Dünya

DÜNYA YENİ GEOSİYASİ NİZAM AXTARIŞINDA...

19-12-2015, 21:00
DÜNYA YENİ GEOSİYASİ NİZAM AXTARIŞINDA...SSRİ-nin süquta uğramasından sonra təkqütblü sistemə (idarəetmə mərkəzinə) əsaslanan yeni dünya nizamı meydana çıxdı. Qloballaşma prosesinin geniş vüsət aldığı ilk mərhələdə yeni dünya nizamı daha çox iqtisadi və hərbi amillər üzərində inkişaf etməyə başladı.

Bu, yeni iqtisadi qanunauyğunluqlar əsasında təşəkkül tapa bilər

Lakin XXI əsrin geosiyasəti kontekstində meydana çıxan yeni siyasi trendlərə paralel olaraq qloballaşma prosesi qlobal idarəetmə çağırışlarını aktuallaşdırdı. Bundan sonra hegemon güclərin əldə edəcəkləri dünya hökmranlığını əsaslandıran nəzəriyyə və konseptual mənbələr ortaya çıxmağa başladı. Məsələn, meydana çıxan "Mondializm" konsepsiyası milli dövlətlərin funksionallığını itirməsi ilə mümkün olan "qlobal dövlət"in formalaşması və dünyanın vahid mərkəzdən idarə edilməsi missiyasını özündə əks etdirirdi…
Lakin qlobal idarəetmə prinsiplərinin sırf geosiyasi maraqlara müvafiq olaraq müəyyənləşdirilməsi, daha doğrusu, ortaya çıxacaq yeni geoiqtisadi trendlərin, qanunauyğunluqların nəzərə alınmaması yeni dünya nizamının perspektivini sual altına aldı…

Yeni dünya nizamının rekonstruksiyası və ya dünya yeni geoiqtisadi transformasiya
ərəfəsində...

Bu mərhələdə geoiqtisadi transformasiyaya zəmin yaradan tendensiyalar müşahidə olunmağa başladı. Bəlli olduğu kimi, dünya iqtisadiyyatında əsas proseslər və qanunauyğunluqlar "G-7" adlandırılan iqtisadi nəhənglər tərəfindən müəyyən və idarə olunur. Belə olan halda, yeni dünya nizamının rekonstruksiyası və ya kardinal dəyişikliyi məhz bu aktorların iqtisadi qərar və hərəkətlərindən keçir. Lakin təkrarlanan qlobal iqtisadi böhranlar sistemin dəyişikliklərə açıq olduğunu, yaxud yenilənmə zərurətini ortaya qoyur. Bəs bu prosesi şərtləndirəcək potensial mexanizm nədən ibarətdir? Aparıcı strateji araşdırma mərkəzlərinin yekun qənaəti budur ki, bu, əsas etibarilə, yüksələn iqtisadi güclərin qərar və davranışlarından asılıdır. Bəs bu subyektlər hansılardır?
Araşdırmalar göstərir ki, ən yeni dünya nizamı məhz yeni iqtisadi qanunauyğunluqlar əsasında təşəkkül tapa bilər. Bu isə qeyd etdiyimiz kimi, qlobal iqtisadiyyata yeni nizam və inkişaf istiqamətləri gətirmək potensialına malik olan alternativ subyektlərin güc mexanizmindən asılıdır. İndiki mərhələdə bu, "G-7''yə alternativ olaraq göstərilən "E-7''nin (Braziliya, Rusiya, Çin, Meksika, İndoneziya, Türkiyə, Hindistan - "E'' - emergency) timsalında səciyyələndirilir. Amma indiki mərhələdə həmin mexanizmin aktiv olması üçün dünya iqtisadiyyatının desentralizasiyası lazımdır, yəni idarəetmədə regional aktorların resursları səfərbər edilərək qlobal iqtisadiyyata təsir imkanları artırılmalıdır. Hazırki mərhələdə isə bu, proqnozlaşdırılmır, dolayısıyla, bu cür struktur-keyfiyyət dəyişikliyi ortamüddətli perspektivdə müşahidə oluna bilər.
İqtisadi subyektlərin
geosiyasi rəqabəti
kontekstində beynəlxalq münasibətlərin
perspektivi

Dünya iqtisadiyyatında belə bir potensial dəyişiklik, şübhəsiz, hazırkı hegemon güc mərkəzlərinin alternativ hərəkətlərini şərtləndirir. Bu, bir tərəfdən, hegemonluğun mühafizə olunmasına xidmət edirsə, digər tərəfdən, mövcud böhran meyllərinin aradan qaldırılmasına hesablanıb. Xüsusilə də, "Böyük Ortadoğu və Genişləndirilmiş Şimali Afrika Projesi''nin məhz indi yenidən aktuallaşmasının əsasında duran səbəblərdən biri də hegemon güclərin iqtisadiyyatındakı gizli böhranın aradan qaldırılması niyyətidir. Belə ki, lokomotiv dövlətlərin iqtisadiyyatı əvvəllər artım tempinə malik idisə, hazırda bu tendensiya müşahidə edilmir. Həmin kontekstdə yeni strateji həmlələrlə iqtisadi resursları nəzarət altına alan, eyni zamanda, əsas neft istehlakçısı rolunu oynamağa çalışan bəhs olunan nəhəng geosiyasi subyektlər dünya miqyasında iqtisadiyyatı neft qiymətlərinə bağlı olan yeni iqtisadi sistem formalaşdırmağa çalışır. Bu, hətta inkişaf etmiş ölkələr üçün də ciddi təhdid deməkdir. Bu strateji plan çərçivəsində, xüsusilə də Avropa İttifaqı (Aİ), Yaponiya hədəfə alınıb. Çünki hazırda Yaponiya neft ehtiyacının 80 faizini, Aİ isə 30 faizini bütün dünyadakı enerji ehtiyatlarının üçdə ikisinin cəmləşdiyi Yaxın Şərq və Şimali Afrika bölgəsindəki resurslar hesabına ödəyir.
Əlbəttə, iqtisadi qütblər arasında belə bir geosiyasi rəqabət əks ssenarilərin də gerçəkləşməsi ehtimalını ortaya qoyur. Yəni proseslər kontekstində inkişaf proqnozlaşdırılsa da, xaotik meyllər və yeni qlobal böhran da ortaya çıxa bilər.

XXI əsrin geostrateji
reallığı və
ən yeni dünya nizamı

Digər bir nüans odur ki, bəhs olunan qlobal siyasi-iqtisadi proseslər müasir beynəlxalq münasibətlər sisteminin nəzəri-konseptual bazasına da müəyyən təsirlər göstərməkdədir. Bütövlükdə, qloballaşma prosesi və "qlobal dövlət" ideyasının gerçəkləşdirilməsi istiqamətində həyata keçirilən strateji tədbirlər özü ilə beynəlxalq siyasi leksikona bir neçə yeni anlayış, ifadə və tezis gətirib:
1. Geosiyasi sivilizasiya - klassik sivilizasiya anlayışından fərqli olaraq dünya siyasi sisteminin hegemon aktorlarının siyasi mədəniyyətlərini ifadə edən anlayışdır;
2. Dünyanın siyasi paytaxtı - geosiyasi mövqeyinin radiusunun bütün dünyanı əhatə etdiyi hegemon güc mərkəzi (ölkə);
3. "İKT əsrində dünyanın mərkəzi, şərqi və ya qərbi yoxdur. Bu mərhələdə coğrafi cəhətlər şərti xarakter daşıyır";
4. Yeni dünya nizamı SSRİ-nin iflası nəticəsində formalaşmış təkqütblü düzən çərçivəsində yarandı. Ən Yeni Dünya Nizamında isə təkqütblü sistemin mərkəzində virtual məkana nəzarət edən geostrateji güclər duracaq. Bunlara "şəbəkə hakimiyyəti"nin (NETOKRATİYA) sahibləri demək olar;
5. Qlobal həyat tərzi - qloballaşma çərçivəsində təbliğ olunan homogen və hegemon mədəniyyət ünsürü. Bu təkcə mədəniyyətə aid deyil və siyasi, iqtisadi sahələri də əhatə edir. Məsələn, siyasi liberalizm milli dövlətlərin qlobal həyat tərzidir. Və ya bazar iqtisadiyyatı dünya ölkələrinin iqtisadi həyat tərzi kimi səciyyələndirilə bilər.
Əlbəttə, bu siyahını artırmaq mümkündür, amma təkcə sadalananlar da qloballaşma kontekstində dünya düzəninin dəyişikliyə uğradığını və yeni geostrateji dönəmə qədəm qoyulduğunu göstərir. Bu baxımdan, beynəlxalq münasibətlər sisteminin gələcəyi milli dövlətlərin ənənəvi funksionallığını itirməsi və qlobal idarəetmə mexanizminin yaradılması ilə müşayiət olunacaq. Bu, XXI əsrin geostrateji reallıqları kontekstində Ən Yeni Dünya Nizamı kimi dəyərləndirilər bilər.

Nurlan Qələndərli

Administratorla əlaqə

077 611-55-22

[email protected]