Siyasət

Deputatın MTN-dəki qohumu kiminlə üzləşdiriləcək? - Şok təfsilat

4-11-2016, 10:50
Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Baş Əks Kəşfiyyat İdarəsinin sabiq şöbə rəisi, polkovnik Mirəziz Əsgərovun məhkəməsinin başlanmasına az bir vaxt qalıb 

Politika.Az-ın məlumatına görə, məhkəmə prosesində M.Əsgərovla Qarabağ döyüşlərində şəhid olmuş Mübariz Əzizovun qardaşı Vidadi Əzizov üzləşdiriləcək. Onlar istintaqda bir dəfə üzləşdirilib. Məhkəmə-istintaq prosesində yenidən tərəflər dindiriləcək. 

İş adamı MTN-də şöbə rəisi olmuş M.Əsgərovun ona təzyiqlər etdiyini və var-dövlətinin əlindən aldığını bildirib. Elə rəsmi ittihamda da Əsgərov bir sahibkarı qorxudaraq ondan külli miqdarda pul almaqda suçlanır. 

Əldə etdiyimiz bilgilərə görə, şöbə rəisi MTN generalı Akif Çovdarovun tapşırıqlarına boyun əyib. Eyni zamanda MTN polkovniki, türmədə intihar edən İlqar Əliyevin də ona təlimatlar verdiyi deyilir. 

M.Əsgərovun vəzifəsi əks kəşfiyyatla bağlı olsa da, əsas iş prioritetləri asıb-kəsmək, təqib etmək, şantaj, hədə-qorxu ilə sahibkarları soymaq və başqa cinayət əməllərini həyata keçirmək olub. Çovarovla Əliyevin göstərişləri əsasında şöbə rəisi öz komandası ilə birgə hərəkət edib. 

M.Əsgərovun yaxın vaxtlarda başlanacaq məhkəməsində bir çox mətləblərin üstü açılacaq. MTN polkovniki özü də məhkəmədə çıxış etməkdə maraqlıdır. 

Politika.Az-a verilən məlumatda iddia olunur ki, şöbə rəisi özünü təmizə çıxarmaq üçün çıxışlar edəcək. Özünü günahkar hesab etməyən Əsgərov məhkəməsinin başlanmasını gözləyir. 

İddialara görə, MTN-dəki bandanın üzvləri arasında həbsdən yayına bilənlər var. M.Əsgərov da 17 oktyabr əməliyyatından sonra onlardan biri olub. Sonra ev dustaqlığı verilib. 

Çox çəkməyib ki, onun cinayətkar əməlləri sübuta yetirilərək həbs edilib. Maraqlıdır ki, onun valideynləri prezident İlham Əliyevə müraciətində övladlarının günahsız olduqlarını bildirmişdilər. 

Əzizovlar qeyd etmişdilər ki, Mirəziz Əsgərov Azərbaycan adlı dövlətin təhlükəsizliyi, ilk növbədə xaricdən gələn təhlükənin qarşısını almaqda polkovnik rütbəsinədək yüksəlmiş təmiz, vicdanlı və saf bir insandır: 

"Digərlərindən fərqli olaraq, Mirəziz Əsgərov Azərbaycanı, xalqı, dövləti və onun rəhbərlərini də xarici kəşfiyyata kilolarla qızıl-brilyanta, qutu-qutu valyutalara dəyişməyib. 
Həbs olunanadək yaşadığı Əhmədli qəsəbəsindəki ”xruşşovka” layihəli binadakı mənzili belə, qardaşlarının köməyi ilə alıb. Oğlumuzun həbs səbəbi anlaşılmazlıq, yaxud el arasında deyildiyi kimi "qurunun oduna yaşın da yanmasıdır”. 

M.Əsgərovun qərardan şikayətini isə Bakı Apelyasiya Məhkəməsi təmin etməyib. M.Əsgərov Cinayət Məcəlləsinin 182.3.2-ci (külli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu ilə tələb etmə), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 309.2-ci (vəzifə səlahiyyətlərini aşma), 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddələrinə əsasən təqsirləndirilir. 

Mətbuatda yayılan bəzi məlumatlara görə, Mirəziz Əsgərov əslən Cəlilabad rayonundadır. Onun deputat Fəzail İbrahimlinin qohumu olduğu bildirilir. 

Administratorla əlaqə

077 611-55-22

[email protected]