt başlana bilər. O, Rusiyaya KTMT-nin Nizamnaməsini xatırlatdı və müharibə olacağı halda dəstək gözlədiklərini dilə gətirdi". Rusiyanın hərbi-diplomatik mənbələrindən sayta bildirilib ki, hazırda Qarabağ münaqişəsində gərginliyi aradan qaldırmaq üçün iki plan var: "Birinci variantı ABŞ və Fransa təklif etdi. Bu, ATƏT-in nümayəndələrini artırmaq və ərazinin müşahidəsini texniki vasitələrlə aparmaqdan ibarətdir. Rusiya isə hesab edir ki, bu kömək etməyəcək və təklif edir ki, sülhməramlıların regiona daxil edilməsi prosesi başlasın. Lakin Bakı buna qəti şəkildə etiraz edir". Mənbə qeyd edib ki, məsələ ilə bağlı təcili qərar qəbul etmək lazımdır: "Çünki Rusiya-Türkiyə münaqişəsindən sonra Cənubi Qafqazda da böhran artır və regionda münaqişənin alovlanması ehtimalı var. Bu həm də Rusiyanı Suriyadan yayındırmağa xidmət edə bilər".
Yaranmış durumda müharibənin başlanmasına rəvac verən əsas amil şübhəsiz ki, Ermənistanın mövqeyində dəyişiklik etməməsi və Minsk Qrupunun fəaliyyətinin istənilən nəticəni verməməsidir. Rusiyalı politoloq Oleq Kuznetsov da qeyd edir ki, Minsk Qrupu Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesini stimullaşdırmır, əksinə, ləngidir: "2015-ci ildə münaqişənin nizamlanmasının taleyi, fikrimcə, daha da qeyri-müəyyən oldu. Dekabrın 19-da Berndə Azərbaycan və Ermənistan prezidentləri - İlham Əliyev və Serj Sarkisyan arasında keçirilən görüş növbəti dəfə məni belə düşünməyə məcbur etdi. Tərəflərin və iştirakçıların bütün rəsmi bəyanatları və onların ümumi fikri hər şeyin növbəti dəfə gələn ilə təxirə salındığını göstərir. Sanki ATƏT-in Minsk Qrupunda heç kim Ermənistan və Azərbaycanın 25 ildir müharibə şəraitində yaşadığını, Dağlıq Qarabağ və digər işğal olunmuş yeddi Azərbaycan rayonunda cəbhə xəttinin keçdiyini, daim tərəflərin ön mövqelərdə kəşfiyyat apardığını və bunun bir əsrin dörddə bir hissəsi müddətində getdiyini bilmir". Onun sözlərinə görə, ATƏT-in Minsk Qrupunun rəsmiləri prezidentlərin görüşünü təşkil etməklə yalnız növbəti il üçün özlərinin zəruriliyini və fəaliyyətlərinin davam etdirilməsi üçün maliyyə vəsaitinin ayrılmasına ehtiyac olduğunu göstərib. Beləliklə, Qarabağda müharibənin yenidən alovlanma ehtimalı getdikcə artır.
Bu günlərdə Avstriyanın "Der Standard" qəzeti də məsələ barədə çox maraqlı faktlara toxunub: "2015-ci ildə Cənubi Qafqazda Dağlıq Qarabağ münaqişəsi boyunca gərginliyin yüksək həddə çatması müşahidə olundu. Ekspertlər ehtiyat edir ki, 2016-cı ildə "dondurulmuş" münaqişə ocağı oyana bilər". Qəzet qeyd edir ki, hər iki ölkənin müharibə həddinə gəldiyi müşahidə olunur: "Gündəlik toqquşmalar nəticədə müharibəni başlada bilər. Hər halda buna böyük ehtimal var. Çünki artıq cəbhə xəttində ağır artilleriya işə düşüb, iriçaplı silahlardan atəş açılır".
Prezidentlərin Bern görüşünə toxunan qəzet qeyd edir ki, tərəflər barışıqdan uzaqdır: "ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri - ABŞ, Rusiya və Fransa Ermənistan və Azərbaycanın əvvəlki kimi onların vasitəçiliyində maraqlı olduqlarını düşünür. Vasitəçilərin bu triosunda ən parlaq iştirakçı məhz Rusiyadır. Lakin erməni siyasətçilər böyük rus qardaşlarına hazırda inanmır. Halbuki, Avropa Birliyindən imtina edən Ermənistan Avrasiya İqtisadi İttifaqına qoşuldu. Amma yenə də ermənilər müharibə başlayacağı təqdirdə Rusiyanın İrəvanın arxasında dayanacağına şübhə ilə yanaşır".
Nahid SALAYEV