Əsas Səhifə / İqtisadiyyat / Yazarlar

Azərbaycan-Qazaxıstan münasibətləri: birgə keçmişdən birgə gələcəyə

6-10-2016, 20:15

 Azərbaycan və Qazaxıstanın bu illərdə adi postsovet ölkəsi miqyasından böyükgüclərin geosiyasi, iqtisadi və strateji maraqlarının kəsişdiyi Orta Asiya və Xəzər dənizi hövzəsinin ən əhəmiyyətli dövlətləri səviyyəsinə qədər yüksəlməsi isə, heç şübhəsiz ki, hər iki ölkənin müstəqilliyinin daha bir mühüm nailiyyətidir. Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümü ərəfəsinə təsadüf etməsi bu səfərə rəmzi məzmun verməklə yanaşı, sürətlə dəyişən qlobal proseslər mərhələsində Azərbaycan-Qazaxıstan əməkdaşlığını möhkəmləndirən, regional güc statusunu qorumağa xidmət edən amilləri birgə nəzərdən keçirmək üçün də fürsət yaradır.

Bu gün Azərbaycanla Qazaxıstanı etnik-tarixi köklərdən başqa, son onilliklərin siyasi münasibətlər sistemini müəyyənləşdirən əhəmiyyətli faktorlar- geostrateji mövqe, zəngin enerji resursları, Şərq-Qərb, Şimal-Cənub enerji və kommunikasiya dəhlizlərinin üzərində yerləşmələri kimi mühüm məqamlar yaxınlaşdırır. Azərbaycan və Qazaxıstanın materikin əsas geosiyasi bölgəsi olmalarına imkan verən bu üstünlüklər, düşünülmüş və balanslaşdırılmış siyasət sayəsində hər hansı bir dövlətin maraqlarına qarşı yönəlməyən, regionun inkişafına təkan verən layihələrin həyata keçirilməsini təmin edib. Əsasən, Qərb şirkətlərinin iştirakı ilə reallaşdırılan bu transmilli layihələrdə, üstəlik Rusiya kimi böyük region dövlətlərinin də maraqları nəzərə alınıb.

Azərbaycan da, Qazaxıstan da bu gün həm enerji daşıyıcılarının hasilatına xarici kapitalın cəlb edilməsi və bu daşıyıcıların dünya bazarlarına çıxarılması məsələsində, həm də Xəzərin hüquqi statusu kimi mövzularda oxşar mövqedən çıxış edərək, dünyada enerji təhlükəsizliyinin təminatında etibarlı alternativ tərəfdaş kimi çıxış edir. Ona görə də böyük bir coğrafiyanın gələcək müqəddəratının müəyyənləşdiricisi kimi Azərbaycanla Qazaxıstanın adının birgə çəkilməsi heç də təsadüfi deyildir. Tarixi, geosiyasi, iqtisadi bənzərlikləri və maraqları bu qədər üst-üstə düşən Azərbaycanla Qazaxıstanın ikitərəfli münasibətlərinin möhkəmləndirilməsi, strateji müttəfiqlik əsasında daha da inkişaf etdirilməsi olduqca mühüm əhəmiyyət daşıyır. Qazaxıstan prezidenti Nursultan Nazarbayevin Bakıya sayca 6-cı bu səfəri də ölkələrimiz arasında sıx əməkdaşlıq əlaqələrinin göstəricisi olmaqla bərabər, məhz belə bir məqsədə xidmət edir.

Ümumiyyətlə son illər iki ölkə arasında siyasi münasibətlərin və iqtisadi əlaqələrin sürətlə inkişafında hər iki ölkə prezidentlərinin qarşılıqlı səfərləri, müxtəlif sahələri əhatə edən çoxsaylı dövlətlərarası və hökumətlərarası sazişlər mühüm rol oynamışdır. 16-17 sentyabr 1996-cı il tarixindən Nursultan Nazarbayevin müstəqil Azərbaycana, 10 iyun 1997-ci ildən isə ulu öndər Heydər Əliyevin müstəqil Qazaxıstana başlayan səfərləri sonrakı illərdə ardıcıl xarakter almış, prezident İlham Əliyevin hakimiyyəti dövründə daha da intensivləşərək, iki ölkə arasında münasibətlərinin gələcək inkişaf istiqamətlərinin müəyyənləşməsində baza rolunu oynamışdır. İndiyə qədər dövlət başçılarının 10-a qədər qarşılıqlı səfərləri olmuş, ölkələrimiz arasında 100-dən çox sənəd imzalanmışdır. Həm bu səfərlər, həm də beynəlxalq tədbirlər çərçivəsində keçirilən görüşlər ikitərəfli, regional və beynəlxalq məsələlərin müzakirəsi, siyasi, iqtisadi və humanitar sahələrdə əlaqələrin daha da genişləndirilməsi üçün platforma rolunu oynamışdır. Bu səmərəli siyasi dialoqun töhfəsi olaraq, hazırda Azərbaycan-Qazaxıstan münasibətləri bir çox sahələrdə dinamik şəkildə inkişaf etməkdədir.

Azərbaycanın, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və prezident İlham Əliyev tərəfindən bu gün uğurla həyata keçirilən xarici siyasət kursunda Qazaxıstanla siyasi münasibətlərə xüsusi önəm verilir. Bu gün qətiyyətlə demək olar ki, siyasi sahədə digər Xəzəryanı dövlətlərlə müqayisədə ən sabit diplomatik münasibətlər məhz Qazaxıstanla mövcuddur və Azərbaycan üçün həlledici, prioritet kəsb edən məsələlərdə rəsmi Astana rəsmi Bakı ilə həmişə həmrəylik nümayiş etdirmişdir. Qazaxıstan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları əsasında, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinin tərəfdarı kimi çıxış etməklə qalmır, həm də Nursultan Nazarbayevin şəxsində ölkələr arasında uğurlu barışdırıcı missiyasını bu ağrılı problemin nizamlanmasında da sınaqdan keçirməkdə maraqlı görünür.

Yada salaq ki, Ermənistanın Avrasiya İqtisadi Birliyinə üzvlüyü zamanı irəli sürülən - bu üzvlüyün Azərbaycanın ərazi bütövlüyünə zərər gətirməməsi şərtinin müəllifi də məhz Nursultan Nazarbayevdir. Bu quruma üzv ölkələrin dövlət başçılarının 29 may 2014-cü il tarixində Moskvada keçirilmiş sammitində onun nümayiş etdirdiyi bu prinsipial mövqe Dağlıq Qarabağda istehsal olunan məhsulların Avrasiya İqtisadi Birliyi ölkələrinə ixracının əngəllənməsi yolunda çox mühüm bir addım olmuşdur. Bu mövqe bizə Azərbaycan - Qazaxıstan arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökümətlərarası Komissiyanın bu yaxınlarda keçirilən 13-cü iclasının Protokoluna da belə bir müddəanın daxil edilməsinə imkan yaratmışdır. Həmin müddəada qeyd edilir ki, Dağlıq Qarabağ da daxil olmaqla Azərbaycanın işğal olunmuş ərazilərində istənilən məhsulun satışı, ixracı və idxalına, eləcə də bu ərazilərdə şirkətlərin iqtisadi fəaliyyətlə məşğul olmasına imkan verilməməsini Azərbaycan Qazaxıstandan xahiş edir.

Ölkələrimiz arasındakı münasibətlərin Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi kontekstində nəzərdən keçirilməsi də maraq doğurmaya bilməz. Məlumdur ki, Xəzərin hüquqi statusunun müəyyənləşdirilməmiş qalması, 5 sahilyanı dövlətin bu məsələdəki ziddiyyətli mövqeyi Xəzər dənizinin zəngin karbohidrogen ehtiyatlarının mənimsənilməsi və iri layihələrin həyata keçirilməsində əngəlləyici amil kimi çıxış etməkdədir. Bu problemli məsələdə də 1993-cü ildən bəri Azərbaycanın ən yaxın müttəfiqi qismində çıxış edən dövlət kimi məhz Qazaxıstanı görə bilərik. Xəzərin müqəddaratı Azərbaycan və Qazaxıstan prezidentlərinin bütün görüşlərində başlıca müzakirə predmeti olmuş, dənizin dibinin bölünməsinə dair imzalanmış ikitərəfli sazişlər Xəzər dənizi regionunun sülh, sabitlik, mehriban qonşuluq və əməkdaşlıq zonası olması üçün Xəzəryanı ölkələrin dövlət başçılarının 2002-ci ildə Aşqabadda keçirilmiş birinci, 2007-ci ildə Tehranda ikinci, 2010-cu ildə Bakıda üçüncü, 2014-cü ildə Rusiyanın Həştərxan şəhərində isə dördüncü Zirvə Toplantıları üçün də əsas rolunu oynamışdır. Azərbaycan Qazaxıstanla birgə Xəzərin dibinin bölünməsi və bütövlükdə Xəzər dənizinin hüquqi statusu üzrə ümumi razılığın əldə olunmasına yönələn prinsiplərin Türkmənistan və İran tərəfindən də qəbul olunması üçün beştərəfli formatda danışıqlar prosesində də ardıcıl mövqe nümayiş etdirmişdir.

Siyasi münasibətlərin yüksələn xətt üzrə inkişafını şərtləndirən digər bir mühüm məqamı da vurğulamaq yerinə düşərdi. Ortaq dil, din, mədəniyyətə məxsus hər iki ölkə türkdilli xalqların inteqrasiyası yolunda da bərabər addımlayır. Azərbaycanla Qazaxıstan, Qırğızıstan və Türkiyə ilə birgə 3 oktyabr 2009-cu ildə Naxçıvanda yaradılmış Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının təsisçi üzvləri, habelə TÜRKSOY (Beynəlxalq Türk Mədəniyyət Təşkilatı), TÜRKPA (Türkdilli Ölkələrin Parlament Assambleyası), Türk Akademiyası, Türk Mədəniyyəti və İrsi Fondu, Türk Biznes Şurası kimi əlaqəli orqan və təşkilatların fəal iştirakçılarıdır.

Bakı ilə Astana TRASEKA layihəsi çərçivəsində Asiya-Qafqaz-Avropa nəqliyyat dəhlizi və Böyük İpək Yolunun bərpası layihələrində yaxından əməkdaşlıq edir. Hər iki ölkənin İpək Yolu üzərində yerləşməsi nəqliyyat sahəsində əməkdaşlıq imkanlarının zaman-zaman genişlənməsinə, ticari-iqtisadi əlaqələrin möhkəmlənməsinə yol açır. Qazaxıstan Azərbaycan üzərindən qurulan nəqliyyat xətləri vasitəsilə Şərq ölkələri və dünya bazarına çıxış qapıları əldə edir. Yeni Bakı Beynəlxalq Dəniz Limanı, yaxın vaxtlarda istismara verilməsi planlaşdırılan Bakı-Tbilisi-Qars dəmiryolu xətti, eləcə də Qazaxıstanda həyata keçirilən dəmiryolu layihələri və limanların genişləndirilməsi istiqamətində görülən işlər nəqliyyat sahəsində əlaqələrin güclənməsinə təkan verməklə, hər iki ölkənin beynəlxalq nəqliyyat dəhlizi kimi əhəmiyyətini artıracaqdır.

Ölkələr arasında siyasi anlaşmanın dayanıqlı və etibarlılığı, heç şübhəsiz ki, iqtisadi sahədə də əlaqələrin çoxşaxəli və uzunmüddətli inkişafını təmin edən başlıca şərtlərdəndir. İki ölkə münasibətlərinin bütün sahələr üzrə dinamik inkişaf səviyyəsinin qorunub saxlanmasında 1999-cu ildə Azərbaycan və Qazaxıstan arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın yaradılmasının əhəmiyyətini xüsusi qeyd etmək lazımdır. Çünki bütün sahələr üzrə həlli vacib məsələlərin, inkişaf perspektivlərinin küll halında qoyuluşu məhz Komissiyanın vaxtaşırı keçirilən iclaslarında mümkün olur. İki ölkə arasında iqtisadi sahədə əsaslı müqavilə-hüquqi baza yaradılmış, indiyədək bu sahədə 20-dən çox ikitərəfli sənəd imzalanmışdır.İmzalanan sənədlər bu əməkdaşlıq əlaqələrinin daha da dərinləşməsinə xidmət edir, iki ölkə arasında iqtisadi-ticari, nəqliyyat, yanacaq-energetika, kənd təsərrüfatı, elmi-texniki və mədəniyyət-humanitar sahələrdə qarşılıqlı münasibətlərin genişləndirilməsinə əhəmiyyətli töhfə verir.

22 sentyabr 2016-cı il tarixində Astana şəhərində Azərbaycan tərəfindən mənim, Qazaxıstan tərəfindən energetika naziri Kanat Bozumbayevin həmsədrliyi ilə Azərbaycan-Qazaxıstan iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın növbəti 13-cü iclası keçirilmişdir. Tədbirdə dünyada baş verən qlobal iqtisadi böhran fonunda neftin qiymətinin qeyri-stabil olmasının qeyri-neft sektorunun inkişafını zəruri etdiyi, dünyada neftin qiymətinin kəskin aşağı düşməsi prosesinin 2016-cı ildə də davam etməsinə baxmayaraq, Azərbaycanda dayanıqlı inkişafın təmin olunduğu, ölkədə iqtisadi-siyasi islahatların aparıldığı, Avropanın enerji təhlükəsizliyinin təminatında mühüm rol oynayacaq "Cənub Qaz Dəhlizi” ilə bağlı işlərin davam etdirildiyi iştirakçıların diqqətinə çatdırılmış, ikitərəfli iqtisadi-ticari münasibətlər, nəqliyyat, kənd təsərrüfatı, ətraf mühitin mühafizəsi, təhsil, miqrasiya və digər sahələr üzrə geniş müzakirələr aparılmış, enerji layihələrinin birgə həyata keçirilməsi perspektivləri, eləcə də enerjiyə qənaət sahəsində normativ aktların hazırlanması ilə bağlı təcrübənin öyrənilməsi kimi enerji əməkdaşlığını əhatə edən məsələlər nəzərdən keçirilmişdir.İclasda Azərbaycanla Qazaxıstan arasında ticarət dövriyyəsinin həcminin 2016-cı ilin yanvar-avqust aylarında 91 mln. ABŞ dolları (2015-ci ilin analoji dövrü ilə müqayisədə 31 faiz çox), ixracın 16 milyon ABŞ dolları ( 2015-ci ilin analoji dövrü ilə müqayisədə 76 faiz çox), idxalın isə 75 milyon ABŞ dolları (2015-ci ilin analoji dövrü ilə müqayisədə 25 faiz çox) olduğu diqqətə çatdırılmışdır.

O da vurğalanmışdır ki, ölkənin milli təhlükəsizliyinin əhəmiyyətli tərkib hissəsi olan ərzaq təhlükəsizliyinin təminatında da Azərbaycanın ən etibarlı tərəfdaşı məhz Qazaxıstandır. Azərbaycan Qazaxıstanın əsas kənd təsərrüfatı məhsulu olan taxılın daimi idxalatçılarındadır. Azərbaycanda illik buğda istehsalı 1,7 mln. tondur. Taxıla olan 1,3 mln. tonluq əlavə tələbat isə Rusiya ilə yanaşı, əsasən, Qazaxıstan hesabına ödənilir. Bu ilin yanvar-iyul aylarında Qazaxıstandan 3,2 mln. dollarlıq buğda idxal olunub ki, bu da ümumi idxalın 73 faizini təşkil edir.

İclasda Qazaxıstanın "AİTF-2017”, Azərbaycanın isə "KİTF-2017” beynəlxalq turizm sərgisi və "Astana EXPO-2017” beynəlxalq sərgisində iştirakına, həmçinin 2017-ci ildə Azərbaycanın görkəmli musiqi xadimi Bülbülün 120 illik yubileyi münasibətilə beynəlxalq tədbirin keçirilməsinə dair də fikir mübadiləsi aparılmış, tədbirin yekununda Protokol imzalanmış, Azərbaycan-Qazaxıstan iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 14-cü iclasının Bakı şəhərində keçirilməsinə dair razılıq əldə olunmuşdur.

Komissiyanın gündəliyinə daxil edilmiş məsələləri Qazaxıstan prezidentinin səfər proqramına hazırlıq kimi də qiymətləndirmək olar. Bu iclas bir növ hazırlıq xarakteri daşıyaraq, aktuallıq kəsb edən məsələlərin müyyənləşdirilməsinə imkan yaratmışdır.

Qarşılıqlı-faydalı əməkdaşlıq və regional tərəfdaşlıq münasibətlərini əhatə edən bütün bu məsələlərlə yanaşı, dünya enerji bazarında yaranmış son vəziyyət kontekstində enerji əməkdaşlığının yenidən nəzərdən keçirilməsi Nursultan Nazarbayevin səfəri zamanı aparılan danışıqların da əsas xəttini təşkil edəcək. Çünki enerji sektoru bu əməkdaşlığın əsas istiqamətdir. Elə Azərbaycan-Qazaxıstan arasında Birgə Hökumətlərarası Komissiyaya rəhbərliyin energetika nazirliklərinə həvalə edilməsi də bunun bariz nümunəsidir.

Yaxın tarixə qısaca ekskurs edərək yada salaq ki, Xəzər hövzəsinin və Orta Asiyanın enerji resurslarının Qərbə, xarici bazarlara çıxarılmasında dəhliz funksiyasını yerinə yetirməsi, ixrac marşrutlarının diversifikasiyasındakı üstünlükləri Azərbaycanı Qazaxıstan üçün enerji əməkdaşlığı sahəsində də müstəqilliyin ilk illərindən vacib ölkəyə çevirmiş, bu əməkdaşlığa strateji xarakter qazandırmışdır. İstər geosiyasi, istərsə də iqtisadi baxımdan ən sərfəli ixrac marşrutunu Qazaxıstana məhz Azərbaycan təklif etdiyindən rəsmi Astana Bakı-Tbilisi-Ceyhan əsas ixrac kəməri ilə bağlı aparılan danışıqlarda ilkin vaxtlardan iştirak etmiş, layihəyə ən yüksək səviyyədə dəstəyini sərgiləmişdir. 18-19 noyabr 1999-cu ildə ATƏT-in İstanbulda keçirilən Zirvə görüşü zamanı "Bakı-Ceyhan Əsas İxrac Boru Xətti üzrə saziş”, "Bakı-Ceyhan əsas İxrac Neft Boru Kəmərinin dəstəklənməsi haqqında İstanbul Bəyannaməsi” Qazaxıstan prezidentinin iştirakı ilə imzalanmışdır. 25 may 2005-ci il tarixində Qazaxıstan prezidenti Nursultan Nazarbayev Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan Əsas İxrac Boru Kəmərinin Azərbaycan hissəsinin istifadəyə verilməsi münasibətilə Səngəçal terminalında keçirilən mərasimdə şəxsən iştirak etmiş, Qazaxıstanın da qoşulduğu "Şərq-Qərb enerji nəqliyyat dəhlizinin inkişaf etdirilməsi və genişləndirilməsi haqqında Bakı Bəyannaməsi”nin imzalanmasına şahidlik etmişdir. 2007-ci ildə Qazaxıstanın rəsmən qoşulduğu Bakı-Tbilisi-Ceyhan Əsas İxrac neft boru kəməri iki ölkə arasında karbohidrogen məhsullarının beynəlxalq bazarlara nəqli sahəsində intensiv əməkdaşlığın möhkəmlənməsində müstəsna rol oynamışdır və öz əhəmiyyətini bu gün də qoruyub saxlamaqdadır. Hazırda Qazaxıstan öz neftini maneəsiz olaraq Bakı-Tbilisi -Ceyhan neft kəməri ilə Avropaya nəql edir.

Bundan başqa, Qazaxıstan mənşəli neft və neft məhsullarının Bakıda Dübəndi və Səngəçal, daha sonra Qara dənizin limanlarına tankerlərlə çatdırılması onillik təcrübəyə malikdir. "Tengiz” quru yatağından hasil edilən neft dəmir yolu vasitəsilə Qazaxıstanın Aktau limanına, daha sonra isə oradan tankerlərlə Bakıya ixrac olunur və BTC boru kəməri vasitəsilə, həmçinin dəmir yolu ilə Gürcüstanın Qara dəniz limanlarına göndərilir. 2015-ci ildə Qazaxıstandan neft və neft məhsullarının Azərbaycan ərazisi ilə "Batumi neft terminal"ı istiqamətində daşınmasının həcmi 2,9 mln.ton, 2016-cı ilin 8 ayı ərzində isə 1,6 mln. ton, təşkil etmişdir.

Bütün bunlarla bərabər, bu gün Qazaxıstan enerji ölkəsi kimi dünya enerji bazarının diqtə etdiyi yeni gerçəkliklər şəraitində öz prioritetlərinə Azərbaycanla enerji əməkdaşlığı çərçivəsində yenidən baxmaqda maraqlıdır. Çünki nəhəng neft yataqlarının istismara hazır olması, səmərəsiz və eyni zamanda ölkəni siyasi asıllıqda saxlayan nəql marşrutlarından xilas olmaq zərurəti bu gün alternativ ixrac kəmərlərini Qazaxıstan üçün həlledici məsələyə çevirib.

Qazaxıstan son 40 ildə dünyanın kəşf edilmiş ən nəhəng yataqları sırasında dayanan və ehtiyatları təqribən 3 mlrd. ton həcmində qiymətləndirilən "Kaşaqan” yatağında hasilata hazırlaşır. Qazaxıstan neftinin Avropa bazarlarına nəql edilməsi üçün əsas mənbə Xəzər dənizinin Qazax sektorunda yerləşən məhz bu yataq hesab edilir. "Kaşaqan” yatağının işə salınmasından sonra, hasil olunacaq nefti Avropa İttifaqına (Aİ) üzv olan ölkələrə nəql etmək üçün Bakı-Tbilisi-Ceyhan neft kəmərindən istifadə nəzərdə tutulur. BTC layihəsinin səhmdarı kimi bu kəmərdə 15 faizlik iştirak payına malik olan dörd şirkət (ENİ, INPEX, Conoco Phillips və Total) Qazaxıstanın "Kaşaqan" yatağında da fəaliyyət göstərir. Bu, o deməkdir ki, şirkətlər boru kəməri (boru kəmərinin layihə üzrə nəql gücü sutkada 1 mln.barel neft təşkil edir) ilə sutkada təqribən 150 min barel neft nəql edə biləcəklər.

Bundan başqa, Qazaxıstanın cənub ərazilərində və Xəzərin bu ölkəyə aid sektorunda aparılan geoloji-kəşfiyyat işləri nəticəsində aşkarlanan, ehtiyatları isə 6-9 milyard barel həcmində qiymətləndirilən "Tengiz” yatağının işlənməsi üzrə operator - Amerikanın "Chevron Texaco” şirkəti 2008-ci ildən etibarən bu yatağın neftinin BTC vasitəsilə Aralıq dənizinin bazarlarına çatdırılmasına nail olmuşdur. Beləliklə, BTC həm "Kaşaqan”, həm də "Tengiz” yatağının timsalında hələ uzun müddət Qazaxıstan üçün öz əhəmiyyətini qoruyub saxlayacaqdır.

Hər iki yatağın ehtiyatlarını əlavə etsək, Qazaxıstanın sübut olunmuş neft ehtiyatları təxminən 5,5 milyard ton, qaz ehtiyatları isə 3 trilyon kub metr həcmində qiymətləndirilir. İldə təxminən 33,6 mlrd. kubmetr qaz, 80 milyon ton neft istehsal edən və bu qədər karbohidrogen ehtiyatlarına malik Qazaxıstanın ixracla bağlı BTC istisna olmaqla, hazırda müstəqil, etibarlı və təhlükəsiz transmillli marşrut qarantiyası yoxdur. Tengiz-Novorossiysk, Atırau-Samara, Atasu-Alışankou neft kəməri və Xəzər Kəmər Konsorsiumu kimi ixrac dəhlizlərinin imkanları isə gələcəkdə xeyli dərəcədə artması proqnozlaşdıran ixrac potensialını qarşılamaq üçün kifayət deyildir.

Bu marşrutların buraxıcılıq qabiliyyətini və çatdırılacaq təchizat həcmlərini nəzərə alaraq, rəsmi Astana əsas diqqətini Qazaxıstan-Xəzər nəqletmə sistemi üzərində cəmləmişdir. Bu nəqliyyat sisteminə əsasən, uzunluğu 739 km olan Eskene-Kirik-Bakı neft kəmərinin inşası planlaşdırılır. Eskene-Kirik neft kəmərinin texniki-iqtisadi əsaslandırılması "Tengiz” yatağında qabaqcıl neftvuran stansiyanın, Tengiz-Opornıy-Uzel-Aktau magistral neft kəmərinin, Kirik neft terminalının və yeni limanın tikintisini, həmçinin Aktau limanının yenidən qurulması və genişləndirilməsini nəzərdə tutur. Bu kəmərin inşası Qazaxıstana öz neftini həm Gürcüstana, həm də Türkiyə limanlarına ixrac etmək imkanı verə bilər. Yeni kəmərin illik ixrac gücünün ilkin mərhələdə 23-25 mln. ton, gələcəkdə isə 56 mln. tona çatdırılması nəzərdə tutulub.

Qazaxıstan üçün şaxələndirmiş ixrac sisteminin yaradılmasına həyati əhəmiyyət qazandıran digər mühüm bir amil isə Krım problemindən sonra Rusiyanın üzləşdiyi sanksiyaların enerji sektorunu da təhdid etməsidir. Öz neftinin böyük hissəsini Xəzər Boru Kəməri Konsorsiumu və Atırau-Samara boru kəmərləri ilə Rusiya ərazisi vasitəsilə dünya bazarına nəql edən Qazaxıstan iqtisadi sanksiyaların mümkün zərbələrindən xilas olmaq üçün bu prosesi sürətləndirməyə çalışır. Bu gün ölkələrin enerji təhlükəsizliyini yüksək səviyyədə təmin etməyin və müstəqil enerji siyasəti yürütməyin başlıca şərtinin enerji daşıyıcılarının nəqli marşrutlarının diversifikasiyasından ibarət olduğunu Qazaxıstan da qəbul edir və Çin, İran vasitəsilə alternativ ixrac imkanlarını araşdırır. Xəzər neftinin Rusiyadan yan keçməklə Çinə nəqlini nəzərdə tutan "Transqazax neft və qaz ” layihəsinin hazırlanması da elə bu məqsədə xidmət edir. Lakin Rusiya ilə yanaşı, ABŞ-ın da narahatlıqla qarşıladığı bu layihə şaxələndirmə siyasətində bir o qədər də uğurlu varinat kimi qəbul edilmir.

Bu məsələlərdə İranın maraqlarını da xüsusi qeyd etməliyik. İndiyə kimi neft ixracını SWAP-əməliyyatlar çərçivəsində həyata keçirən İran Qazaxıstan neftinin öz ərazisindən nəqlinə nail olmaq istiqamətində xüsusi fəallıq göstərməkdədir. Qazaxıstan üçün nisbətən daha maraqlı və cəlbedici bazarın əvvəlki kimi Avropa olduğunu nəzərə alsaq, Xəzərin dibi ilə Qazaxıstanın Aktau, Türkmənistanın Türkmənbaşı limanından və Xəzərin şimalındakı digər perspektivli neft-qaz yataqlarından Azərbaycana, oradan da Gürcüstan və Türkiyə vasitəsilə Aralıq dənizinə, Avropa ölkələrinə istiqamətlənməsi planlaşdırılan "Transxəzər kəməri” layihəsi Qazaxıstan üçün də, elə region üçün də ən perspektivli ixrac marşrutu kimi qiymətləndirilə bilər. Layihə Azərbaycanla Qazaxıstan arasında 2006-ci ildə imzalanmış "Qazaxıstan Respublikasında hasil olunan neftin Xəzər dənizi ilə Azərbaycan Respublikası ərazisindən Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməri sistemi vasitəsi ilə dünya bazarlarına nəqlinə yardım və dəstək haqqında Müqavilə”, habelə 2007-ci ildə ARDNŞ və "KazMunayQaz” arasında imzalanmış "Neft-qaz sahəsində strateji əməkdaşlıq haqqında Saziş” və "Transxəzər layihəsinin birgə həyata keçirilməsinə dair Memorandum” kimi ciddi sənədlərə əsaslanır. 2 oktyabr 2009-cu il tarixində Bakı sammiti çərçivəsində "KazMunayQaz” Milli Şirkəti Səhmdar Cəmiyyəti ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) arasında Transxəzər layihəsi üzrə Texniki-İqtisadi Əsaslandırmanın işlənilməsinə dair birgə fəaliyyət haqqında Saziş, "Bakı-Qara dəniz” neft kəməri üzrə əməkdaşlıq sahəsində niyyət Memorandumu və Qazaxıstanın karbohidrogen yataqlarının işlənilməsində ARDNŞ-nin neft-qaz obyektlərinin infrastrukturlarından birgə istifadə haqqında Memorandum da imzalanmışdır.

3 mərhələdə həyata keçirilməsi nəzərdə tutulan layihənin birinci mərhələsində mövcud infrastrukturun 5-6 mln. ton Azərbaycan neftinin nəqli üçün istifadə edilməsi planlaşdırılır. Bu neftin Ukraynanın "Qaliçina” və "Nefteximik Prikarpatye” neft emalı zavodlarında qismən emalı və «Ukrtransnafta» magistral neft kəmərləri ilə Macarıstan və Slovakiya sərhədlərinə kimi, həmçinin Belarus, Polşa və Slovakiyadan Çexiyanın neft emalı zavodlarına nəql edilməsi nəzərdə tutulur. İkinci mərhələ əlavə 10 mln. ton Xəzər neftinin Odessa-Brodı neft kəmərilə Plotsk və Qdansk istiqamətində Polşayadək və buradan Baltik dənizi ilə digər Avropa ölkələrinə nəqli, üçüncü mərhələ isə Odessa-Brodı-Plotsk-Qdansk neft kəmərinin və bütün sistemin ümumi ötürmə qabiliyyətinin ildə 40 mln. tona qədər və daha çox artırılması ilə bağlı planları əhatə edir.

Layihənin imkanları bütün siyasi maneələrə baxmayaraq, bu gün də aktuallığını qoruyur. Bununla belə Rusiyanın Xəzərin dibi ilə Mərkəzi Asiyanın neft və qaz ehtiyatlarını Azərbaycana, oradan da Türkiyə və Avropaya nəql etmək layihələrinə maneçilik törətməsindən sonra Qazaxıstan diqqəti Aktau limanından səmərəli istifadə və öz neft ehtiyatlarının böyük hissəsini bu liman vasitəsilə Bakıya, daha sonra Azərbaycandan dünya bazarlarına ixracı perspektivinə yönəldib. Bütün bunları ümumiləşdirərək belə qənaətə gəlmək olar ki, kəmərlər, neftdaşıma tankerləri kimi çoxşaxəli ixrac imkanlarını təqdim etməklə Azərbaycan istənilən mürəkkəb vəziyyətdə belə Qazaxıstan üçün etibarlı dəhliz kimi çıxış edə bilər. Ona görə də Qazaxıstan Azərbaycanla neft və neft məhsullarının Xəzər regionundan dünya və Avropa bazarlarına çatdırılması sahəsində marşrutların şaxələndirilməsi istiqamətində əməkdaşlığı genişləndirməyə xüsusi diqqət ayırır və bu məsələnin xüsusi bir bənd kimi Hökumətlərarası Komissiyanın 13-cü Protokolunda öz əksini tapması da belə bir zərurətdən xəbər verir.

Hazırda Qazaxıstan enerji əməkdaşlığında Batumi limanındakı neft terminalından mayeləşdirilmiş karbohidrogen qazının (LPG) ixracının bərpasına da önəm verir. Tərəflər bu liman vasitəsilə maye qazının ixracı imkanlarının öyrənilməsində razılığa gələrək, bunun nə dərəcədə səmərərli olmasını araşdırmaq qərarına gəliblər. Məlumdur ki, Batumi neft terminalından Azərbaycan mayeləşdirilmiş karbohidrogen qazının daşınmasının həcmi 2010-cu ildə 156 min ton təşkil etmişdir. 2014-cü ildə bu göstərici 23 min tona qədər azalmış, 2015-ci ildə isə mayeləşdirilmiş karbohidrogen qazının daşınması tamamilə dayandırılmışdır. Azərbaycan isə Qazaxıstanın karbohidrogen ehtiyatlarının nəqli və saxlanması üçün Kulevi "Black Sea” Terminalının imkanlarından yararlanmağı daha məqsədəuyğun hesab edir. İldə 10 mln. ton neft və neft məhsullarının daşınmasına imkan verən bu terminal hazırda əhəmiyyətli neft həcmlərinin dünya bazarına nəqli istiqamətində böyük rola malikdir. Terminalın ümumi tutumu 348 min tondur və buradan Azərbaycan, Qazaxıstan, Türkmənistan və Rusiya mənşəli 19 adda xam neft, neft-qaz və neft-kimya məhsulu daşınmaqdadır.

İki ölkənin enerji əməkdaşlığında yeni bir istiqamət kimi Qazaxıstan tərəfindən Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) "Avrasiya" - Xəzəryanı çökəklikdə regional geologiya və geofizika araşdırmaları beynəlxalq layihəsində iştirak təklif edilib. Bu layihə çərçivəsində Xəzəryanı çökəklikdə, təxminən 7-9 km. dərinlikdə karbohidrogen yataqlarının kəşf edilməsi məqsədilə 15 km. dərinliyə malik quyuların qazılması nəzərdə tutulub. Rusiyanın "Lukoil", "Rosneft", Böyük Britaniyanın "Shell", ABŞ-ın "Chevron", Çinin isə "CNPC" neft-qaz şirkətləri ilə yanaşı, Azərbaycan şirkətinin də bu layihədə iştirakına maraq göstərilməsi Azərbaycan neftçilərinin geoloji kəşfiyyat, qazma sahəsində zəngin tarixi təcrübəsinə əsaslanaraq, Azərbaycana neft sənayesindəki bilgilərini bölüşmək üçün daha bir imkan yaradır.

Azərbaycan Qazaxıstanla birgə həm də gələn ilin iyununda Astanada keçiriləcək "EXPO 2017-Gələcəyin enerjisi” Beynəlxalq Sərgisinə hazırlaşır. "EXPO 2017-Gələcəyin enerjisi” Beynəlxalq Sərgisinin Astana şəhərində keçirilməsinə Paris şəhərində təşkil edilən gizli səsvermə nəticəsində 100-dən artıq iştirakçı dövlət tərəfindən qərar verilmişdir. Hesab edirik ki, elə bu faktın özü adıçəkilən sərginin nə qədər mühüm beynəlxalq əhəmiyyət kəsb etdiyini ortaya qoyur. Sərgi enerjidən istifadə sahəsində nailiyyətlər və perspektivlər, o cümlədən ekoloji təmizlik, enerji resurslarından istifadə zamanı ətraf mühitin mümkün qədər qorunması vəs. bu kimi mövzulara həsr olunacaqdır. Cari ilin oktyabr ayında beynəlxalq pavilyonların iştirakçılara təhvil veriləcəyi gözlənilir. İndiyə qədər 103 ölkə və 17 beynəlxalq təşkilatın sərgidə iştirakı təsdiqlənib. Sərgidə Azərbaycanın Milli Gününün keçirilməsi nəzərdə tutulub. Azərbaycan milli pavilyonunun, 403,3 kvadratmetrlik ərazidə, amfiteatr formasında təşkili nəzərdə tutulur. Pavilyonun "Odlar Yurdu - Keçmişdən gələcəyə daşınan enerji” devizinə əsaslanan konsepsiyası isə Azərbaycan tarixi, mədəniyyət və incəsənəti, elmi, insan kapitalı, tolerantlıq ənənələri, ölkəmizin müasir iqtisadiyyatı, Xəzər, Qədim İpək Yolu, Qobustan kimi dəyərlərimizin nümayişini ehtiva edir. Azərbaycanda ənənəvi enerjidən alternativ enerjiyə keçidin tarixi təkamül yolunun bu dəyərlər kontekstində təqdimatı nəzərdə tutulur.

Azərbaycan tərəfindən beynəlxalq sərginin komissarı vəzifəsinə ölkənin energetika naziri təyin edilmiş, beynəlxalq sərgiyə hazırlığın gedişatı ilə tanış olmaq üçün, 20 sentyabr 2016-cı il tarixində Qazaxıstana səfərimiz çərçivəsində "Astana EXPO-2017”nin İdarə Heyətinin sədri Axmedcan Esimovla görüş keçirilmiş, görüş zamanı sərgiyə hazırlıq üzrə ətraflı müzakirələr aparılmışdır. İştirakçı ölkələrin böyük maraq və ciddiyyətlə hazırlaşdıqları bu beynəlxalq tədbir də heç şübhəsiz ki, dünyanın gələcəkdəki enerji mənzərəsinin müəyyənləşdirilməsi, bəşəriyyət üçün ən uyğun enerji həllərinin tapılması, ölkələrin ortaq maraqlar və mədəniyyət işığında birləşməsi baxımından tarixi bir hadisə kimi yadda qalacaqdır.

Beləliklə, böyük türk tarixində bütünləşən Azərbaycan və Qazaxıstanı bu şərəfli tarixin zəngin maddi-mənəvi irsindən əlavə, artıq onillərdir ki, həm də bu qeydlərdə təsvir olunmuş yeni siyasi, iqtisadi, sosial, mədəni reallıqlar birləşdirir.

Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin Azərbaycana rəsmi səfəri bu reallıqlardan hər iki dövlətin məqsədyönlü şəkildə istifadə etməsinə, Azərbaycan-Qazaxıstan münasibətlərinin bütün sahələr üzrə daha da inkişına, regional sabitliyə, sülhə və ölkələrimizin rifahına yeni bir töhfə olacaqdır.



Natiq Əliyev

Azərbaycan Respublikasının

energetika naziri

Administratorla əlaqə

077 611-55-22

[email protected]