Əsas Səhifə / İqtisadiyyat
Rodriqo Mayan : Braziliya Azərbaycanla enerji sahəsində əməkdaşlıqda maraqlıdır
1-11-2016, 22:19
Nazirlikdən Xeberman.com -a verilən məlumata görə, R.Mayanın ölkəmizə səfərinin və bu səfər çərçivəsində keçirilən çoxsaylı görüşlərin Azərbaycan-Braziliya əlaqələrinin müxtəlif sahələr üzrə inkişafına təkan verəcəyini vurğulayan energetika naziri Natiq Əliyev Azərbaycana müxtəlif səviyyələrdə nümayiş etdirilən siyasi dəstəyə görə Braziliya hökumətinə təşəkkürünü bildirib. O, Braziliyanı OPEC sərhədlərindən kənarda hasilatı ən sürətlə artıran neft istehsalçısı kimi xarakterizə edib. İki ölkənin neft-qaz sahəsində əməkdaşlığı üçün böyük imkanların olduğunu diqqətə çatdırıb.
Nazir Xəzərin Azərbaycan sektorundakı "Azəri", "Çıraq" və "Günəşli" yataqlarının xarici neft şirkətləri ilə birgə işlənməsini nəzərdə tutan sazişin imzalanması ilə neft-qaz tarixində yeni eranın başlandığını qeyd edərək, hasilatın pay bölgüsü (PSA) prinsipinə əsaslanan bu sazişlə Azərbaycanda yeni neft strategiyasının həyata keçirilməsinə start verildiyini bildirib.
Onun sözlərinə görə, xarici kapitalın cəlbi, yaradılmış əlverişli mühit neft hasilatının artmasını təmin edib. Nəticədə hasilat üzrə göstəricilər 9 milyon tondan 41 milyon tona qədər yüksəlib.
Nazir onu da əlavə edib ki, bu günə kimi xarici neft şirkətləri ilə, ümumilikdə, 26 neft sazişi imzalanıb. Digər ölkələrdən fərqli olaraq Azərbaycanda PSA sazişləri qanuni qüvvəyə malikdir, ölkənin digər mövcud qanunlarından daha yüksək hüquqi statusa malikdir.
Həmçinin qonaqlara Azərbaycanın enerji resurslarının ixracı istiqamətində həyata keçirdiyi iri layihələr, xüsusilə də 2020-ci ilə qədər yekunlaşdırılması nəzərdə tutulan transmilli "Cənub Qaz Dəhlizi” layihəsinin icra vəziyyəti və əhəmiyyəti barədə ətraflı məlumatlar verilib.
Braziliya Milli Konqresinin Deputatlar Palatasının sədri R.Maya isə bildirib ki, ölkəsi böyük neft-qaz potensialına malikdir və son illərdə hökumət neft-qaz yataqlarını xarici şirkətlərə açmaq siyasətini həyata keçirir. Bu baxımdan, Braziliyanın iri karbohidrogen yataqlarında bir sıra layihələrin əsas operatoru olan "Petrobras"la Azərbaycanın Dövlət Neft Şirkətinin (SOCAR) əməkdaşlıq imkanlarının nəzərdən keçirilməsinə ehtiyac var.
Azərbaycanın xarici investorlar üçün açıq olduğunu deyən N.Əliyev Petrobras-SOCAR əməkdaşlığının perspektivlərinin dəyərləndirilməsinin, eləcə də bu işbirliyinin yalnız Azərbaycan və Braziliya ilə məhdudlaşmayaraq, üçüncü bir ölkədə reallaşdırılma imkanlarının öyrənilməsinin də vacibliyini diqqətə çatdırıb. Bildirilib ki, Azərbaycan Braziliya ilə enerji əməkdaşlığına hazırdır və neft -qaz kimi ənənəvi enerji mənbələrinin hələ növbəti 40 ildə də dünya enerji balansında üstünlüyünü qoruyub saxlaması bu sahədə əməkdaşlıq əlaqələrinin genişləndirilməsini şərtləndirir.
Görüşdə qarşlıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.