Gündəm

İTV- nin kamerasını Nardaranda kim “sındırıb”?

10-11-2016, 02:30

İTV- nin kamerasını Nardaranda kim “sındırıb”?Bu gün Sabunçu rayon məhkəməsində 26 noyabr 2015- ci ildə Nardaranda baş vermiş məlum hadisələr zamanı həbs olunmuş daha bir qəsəbə sakini Mirzəyev Həsən Məmməd oğlu ilə bağlı məhkəmə prosesi davam etdirilib. Bu haqda özünün facebook səhifəsində Milli Şuranın üzvü, hüquq müdafiəçisi Oktay Gülalıyev məlumat yayıb. Hüquq müdafiəçisi yazır:

"Mirzəyev Həsən Məmməd oğlu Cinayət Məcəlləsinin 221.2 və 186.1- ci maddələri ilə ittiham olunur. Məhkəmə prosesi şahid iştirak etmədiyinə görə təxirə salındı. Mirzəyev Həsən 26 noyabr hadisələri zamanı kənddə çəkiliş aparan İctimai Televiziyanın əməkdaşlarına məxsus videokameranı sındırmaqda ittiham olunur. Onun vəkili yoxdur. Məhkəmə prosesi olmadığına görə özünü görə bilmədik. Anasının və yaxınlarının verdiyi məlumata görə ötən məhkəmə prosesində İTV- nin əməkdaşları iştirak edib bildiriblər ki, onlara məxsus videokameranı H. Mirzəyev sındırmayıb. Ondan şikayətçi deyillər. Lakin jurnalistlər bu barədə yazılı ərizə yazmaq istəməyiblər, bildiriblər ki, rəhbərliyin razılığı olmalıdır.

Mirzəyev Həsən Məmməd oğlu 26 noyabr hadisələrindən 5 ay sonra, 19 aprel 2016- cı ildə həbs olunub. O istintaq zamanı işgəncələr və təhdid altında etirafedici izahata imza atıb. Amma məhkəmədə bildirb ki, çəkiliş zamanı meydanda olsa da videokamera sındırmayıb. Şahidlər də Həsənin jurnalistləri vurmadığını və kameranı sındırmadığını bildirirlər.

Xatırladaq ki, H. Mirzəyev FHN- nin Xəzər dənizinin Nardaran hissəsində xilasedici işləyirmiş. Zamanında insanları dənizdə batmaqdan xilas edən Həsənin indi özünü etmədiyi cinayətdən, şər- böhtandan xilas etmək lazımdır. Ümid edək ki, Sabunçu məhkəməsi, İctimai Televiziyanın rəhbərliyi və əməkdaşları baş verdiyi iddia olunan hadisəni dərindən araşdırıb lazımi addımlar atacaqlar”.


Administratorla əlaqə

077 611-55-22

[email protected]