Gündəm

Müsəlman Birliyi Hərəkatının məqsədi, məramı nəydi?

20-11-2016, 16:08

Tale Bağırzadə hakimiyyətin Müsəlman Birliyi Hərəkatına qəzəbinin səbəblərindən yazır

Müsəlman Birliyi Hərəkatının (MBH) məqsədi, məramı nəydi? Hakimiyyətin bu hərakata sərt münasibəti və onu "beşiyində boğması”nın səbəbləri nədən ibarətiydi? MHB-nin sədri Tale Bağırzadə bu və ya digər suallara cavab verir:

Hakim rejimin MBH-nin varlığına, fəaliyyətinə qarşı amansız və qəddar rəftarının, ona qarşı törətdiyi cinayətlərin səbəblərini başa düşmək üçün aşağıdakı mühüm məqamlara diqqət yetirmək lazımdır:
1) MBH-nin təsis edilməsində hakimiyyətin, xarici dövlət və ya kəşfiyyat orqanlarının dəstəyi, xeyir-duası olmamışdır. Bu isə o deməkdir ki, müstəqil, qərarlarını özü verən, xalqın içindən çıxan və mənbəyinin yalnız Azərbaycan xalqına əsaslandığı bir hərəkatdır. Əslində, normal dövlət hakimiyyətləri belə müstəqil hərəkatların dövlətçilik nöqteyi-nəzərindən yaradılması, inkişaf etdirilməsi və qorunmasında maraqlı olmalıdırlar. Çünki bu cür müstəqil təsisatlar hakimiyyəti ciddi tənqid etsələr də, daima dövlətçiliyin, dövlət müstəqilliyinin, dövlətin ərazi bütövlüyünün qorunmasında əsaslı rola malik olurlar.

Təəssüflər olsun ki, Azərbaycanın mövcud hakimiyyəti xalqın və dövlətin maraqlarını deyil, həmişə öz hakimiyyət maraqlarını güdməkdədir. Lazım olanda hakim rejim öz hakimiyyət maraqlarına görə hər şeylərini qurban verməyə hazır olurlar. Şübhəsiz ki, xalqın və dövlətin maraqlarını özünün ana xətti hesab edən MBH-yə qarşı hakimiyyətin bu iyrənc mövqeyini anlamaq elə də çətin deyil. Çünki rejim özünün yaratmadığı bir hərəkatı idarə və ya susdura bilmir. Bu halda hakimiyyətin bircə çıxış yolu qalır: Hərəkatı nəyin bahasına olursa olsun, məhv etmək.

2) MBH ölkədə rejimə qarşı ciddi mübarizə aparan ictimai-siyasi təşkilatlarla əməkdaşlıq və birgə mübarizə taktikasını seçməklə hakim zümrənin qəzəbinə tuş gəlmişdi.

3) MBH uzun illərdir ki, ölkənin ictimai-siyasi həyatından məqsədyönlü şəkildə kənarlaşdırılan inanclı insanların bu vacib proseslərə inteqrasiya və adaptasiya edilməsində vacib rol oynamış və oynamaqdadır. Bu isə öz növbəsində rejimin illərdir tikdiyi divarların sökülməsi və MBH-yə qarşı ciddi tədbirlərin tökülməsinə səbəb olmuşdur.

4) MBH-nin sosial bazasının əksəriyyətinin inanclı vətəndaşlardan təşkil edilməsi cəmiyyətdə yeni bir tendensiyanın yaranmasına səbəb olmuşdur. Belə ki,inanclı insanların ictimai-siyasi meydanlarda olmaları vətəndaşların illərdir inamsız yanaşdıqları taleyüklü siyasi proseslərə yenidən möhkəm iman və etimad yaratmaqdadır. Çünki Azərbaycan insanı həyatının digər sahələrində də inanclı insanlara inanır və etimad göstərir. Belə olan halda, hakimiyyətin "parçala, hökmranlıq et” siyasətinin qarşısında MBH-nin xalqı vəhdətə, milli birliyə çağırışı durur.

5) MBH-nin təsis edildiyi ilə nəzər salsaq, hakimiyyətin ciddi problemlərlə üz-üzə qaldığını görərik. Neft qiymətlərinin ciddi surətdə aşağı düşməsi, neft sektorundan asılı olan iqtisadiyyatın tənəzzülü, infilyasiya və devalvasiyanın qapı ağzını kəsdirdiyi bir zamanda, sosial problemlərin vüsət alacağı proqnozunu qabaqcadan düşünmək elə də çətin deyildi. Hakimiyyətin isə ilk növbədə sosial problemləri həll etmək əvəzinə ona qarşı müxalif mövqedə olan təşkilatları hədəfə alması başa düşülən idi və beləliklə, rejimin aylardır canına vəlvələ salan MBH hədəfə alınmışdı. Çünkü MBH yarandığı vaxtdan 10 ay keçməsinə baxmayaraq, ölkə vətəndaşlarının ciddi dəstəyini qazanmışdı. Şəhər və rayonlardan hərəkata qoşulan insanların hər gün sayı artmaqda idi. Hakimiyyət bu prosesdən ciddi təşviş və qorxu keçirərək "Nardaran hadisəsi”ni törətdi.

6) MBH hakimiyyətin uzun illər ərzində formalaşdırdığı ənənəvi islam anlayışının təməllərini sarsıdaraq, yeni düşüncə, yanaşma tərzi ilə inanclı kəsimi ictimai-siyasi proseslərdə fəal mövqe tutmağa çağırırdı. İslamın hər bir mömin üzərinə ədalətli olmaq, dürüst və əxlaqlı davranmaq,halallığa əməl etmək kimi ilahi öhdəliklər qoyduğunu əsas götürərək, inanclı insanların ölkədəki haqsızlığa, ədalətsizliyə laqeyd qalmasının islamın gerçək mahiyyətinə zidd olduğu gündəmə gətirilirdi. Bu yanaşma isə inanclı kəsimin ictimai-siyasi proseslərə daha həssas yanaşmasına, mövcud rejimin ədalətsizliklərinə qarşı aparılan demokratik mübarizəyə qoşulmasına zəmin yaradırdı.

7) MBH-ni mövcud rejimin qəzəbinə tuş gətirən əsas səbəblərdən biri də islamın mütərəqqi mahiyyətini cəmiyyətin nəzərinə çatdırması idi. Uzun illər ərzində islam və inanclı kəsim barəsində formalaşdırılmış yanlış streotiplər üzündən toplumun müəyyən kəsimləri inanclı insanların siyasi proseslərə qoşulmasına şübhə ilə yanaşır, radikal, mövhümatçı yanaşmalarına görə demokratik dəyərlərin qarşısında yer aldıqlarını düşünürdülər. Ancaq MBH-nin islamın mütərəqqi mahiyyətinə uyğun olaraq, insan hüquq və azadlıqlarına, demokratik dəyərlərə sahib çıxması, fərqli fikirlərə qarşı tolerantlığı təbliğ etməsi, azad seçki yolu ilə demokratik dəyişikliklərə səslənməsi, cəmiyyətin digər kəsimi ilə inanclı insanlar arasında inteqrasiya və birgə mübarizəsi üçün zəmin yaradırdı.

Eyni zamanda MBH-nin hər hansı xarici himayədarı da olmadığına görə, iqtidarın dövlət maraqlarımızı güzəştə getmək hesabına xarici himayəçilərlə anlaşıb bu yolla fəaliyyətimizə təsir göstərməsi də mümkün deyil.

Tale Bağırzadə

Kürdəxanı təcridxanası 18.11.2016

Administratorla əlaqə

077 611-55-22

[email protected]