Xocalı soyqırımının 24-cü ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.
24 fevral 2016-cı il tarixdə Nərimanov Rayon İcra Hakimiyyətində Xocalı soyqırımının 24-cü ildönümünə həsr olunmuş anım mərasimi keçirilmişdir.
Əvvəlcə, bütövlükdə bəşəriyyətə qarşı törədilmiş tarixi cinayət olan Xocalı soyqırımı zamanı qətlə yetirilmiş həmvətənlərimizin və Vətən uğrunda canlarını fəda etmiş bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Rayon İcra Hakimiyyətinin rəhbərliyi, Milli Məclisin deputatları, idarə, müəssisə və təşkilat rəhbərləri, rayon ictimaiyyətinin və rayon ərazisində məskunlaşmış Xocalıdan olan məcburi köçkün və şəhid ailələrinin qatıldığı tədbiri giriş sözü ilə açan Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev Xocalı faciəsi barədə ətraflı məlumat verərək Azərbaycan tarixində ən qanlı hadisələrdən biri olan, erməni silahlı dəstələri tərəfindən xalqımıza qarşı törədilən bu cinayət hadisəsi zamanı dinc əhalinin xüsusi qəddarlıqla qətlə yetirildiyini, əsir götürülən insanların isə dəhşətli işgəncələrə, zülm və təhqirlərə məruz qaldıqlarını qeyd edib.
Xeberman.com saytı xəbər verir ki, A.Fərzəliyev Xocalı kimi tarixi bir məkanın yer üzündən silinməsində keçmiş Sovet ordusunun 366-cı motoatıcı alayının yaxından iştirakı ilə görünməmiş vəhşiliklərin törədilməsi nəticəsində 613 nəfərin qətlə yetirilərək meyitlərinin təhqir olunduğunu, 1275 nəfərin girov götürüldüyünü, onlardan 150 nəfərinin taleyinin hələ də məlum olmadığını, qətlə yetirilənlərin 63 nəfərinin uşaq, 106 nəfərinin qadın, 70 nəfərinin ahıl və qoca olduğunu, 8 ailənin tamamilə məhv edildiyini, 25 uşağın hər iki valideynini, 130 nəfərin isə valideynlərindən birini itirdiyini xüsusilə diqqətə çatdırıb.
Natiq, çıxışında Xocalı haqqında həqiqətlərin dünya ictimaiyyətinin diqqətinə çatdırılması, bu faciənin xalqımıza qarşı soyqırımı aktı kimi tanınması üçün dövlətimizin bütün zəruri addımları atdığını qeyd edərək, bu sahədə məqsədyönlü fəaliyyətin xalqımızın Ümummilli Lideri Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə qayıdışından sonra başlandığını, onun təşəbbüsü ilə Xocalı soyqırımına siyasi-hüquqi qiymət verildiyini, fevralın 26-sının "Xocalı soyqırımı günü” elan edildiyini və Ulu Öndərin hər il faciənin ildönümündə bu qanlı qətliamın bütün azərbaycanlıların qan yaddaşına çevrildiyini daim vurğuladığını tədbir iştirakçılarının nəzərinə çatdırıb.
Sonra çıxış edən Milli Məclisin deputatı Hikmət Məmmədov erməni qəsbkarları tərəfindən zaman-zaman xalqımızın başına gətirilən müsibətləri diqqətə çatdıraraq, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin inamla həyata keçirdiyi daxili və xarici siyasətin, erməni qəsbkarlığının ifşası üzrə yönəlmiş uğurlu addımların öz bəhrəsini verdiyini, Xocalı soyqırımı haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycan xalqı və ümumən insanlıq əleyhinə törədilmiş bu son dərəcə ağır hərbi cinayətin beynəlxalq miqyasda siyasi-hüquqi qiymət alması məsələsinin dövlət siyasətinin mühüm istiqamətini təşkil etdiyini diqqətə çatdırıb.
Xocalıdan olan məcburi köçkün, şəhid ailəsi Mehriban Əliyeva çıxışında Xocalıda erməni vandallarının törətdiyi qətliamı tarixdə ən dəhşətli faciə kimi qiymətləndirib, cinayətkarların gec-tez ədalət məhkəməsi qarşısında cavab verəcəklərini qeyd edib. O, eyni zamanda, bütün qaçqın və məcburi köçkünlərin, şəhid ailələrinin, müharibə əlillərinin, o cümlədən də Xocalı sakinlərinin ötən müddətdə hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarını, onların bu və ya digər problemlərinin həlli istiqamətində mühüm işlərin görüldüyünü vurğulayıb.
Tədbirdə erməni vandallarının törətdiyi qətliam Xocalıdan olan şəhid ailələri tərəfindən tarixdə ən dəhşətli faciə kimi qiymətləndirilib. Eyni zamanda, bütün qaçqın və məcburi köçkünlərin, şəhid ailələrinin, müharibə əlillərinin, o cümlədən də Xocalı sakinlərinin ötən müddətdə hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqları vurğulanaraq, ölkəmizin daim yüksələn xətlə dinamik inkişafı və bu istiqamətdə dövlətimizin başçısının rəhbərliyi altında aparılan geniş quruculuq işlərinin daha böyük nəticələrin əldə ediləcəyinə ümidləri daha da artırdığı söylənilib.
Həmçinin, Azərbaycanın haqq səsinin eşidiləcəyinə, ermənilərin mənfur əməllərinin beynəlxalq səviyyədə qınaq obyektinə çevriləcəyinə, Xocalı qətliamının təqsirkarlarının haqlı cəzalarına çatacağına, Azərbaycan xalqının işğal altındakı bütün torpaqlarını yağı düşməndən tezliklə azad edəcəyinə, əzəli torpaqlarımızdan didərgin düşmüş həmvətənlərimizin öz ata-baba yurdlarına qayıdacaqlarına və ölkəmizin ərazi bütövlüyünün bərpa olunacağına əminlik ifadə olunub.
Anım mərasimi Odlar Yurdu Universitetinin tələbələrinin hazırladığı Xocalı soyqırımına həsr olunmuş və burada törədilən dəhşətləri əks etdirən "Süsən sünbül” tamaşasının nümayişi ilə davam etdirilib.
Eyni zamanda, rayonun ərazisində yaşayan Xocalıdan olan şəhid ailələrinə Rayon İcra Hakimiyyəti tərəfindən diqqət və qayğı göstərilib.