Gündəm

Tale Bağırzadə və Fuad Qəhrəmanlı aclıq aksiyasına başladı

19-12-2016, 19:06
Tale Bağırzadə və Fuad Qəhrəmanlı aclıq aksiyasına başladı

Müsəlman Birliyi Hərəkatının sədri, həbsdə olan ilahiyyatçı Taleh Bağırov, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı və onlarla birlikdə mühakimə olunan daha 16 nəfər dekabrın 19-dan aclıq aksiyasına başlayır.

Bu barədə AzadlıqRadiosuna vəkil Yalçın İmanov məlumat verib.

Müdafiəçi deyir ki, «Nardaran dustaqları» onların işi üzrə keçirilən məhkəmə iclaslarında iştiraklarına imkan verilməməsinə etiraz olaraq bu addımı atıblar.

«Taleh Bağırov dedi ki, onların prosesdə iştirakına imkan verilməsə də, hər dəfə Bakı Ağır Cinayətlər Məhkəməsinə gətirirlər, orada zirzəmidə saxlayırlar. Ora da çox soyuqdur. Təqsirləndirilən şəxslərin bir neçəsi xəstələnib», – vəkil bildirib.

Y.İmanov deyir ki, Taleh Bağırov həm də imtina etdikləri vəkillərin onların məhkəməsində iştiraka məcbur edilməsinə etiraz edir.

2015-ci il noyabrın 26-da Nardaran qəsəbəsində keçirilən xüsusi əməliyyatda, ikisi polis olmaqla, 6 şəxs həlak olub. Rəsmi bilgilərə görə, 70-dən çox adam həbs edilib (hüquq müdafiəçilərinin siyahısında bu rəqəm 87 göstərilir). Daha yüngül maddələrlə ittiham edilənlərin məhkəməsi başa çatıb. Həmin şəxslər 1 il 6 aydan 6 il 6 ayadək həbs cəzası alıblar.

Müsəlman Birliyi Hərəkatının sədri Taleh Bağırov və daha 17 nəfərin mühakiməsi isə davam edir. Təqsirləndirilənlər ittihamları rədd edir, onlardan ifadələrin işgəncə altında alındığını bildirirlər. DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları isə «Nardaran işi»ndə həbs olunanlara işgəncə verilməsi ilə bağlı deyilənləri təkzib ediblər.

Administratorla əlaqə

077 611-55-22

[email protected]