Əsas Səhifə / Gündəm

Masallıda seçki fırıldağında polisin əli - (VİDEO)

18-01-2015, 19:04
Masallıda seçki fırıldağında polisin əli - (VİDEO)
69 saylı Cəlilabad-Masallı-Biləsuvar Seçki Dairəsinin 23, 24, 25 və 26 saylı Seçki Məntəqələrində seçki prosesi total şəkildə saxtalaşdırılıb, bülliten olan qutular isə oğurlanıb.

Ötən ilin sonlarında ölkədə keçirilmiş bələdiyyə seçkiləri ilə bağlı ən acınacaqlı vəziyyət Masallı rayonunda yaşanıb. Maraqlıdır ki, ölkənin əksər rayonlarında namizədliyini irəli sürmüş və seçilməmiş namizədlərin bir çoxu baş verənlərdən şikayətçi olmayıb. Yalnız Masallıdakı seçki dairələrində yaşanan biabırçılıqların çoxluğu isə hətta MSK sədri Məzahir Pənahovu belə dilə gətirib.

Asiya.az xəbər verir ki, Masallının Musaküçə kənd bələdiyyəsinə keçirilmiş seçkilərin nəticəsi artıq ləğv olunub. Ərkivan qəsəbə bələdiyyəsinə seçkilərdə isə üzə çıxan son videogörüntülər durumun daha acınacaqlı olduğunu ortaya qoyub. Və 71 saylı Masallı kənd Seçki Dairəsinin sədri də etiraf edib ki, baş verənlərin əsas günahkarı icra başçısı Rafil Hüseynovdur. Çünki sözügedən şəxs açıq şəkildə seçki alveri il məşğul olub.

Qeyd edək ki, Masallıdakı seçki dairələrindən gələn şikayətlərin ardı-arası kəsilmir. Bu gün onlardan daha biri Asiya.az-a təqdim olunub. Belə ki, 69 saylı Cəlilabad-Masallı-Biləsuvar Seçki Dairəsinin 23, 24, 25 və 25 saylı (Təklə Bələdiyyəsi üzrə) məntəqələrində seçkilərə namizəd və müşahidəçi qismində qatılmış şəxslər etirazlarını yazılı formada bildiriblər.

Namizədlərdən Salman Kərimov, Əhliman Sadıqov, Yusif İbrahimli, Hüsaməddin Abbasov, Nurəddin Abuşov, Xalid Quliyev, Mübariz Məmmədov, Səmədağa Həmidov, Qüdrət Sadıqov, Hüseyn Quliyev və Nazim Eyniyev, müşahidəçilərdən isə Nuralı Rüstəmov, Rauf Səlimov, Cəlaləddin Abbasov və Cavid Kazımov yazdıqları müraciətlərində bildirirlər ki, 23 dekabr 2014-cü ildə sözügedən dairənin qeyd olunan məntəqələrində keçirilən bələdiyyə seçkiləri total şəkildə saxtalaşdırılıb. Onlar vurğulayırlar ki, 69 saylı Cəlilabad-Masallı-Biləsuvar Seçki Dairəsinin 23 saylı Mollahəsənli-Xoşçobanlı Seçki Məntəqəsinin sədri Bayram Əliyev istədiyi adamlara artıq bülliten verib. «Seçici Bağırov Ceyhun Malik oğlu sədr tərəfindən verilmiş 4 ədəd bülliteni qutuya atarkən yaxalanıb. Səsvermə başa çatdıqdan sonra isə qanunvericilikdə nəzərdə tutulmuş heç bir prosedura əməl olunmayıb. Protokol tərtib edilən zaman müşahidəçilər və namizədlərin israrına baxmayaraq, Məntəqə sədri Bayram Əliyev və polis formasında olan şəxslər bütün sənədləri oğurladılar».

Şikayətçilər yazırlar ki, 24 saylı Sığınacaq seçki məntəqəsinin sədri Əlisurət Bəhmənov da prosesi qanuna görə yox, istəyinə uyğun şəkildə aparıb. Onların dediyinə görə, daşınan qutudan heç kimin xəbəri olmayıb. «Səsvermə bitdikdən sonra heç bir prosedur həyata keçirilməyib. Məntəqə sədri deyirdi ki, bütün bunlar lazımsız işlərdir. Burada da digərlərində olduğu kimi, seçkiyə aid protokollar və sənədlər oğurlanaraq, aparılıb».

Adları qeyd olunan şəxslər vurğulayırlar ki, 25 saylı Oəngan-Masallı qəsəbə seçki məntəqəsində də vəziyyət biabırçı həddə olub. Bu məntəqədə hətta bir nəfərin onlarla şəxsiyyət vəsiqəsi ilə səs verməsinə göz yumulub. «Səsvermə bitdikdən sonra büllitenlər yarıya qədər sayıldı. Yarıda isə səssaymanı dayandırdılar. Və məntəqə sədri sənədləri götürərək qaçdı».

Namizədlər və müşahidəçilər yazırlar ki, 26 saylı Təklə Seçki Məntəqəsində də seçkilər saxtalaşdırılıb. Onların sözlərinə görə, bu məntəqədə seçki başa çatan kimi, 20-30 polis işçisi binaya daxil olaraq, bütün protokolları, sənədləri və büllitenləri götürərək, gediblər. Etirazlara isə ümumiyyətlə, məhəl qoyulmayıb.

Sözügedən şəxslər baş verənlərlə bağlı MSK-ya müraciət edərək, qeyd olunan məntəqələrdəki seçkilərin nəticəsinin ləğv olunmasını tələb edirlər.

Yazıda adları keçən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.
69 Saylı Masallı-Cəlilabad-Biləsuvar Seçki Dairəsinin Təklə kəndində yerləşən 26 saylı seçki məntəqəsində baş verən qanun pozuntusunun video görüntülərini təqdim edirik:


Administratorla əlaqə

077 611-55-22

[email protected]