Siyasət

Tanınmış rusiyalı politoloqdan Qarabağda müharibə xəbərdarlığı

16-12-2015, 14:55
Tanınmış rusiyalı politoloqdan Qarabağda müharibə xəbərdarlığıEkspert savaşı qaçılmaz hesab edir; “O halda Rusiya Ermənistanı, Ermənistan da öz növbəsində Qarabağdakı separatçı qüvvələri dəstəkləyəcək...”
Tanınmış rusiyalı politoloq və ictimai xadim Maksim Şevçenko rusdilli minval.az saytına müsahibə verib. Müsahibdə o, Türkiyə-Rusiya münasibətlərinin perspektivinə və Dağlıq Qarabağ ətrafındakı mövcud situasiyanın mümkün inkişaf ssenarilərinə xüsusi toxunub.

Ankara-Moskva münasibətlərindən danışan politoloqa görə, tərəflərin maraqları Suriyada yox, Güney Qafqazda toqquşur: “Suriya poliqonu xeyli dərəcədə konfrontasiya üçün seçilib ki, Cənubi Qafqazda və bütövlükdə Qafqazda vuruşmaq imkanları olmasın. Tamamilə aydındır ki, dövlətlərin gələcəyi və 21-ci əsrin elitaları, hər halda, yeni nəqliyyat və enerji resursları dəhlizləri kontekstində düzən tapacaq. Onların demək olar, hamısı cənubdan - Rusiyadan yan ötməklə getməlidir: bu Bakı-Tiflis-Ceyhan, ”İpək yolu"dur...

İstənilən bölgüdə Türkiyə böyük bazarlara doğru bu dəhlizlər üçün sonuncu “ötürücü” qismindədir. Ona görə də əgər Moskva bütün bunlardan kənarda qalsa, o zaman bir əyalət dövlətinə, Qərbi Avropanın xammal əlavəsinə çevriləcək - inkişafdan və müasir tranzitdən məhrum olmaqla birgə. Aydındır ki, Rusiya imkan verməyəcək ki, bütün tranzit yolları ondan yan ötməklə qurulsun. Rusiya Güney Qafqazı özünün həyati maraqlar zonası sayır və bu səbəbdən də Azərbaycan, Gürcüstan və Ermənistanla mehriban qonşuluq əlaqələri qurmağa hazırdır, ancaq özünün iqtisadi tarixdən kənara atılması hesabına yox. Rusiya üçün regionda xarici rəqiblərə uduzmaq Qafqazı bütünlüklə itirmək deməkdir.

Odur ki, sadalananlar nəzərə alınanda, Rusiya ilə Türkiyə arasında konflikt həll oluna bilən deyil. Türkiyə NATO hərbi-siyasi blokunun üzvüdür və daima Avropa Birliyinə can atır. Ona görə də bu dövlət Avropa və Amerika siyasi məkanına daha yaxındır, nəinki Rusiya məkanına - baxmayaraq ki, Rusiya ilə əlaqələr Türkiyə əhalisi üçün əlverişlidir".

Politoloq Türkiyə-Rusiya münasibətlərinin gərginləşməsi fonunda Qarabağ münaqişəsinin dinc həll yollarını qaranlıq görür, yaranmış vəziyyətdə müharibə risklərinin xeyli artdığını düşünür: “Mən demək olar, əminəm ki, bu situasiyada Qarabağda müharibə qaçılmazdır. Rusiya və Türkiyə birbaşa hərbi konfrontasiyadan çəkinir. Üstəgəl, qanadlı raketlərin buraxılması və nüvə silahı barədə prezident Putinin bəyanatları ilə Rusiya özünün ciddi qarşıdurma səviyyəsinə hazır olduğunu nümayiş etdirib. Bütün bunlara rəğmən, Rusiyanın Türkiyə ilə, NATO ilə indiki şərtlərdə qarşıdurması mümkün deyil. Ona görə də münaqişələr Suriyanın, Cənubi Qafqazın ərazilərinə keçiriləcək... və burada suriyalıların, azərbaycanlıların, ermənilərin əli ilə tərəflər öz maraqların çərçivəsində dolayı müharibə apara bilər. Bu xüsusda Qarabağda müharibənin yenidən qızışma ehtimalı çox böyükdür”.



“Rusiya ilə Türkiyə arasında konflikt həll oluna bilən deyil...”


Analitikə görə, Rusiya Azərbaycanla vuruşmaq istəmir: “Ancaq əgər Azərbaycan Ermənistana hücum eləsə, bu qaçılmaz olacaq. Doğrudur, 7 rayon və Dağlıq Qarabağ hüquqi cəhətdən Azərbaycan ərazisidir. Amma zəmanət yoxdur ki, müharibə Ermənistan ərazisinə keçməyəcək. Birinci Qarabağ savaşı zamanı mərmilər Ermənistan ərazisinə də düşürdü. Ona görə də risk böyükdür ki, istənilən halda Rusiya Ermənistanı, Ermənistan da öz növbəsində Qarabağdakı erməni silahlı qüvvələrini dəstəkləyəcək. Bunu heç müzakirə eləməyə də dəyməz. Üstəlik, informasiyalar var ki, Dalıq Qarabağa suriyalı və livanlı ermənilər göndərilir - hansılar ki, yaxşı döyüş təcrübəsinə malikdir və iki vətəndaş müharibəsindən keçiblər”.
Ekspert müharibə kontekstində daha sonra Azərbaycan üçün incə bir məqama da toxunub:

“Azərbaycan üçün müharibənin təhlükəsi həm də ondadır ki, prezidentin qızı Leyla Əliyevanın ailəsi Moskvada yaşayır, Ağalarovlar ailəsinin Rusiyada nəhəng biznesi var, bakılı yəhudilər - iri biznesmenlər olan Qod Nişanov və Zarax İliyevə Rusiya paytaxtındakı böyük meyvə-tərəvəz bazarı, ”Ukrayna" mehmanxanası və s. məxsusdur. Rusiya Federasiyasında Azərbaycan elitasının toplam payı yüz milyardlarla dollarla ölçülür. Müharibə olacağı təqdirdə - hansı müharibədə ki, Azərbaycan-Rusiya münasibətlərinin korlanma ehtimalı böyükdür - Azərbaycan elitasına ciddi zərbə dəyəcək. Ona görə də düşünürəm ki, Rusiya ilə konflikt az ehtimallıdır. Ancaq Azərbaycan yəqin ki, Türkiyə ilə müttəfiqlik əlaqələrinə sadiq olduğunu göstərəcək".

“Müharibə olacağı təqdirdə Bakı-Moskva münasibətlərinin korlanma ehtimalı böyükdür, Rusiyadakı Azərbaycan elitasına ciddi zərbə dəyə bilər”


Bu xüsusda politoloq Türkiyə-Azərbaycan hərbi əməkdaşlıq əlaqələrinin yüksək səviyyədə olmasına da diqqət çəkib: “Azərbaycanlı hərbi qulluqçular müntəzəm şəkildə Türkiyədə hazırlıq keçirlər, Rusiyada yox. 20 il ərzində onlar Türkiyədə staj qazanıblar və Azərbaycan ordusu Türkiyə nümunəsi əsasında formalaşıb. Qarabağ müharibəsinin başlanması mənə dəhşətli yuxu kimi görünür, çünki mən problemin dinc həllinin tərəfdarıyam... Tam mümkündür ki, Dağlıq Qarabağ məsələsi sonralar muxtariyyət əsasında yoluna qoyulsun. Ssenarilər müxtəlif ola bilər. Ancaq hələlik geosiyasi situasiya hərbi variant istisna olmaqla, onlardan heç birinin reallaşmasına imkan vermir. Nə qədər ki, Rusiya strateji bazarlardan vurulub çıxarılır, Qarabağa dair konsensus əldə olunmayacaq”.

“Onu da qeyd edim ki, Ermənistanda da, Azərbaycanda da müharibəyə hazırdırlar. Hər iki dövlətdə mənəvi səfərbərlik həyata keçirilib. Hər iki ölkənin KİV-lərindəki məqalələr buna sübutdur. Lakin tərəflər bir şeyi başa düşməlidirlər ki, İran-İraq konfliktinin təkrarlanması onlara lazımdırmı?! Belə qüvvələr nisbətində ermənilər Bakını, azərbaycanlılar isə İrəvanı bombalayacaq. İndi 90-cı illər deyil, tərəflərin malik olduğu silahlanma sistemi xeyli dərəcədə modernləşib. Odur ki, təkcə Dağlıq Qarabağ və 7 rayonla məsələ yekunlaşmayacaq” - əlavə edib rusiyalı ekspert.

Siyasət şöbəsi

Administratorla əlaqə

077 611-55-22

[email protected]