Energetika naziri Natiq Əliyev Enerji Xartiyasının baş katibini qəbul edib
"Dayanıqlı inkişaf üçün enerji” VII Beynəlxalq Forumunda iştirak məqsədilə
Bakıda səfərdə olan Enerji Xartiyasının baş katibi Urban Rusnak Azərbaycan
Respublikasının energetika naziri Natiq Əliyevlə görüşüb. Görüşdə Azərbaycanla
təşkilat arasında əməkdaşlıq məsələləri və Beynəlxalq Enerji Xartiyası ilə əlaqədar
proseslərdə əldə edilmiş nailiyyətlər və son dəyişikliklər ətrafında fikir
mübadiləsi aparılıb. Bildirilib ki, 2012-ci ildən Beynəlxalq Enerji
Xartiyasının hazırlanması prosesinə start verilib və yekun sənəd 2015-ci il may
ayında Haaqa konfransında 75-dən çox iştirakçı dövlət tərəfindən imzalanıb. Yenilənmiş
siyasi Bəyannamədə enerji təhlükəsizliyi daha geniş mənada - enerji istehsalçısı,
istehlakçısı, tranzit və enerji resurslarına məhdud çıxışı olan ölkələrin təhlükəsizliyi
aspektində təsbit olunub. Baş katib Urban Rusnak bu sənədin Enerji Xartiyasının
Müqaviləsində nəzərdə tutulan hüquqi normaların dəyişdirilməsi və ya genişləndirilməsi
üçün əsas olacağını diqqətə çatdırıb. Onun sözlərinə görə enerji ehtiyatlarının
tranziti üzrə çoxtərəfli çərçivə sazişinin hazırlanması Enerji Xartiyası üçün
xüsusi aktuallıq kəsb edir. Azərbaycanın tranzit ölkə kimi bu istiqamətdə əldə
etdiyi təcrübə bu prosesə mühüm töhfə verə bilər.
Energetika naziri Natiq Əliyev
dünyanın aparıcı şirkətləri ilə imzalanmış və Azərbaycanın beynəlxalq iqtisadi sistemə inteqrasiyasında
mühüm rol oynamış "Hasilatın Pay
Bölgüsü” və digər ikitərəfli sazişlərin ərsəyə gəlməsi tarixçəsindən danışaraq, həm bu sazişlərin, həm də tranzit ərazisinə
malik ölkə kimi imzalanmış digər çoxsaylı sənədlərin mühüm hüquqi baza yaratdığnı
qeyd edib. "Bu sənədlər bu gün mühüm dəyərə malikdir”, deyə Natiq Əliyev enerji
daşıyıcılarının tranziti ilə bağlı təcrübəni bölüşməyə və lazımı texniki dəstəyi
göstrərməyə Azərbaycanın hər zaman hazır
olduğunu diqqətə çatdırıb.
Urban Rusnak onu da əlavə edib
ki, qısa müddətdə enerji ixracatçısına çevrilməsi və qlobal enerji təhlükəsizliyi
sahəsində qazandığı statusu ilə Azərbaycan
Beynəlxalq Enerji Xartiyası tərəfindən
digər ölkələr üçün örnək kimi qəbul edilir. Baş katib növbəti 5 il müddətində
Azərbaycanla əməkdaşlığın daha dərinləşdirilməsi üçün yeni hüquqi sənədin
imzalanmasının vacibliyini vurğulayıb. O, 25-26 noyabr tarixində Yaponiyanın
paytaxtı Tokio şəhərində keçiriləcək
Enerji Xartiyasının 27-ci konfransında Azərbaycanın da iştirakının zəruri
olduğunu diqqətə çatdırıb.
Natiq Əliyev isə enerji sektorunda beynəlxalq əməkdaşlıq əlaqələrinin qurulması və inkişaf etdirilməsində Enerji Xartiyasının rolunu bir daha yüksək qiymətləndirərək, Azərbaycanla bu qurum arasında əlaqələrin inkişafı üçün lazımı tədbirlərin görüləcəyini bildirib. Daha sonra Enerji Xartiyası İnvestisiya Qrupuna Azərbaycan tərəfindən namizədin göndərilməsi və qarşılıqılı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
