Əsas Səhifə / Ölkə
Azərbaycan məhkəməsində şok: "Üzə durmaq üçün ayda 310 manat maaş alırdım"
8-01-2016, 20:52
Bu gün Bakı Apelyasiya Məhkəməsində 1983-cü ilə təvəllüdlü Kazımov İsmayıl Kamal oğlunun növbəti məhkəmə prosesi keçirilib. Avropa.info xəbər verir ki, məhkəmə prosesi zamanı hal şahidi kimi dindirilən şəxs olduqca maraqlı məqamlar səsləndirib. Qeyd edək ki, hakim Həsən Əhmədovun sədrliyi ilə keçirilən məhkəmə prosesi zamanı təqsirləndirilən şəxs 2014-cü ilin fevral ayının 8-də "Nizami” metrosunun çıxışında həbs olunaraq Yasamal Rayon Polis İdarəsinin (RPİ) inzibati binasına aparılıb. Ona qarşı Cinayət Məcəlləsinin 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) maddəsi ilə ittiham elan olunub və istintaqa cəlb edilib. Polis yaxalanan şəxsin əlindəki qara sellofan paketdə 450 qram marixuananın aşkarlandığını bildirərək onun haqqında cinayət işi açıb. Daha sonra cinayət işi araşdırılaraq Yasamal Rayon Məhkəməsinə göndərilib və məhkəmə İ. Kazımovun iki il dörd ay müddətinə azadlıqdan məhrum edilməsi haqda qərar qəbul edib. Təqsirləndirilən şəxs artıq iki ilə yaxın müddətdir ki, günahsız yerə həbsdə saxlanıldığını, üzərindən aşkar olunduğu iddia edilən narkotik vasitədən xəbərsiz olduğunu dəfələrlə məhkəmənin nəzərinə çatdırıb. Ona qarşı sürülən ittihamları saxta və əsassız adlandırıb. O narkotik vasitələrin istifadəçisi olmadığını və narkotik vasitənin Yasamal RPİ-də onun üzərinə qoyulduğunu bildirib. Bugünkü məhkəmə prosesi zamanı hal şahidlərindən biri və hazıra həbsdə olan Kərimov Əli Salman oğlu dindirilib. O dindirilmə zamanı hadisədən əvvəl İ. Kazımovu tanımadığını, onu ilk dəfə Yasamal RPİ-də gördüyünü söyləyib. Onun dediyinə görə polis əməkdaşları onun qabağına bir sənəd qoyublar və qol çəkməsi lazım olduğunu deyiblər. O da oxuya bilmədiyi üçün sənədin mahiyyətini bilmədən sənədə qol çəkib: "Mən yaxınlıqda işləyirdim. Polislər gəlib dedilər ki, bizimlə idarəyə getməlisən mən də getdim. Mən gedəndə hal şahidi kimi Tale Əliyev də orada idi. Daha sonra bir nəfəri gətirdilər və dedilər ki, bu İsmayıl Kazımovdur. Bizə bir sənədə qol çəkdirdilər, biz də qol çəkib çıxıb getdik. Sonra mənə dedilər ki, Yasamal Rayon Məhkəməsinə gələrsən. Mən də deyilən tarixdə getdim. Tale Əliyev məhkəmənin qarşısında idi. Ondan soruşdum ki, nə məsələdi? Dedi ki, ogünkü adamın (İ. Kazımov) əlində 450 qram marixuana tutublar biz də qol çəkmişik. İndi də hal şahidi kimi buradayıq. Mən bunu eşidən kimi qaçıb gizləndim ki, camaatın niyə günahsız yerə həbsinə səbəb olum”. Daha sonra hakim Həsən Əhmədov hal şahidini yanına çağıraraq tərtib olunan aktdakı imzaların ona məxsus olub-olmadığını soruşub. O imzanın özünə məxsus olduğunu, amma o sənədlərdə nə yazıldığını bilmədiyini bildirib. Hakimin "Bəs bilmədiyin şeyə necə imza atırsan?” sualına Ə. Kərimovun verdiyi cavab zalda olanları heyrətə gətirib. "Mən 6 ildir polis idarəsi ilə əməkdaşlıq edirəm. Əməliyyatlarda iştirak etmişəm, hal şahidi kimi çıxış etmişəm. Ayda da 310 manat maaş alırdım. Mənə nə deyirdilər, onu eləyirdim. Qabağıma sənədi qoydular göstərdilər ki, bu yerlərə qol çək, mən də çəkdim. Mənə dedilər ki, çəkməsən pis olacaq. Bu da nəticəsi... (Qolundakı qandalları göstərərir)” Hal şahidinin sözlərinə görə, İ. Kazımov polis idarəsinə gətirildiyi zamanı onun üzərində heç bir narkotik vasitə olmayıb. Dindirilmə zamanı məlum olub ki, hətta hal şahidləri ilə ittiham olunan şəxsin üzləşməsi də olmayıb. Sonda hakim Həsən Əhmədov digər hal şahidlərini də dindirmək üçün yanvar ayının 29-na qədər təxirə salıb.