Dünya

Azərbaycanlılar Almaniyada mitinq keçirib

30-05-2016, 14:09

28 May – Respublika Günü ilə əlaqədar Almaniyadakı Azərbaycan və Türk icmasının nümayəndələri Hannover şəhərində mitinq keçirib.

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, şəhərin mərkəzi meydanı olan Opernplatzda baş tutan aksiyanın məqsədi eyni zamanda yerli ictimaiyyətin diqqətini bir daha Azərbaycan həqiqətlərinə yönəltmək olub.

Mitinqdə Azərbaycan, türk və alman dillərində "Ermənistan, Azərbaycandan rədd ol!”, "Xocalıya ədalət”, "Xocalını unutma!”, "Qarabağa azadlıq” və bu kimi şüarlar səsləndirilib, səsgücləndirici vasitəsilə almanca çıxış edən Etibar Qəniyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Xocalı soyqırımı barədə məlumat verib. E.Qəniyev XX əsrin ən dəhşətli faciələrindən biri olan Xocalı qırğınının erməni millətçiləri tərəfindən Azərbaycan xalqına qarşı keçirilən etnik təmizləmə siyasətinin tərkib hissəsi olduğunu şəhər sakinlərinin diqqətinə çatdırıb. O, faciənin soyqırımı kimi tanınması ilə bağlı Almaniya hökumətinə və parlamentinə soydaşlarımız adından ünvanlanan müraciəti də səsləndirib.


Aksiya iştirakçıları iyunun 2-də Almaniya Parlamentində qondarma erməni soyqırımına dair planlaşdırılan müzakirələrə də etiraz bəyanatı ilə çıxış ediblər. Mitinqdə, həmçinin iştirakçılara iyunun 7-də Berlin şəhərində Federal Kansler Aparatı qarşısında keçirilməsi planlaşdırılan sülh nümayişi barədə məlumat verilib və onlar aksiyaya qatılmağa dəvət olunub.

Nümayişdə Hannover, ətraf şəhər və rayonlar, o cümlədən Almaniyanın digər federal əyalətlərindən gəlmiş azərbaycanlı və türk icmasının nümayəndələri iştirak edib.

Azərbaycanlılar Almaniyada mitinq keçirib

Administratorla əlaqə

077 611-55-22

[email protected]